Onlar polisə tabe olmamaqda ittiham edilirlər
AXCP fəalları Yaşar Fərazi və Rahib Qurbanov iyulun 4-də polisə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati qaydada həbs ediliblər.
Y.Fərazi yaşadığı Abşeron rayonunda saxlanılıb. Polis əməkdaşları onu evdən aparıblar.
Bu barədə “Turan” agentliyinə AXCP-dən bildiriblər.
Fəalın doğmalarına açıqlama verilməyib. Axşama yaxın onlar xəbər tutublar ki, Abşeron Rayon Məhkəməsinin qərar ilə Y.Fərazi 30 sutka həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsilə təqsirli bilinib.
O, küçədə ünvansız söyüş soyməkdə ittiham edilib.
Polis əməkdaşları onu sakitləşməyə çağırıblar, ancaq Y.Fərazi tabe olmayıb.
İyulun 4-də Suraxanı rayon təşkilatının sədr müavini Rahib Qurbanov analoji ittihamla həbs olunub. Onu polis şöbəsinə aparıblar, axşama yaxın 30 sutka həbs ediblər.
AXCP fəalların həbsinin siyasi sifariş olduğunu hesab edir. Partiyadan xatırladıblar ki, hazırda 10 nəfər AXCP üzvü cinayət ittihamı ilə həbsdədir.