Şamaxıda 3 uşaqlı ailə çadırda yaşayır
“İki gündür leysandır. Çadırımız, yorğan-döşəyimiz suyun içindədir. Balalarım soyuqdan əsir. Qorxuram ki, bu qışı onlar ağır xəstəlik tapsın. Çox çarəsizik”.
Şamaxıdakı Aşıq Məmmədağa küçəsindən ötənlər burada qurulmuş çadırı görməmiş olmaz. Bu çadır evsiz-eşiksiz Alpaşayevlər ailəsi üçün sentyabrın 5-də qurulub. Ailənin başçısı Elnur Alpaşayev Meydan TV-yə danışır ki, əziyyətlə tikdiyi ev zəlzələ və torpaq sürüşməsi nəticəsində 1 il əvvəl dağılıb. 3 azyaşlı övladı və həyat yoldaşı ilə qohumların evinə sığınıb. Bu il sentyabrın 4-də Elnur Alpaşayev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Qəbələdə keçirdiyi qəbul-görüşündə olub. Deyir, nazirin tapşırığından bir gün sonra FHN işçiləri onlara çadırı qurub.
Ev istədi, çadır qurdular…
“Mən nazirə ailə durumumuzu çatdırdım. Bildirdim ki, körpə uşaqlarla artıq qapılarda da saxlamırlar bizi… Bizə bir sığınacaq lazımdır. O da yanındakılara tapşırıq verdi ki, bizim üçün çadır məsələsini həll eləsinlər. Mənə bildirdi ki, müvəqqəti çadırda qalın, yaxşı olacaq,”- Elnur Alpaşayev deyir.
Onun sözlərinə görə, hər şey heç də nazirin dediyi kimi, yaxşı deyil. İki gündür başlayan yağış çadırın içinə dolur, körpə övladları yaş yorğan-döşəkdə yatmalı olur:
“Yağış suları çadırın üstünə, ordan da süzülüb çadırın içinə axır. Uşaqlar soyuqdan əsir. Evimiz dağılanda içəridən çıxara bildiyimiz əşyaları da qohum evinə yığmışdıq. Çadırı qurandan sonra çarpayı, stol, bir az da yorğan-döşəyimiziu gətirib bura yığdıq. Onlar da suyun içindədir. Uşaqlar soyuq, yaş döşəyin üstündə yatırlar. Hələ payızın ilk günləridir. Məşəqqətimiz qarşıdadır”.
Soyuq çadırdan təhsil ardınca…
Hər səhər 12 yaşlı Fəqanla 7 yaşlı Elşanə bu soyuq çadırdan çıxıb məktəbə – təhsil ardınca gedir. Bir də 4 yaşlı Rəvan var. Ata üç azyaşlını qışdan yaza necə salamat çıxaracaq, özü də bilmir:
“Hələ qış gəlməyib, gecələr çadırın içərisi buz kimi olur, FHN işçiləri dönə-dönə tapşırıblar ki, çadırda soba yandırmayaq, qaz balonu istifadə etməyək, çadır alışa bilər. Təhlükəsizlik qaydalarına əməl etməsək, çadırı əlimizdən alacaqlar. Bəs biz nə edək? Bu 3 tifilin canını necə isidək? Düşünəndə ki, qarşıdan şaxta, boran gəlir, canıma vəlvələ düşür”.
Elnur Alpaşayevin yerli icra hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, prezidentə və Birinci vitse-prezidentə yazdığı məktublar da cavabsız qalıb.
Rəsmi qurum: “Çadırda çox qalmayacaq”
“İlham Əliyevə də, Mehriban Əliyevaya da yazmışam ki, adamlar səhər-axşam evindən çıxıb çadırımızın böyründən gedir, gəlir. Biz də onlar kimi bu ölkənin vətəndaşlarıyıq. Bizim də evdə yaşamaq haqqımız var. Mən evimi satmamışam, qazanc əldə eləməmişəm. Evim təbii fəlakətdən dağılıb. Necə ki, başqalarına ev tikiblər, bizə də ev tikib versinlər. 2007-ci ildə min əziyyətlə ev tikdim, 4 ildən sonra – 2011-ci ildən gah zəlzələ, gah torpaq sürüşməsi qəzalı vəziyyətə saldı. Sonuncu torpaq sürüşməsində də tamamilə dağıldı. Bu, mənim günahımdır?”
Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, Aşıq Məmmədağa küçəsində torpaq sürüşməsindən qəzalı vəziyyətə düşən, yaxud tamamilə dağılan bir neçə ev var. Həmin evlərin sakinlərinin başqa yerə köçürülməsi, yaxud təmir-bərpa, yeni ev tikinti işləri ilə Fövqəladə Hallar Nazirliyi məşğul olur: “Rayonun Fövqəladə Hallar Komissiyası həmin evlərə baxış keçirib siyahıya alır, son qərarı nazirlik verir. İcra hakimiyyətinin bu işlərə qarışmaq səlahiyyəti yoxdur. Vətəndaş müraciət edib, ona müvəqqəti sığınacaq kimi çadır verilib, təbii ki, çadırda çox qalmayacaq, aidiyyəti qurum növbəti tədbirlərini görəcək”.