Prezident bildirib ki, oyunların keçirilməsi üçün 14 şəhər seçilib
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı gələn 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarından danışıb.
Prezident bildirib ki, oyunların keçirilməsi üçün 14 şəhər seçilib və əsas oyunlar Gəncədə olacaq.
“Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara verilməlidir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılıb. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmayıb”,- Prezident deyib.
İlham Əliyev deyib ki, III MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir:
“Əgər biz 2015-ci ilin Avropa Oyunları ilə müqayisə etsək, o vaxt təqribən 5000-5500 iştirakçı var idi. Gəncə şəhərində isə 7000 iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün əlbəttə ki, şərait yaradılmalıdır və müvafiq göstərişlər verildi. Gələn ildən başlayaraq Gəncə şəhərində çox böyük təmir-bərpa işləri aparılacaq. Həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək. Əminəm ki, bu Oyunların ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr göstərəcəklər”.
I Avropa Oyunları Bakıda 2015-ci ildə keçirilib və rəsmi olaraq bu idman yarışının tam büdcəsi planlaşdırılmamış xərclərlə birlikdə 1 milyard 174 milyon manat təşkil edib. Amma qeyri rəsmi iddialara görə, həmin yarışların təşkilinə görə ölkədə daha çox pul xərclənib.
2017-ci ildə paytaxtda keçirilən İslam Həmrəylik Oyunları üçün isə 100 milyon dollarlıq büdcə nəzərdə tutulduğu açıqlanmışdı.
Üstəlik, 2016-cı ildən bəri “Formula 1” yarışlarına ev sahibliyi edən Azərbaycan bu yarışların təşkilinə də milyon manatlarla vəsait xərcləyir. Lakin ümumilikdə rəqəmlərin detalları ictimaiyyətə açıqlanmır.
Təkcə 2023-cü ildə dövlət büdcəsindən beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərin maliyyələşdirilməsi üçün 208.9 milyon manat ayrılıb. 2024-cü ildə bu rəqəm 234.7 manat proqnozlaşdırılıb.
Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, beynəlxalq idman yarışları ölkəyə xeyli turist cəlb edir, büdcəyə milyonlarla gəlir gətirir. Hərçənd, bəzi ekspertlər də gəlirin qazancdan dəfələrlə az olduğunu iddia edirlər.
III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi qərarı 2021-ci ildə MDB-yə üzv ölkələrin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş iştirakçılarının birgə keçirdikləri növbədənkənar iclasında qəbul olunub.