”İki dana satıb işə düzələnlər bizi ittiham edirlər”

”Vüsal Alış: “Araşdırmışam, Mayıl Bayramov ədalətsiz hakimdir”

Source:


”Vüsal Alış: “Araşdırmışam, Mayıl Bayramov ədalətsiz hakimdir”

Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov, Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin məhkəməsi davam edib.

Meydan TV-nin məlumatına görə, prosesdə təqsirləndirilən şəxs qismində çıxış edən Vüsal Alış iclasa sədrlik edən hakim Mayıl Bayramovu ədalətsiz adlandırıb. O, məhkəməyə etirazı ilə bağlı vəsatət verib:

“Araşdırmışam, Mayıl Bayramov ədalətsiz hakimdir”.

Vəsatəti hakimlər Rahib Salmanov və Samir Əliyev müzakirə ediblər. Təmin olunmayıb.

Daha sonra məhkəmə istintaqının başlaması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Əli Şahbazov bildirib ki, tutulandan sonra bilib ki, telefon silaha çevrilə bilər:

“Mənim üstümdən çıxan iki telefonu silah kimi rəsmiləşdirdilər”. Əmirəli Əliyev isə həbs olunmasının səbəbini bilmədiyini deyib:

“Mən telekanalda limonka görəndə əlim əsir. Məni niyə tutmusunuz?”. Nahid Qəhrəmanov istintaqın qərəzli aparıldığını deyib:

“İki dana satıb işə düzələnlər bizi ittiham edirlər”.

İsa İbrahimov isə deyib ki, bu işdə günahkar Lənkəranın icra başçısıdır:

“İttihamlar bizə yox ona yapışır”.

Proses yanvarın 19-da davam edəcək.

Adları çəkilən şəxslərin bir qismi “Müsəlman Birliyi” Hərəkatının üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə və onunla birlikdə mühakimə olunan 17 nəfərin məhkəməsi davam edir.

Elçin Qasımov isə Nardaran hadisələrindən öncə – noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıb və 30 sutka inzibati həbs cəzası alıb. Daha sonra barəsində cinayət işi başlanıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Qasımov Elçin Kamal oğlu Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 320.1, 320.2, 221.2.2 ve 315.1-ci maddələri, Yəhyayev Ağaəli Eldar oğlu 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə, Qəhrəmanov Nahid Nəsib oğlu, Şirvanov Seyfəddin Nurulla oğlu, Muradov Fərhad Mirzəhəsən oğlu, Əliyev Ramil Zabil oğlu, Axundov Elgün Ənvər oğlu, Alış Vüsal Nadir oğlu, İbrahimov İsa Tofiq oğlu, Aslanov Seymur Tərlan oğlu, Şahbazov Əli Atabala oğlu və Əliyev Əmirəli İsmayıl oğlu Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3-cü maddələri ilə ittiham olunurlar.

Təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər. Onlar istintaq zamanı işgəncə və təzyiqə məruz qaldıqlarını deyirlər.

Ana səhifəXəbərlər”İki dana satıb işə düzələnlər bizi ittiham edirlər”