İfşa asan iş deyil

“Milli dəyər” olmuş bütlər

Source:



– Bax, Volodya, heç bilirsən bizim cəmiyyətin mənəvi avtoritetləri, belə deyək, “xalqın vicdanı” kimdir? Sovet zamanının titullu yazıçıları!



Adamın matı qurudu, deyəsən heç inana da bilmirdi:



– Necə yəni? Kim, sovet yazıçıları?! “Xalq yazıçıları”?!

Bizim cəmiyyətdə total savadsızlıq hökm sürür – bu, quru fakdır. Amma bu total savadsızlığın özü ilə gətirdiyi nəsnələr həm də “milli dəyərlərə” çevrilib – bu, artıq faciədir.

Ən çətini, ən mürəkkəbi və ən acısı da bu tipli “milli dəyərlərə” qarşı çıxmaqdır. Bunu çox adam heç anlamır, onların fikrincə məsələ sadəcə mövcud hakimiyyətin tənqidi və ifşası ilə bitməlidir, çünki bu cəmiyyətdə baş verən bütün mənfi hallar yalnız bu iqtidarın günahıdır. Günahı olması fikri ilə razılaşmamaq olmaz, çünki 20 il hakimiyyətdə olanlar istənilən halda hesabat verməlidir. Amma indi mövzu bu haqda deyil.

Seymur Baycanın gündəmə çıxardığı Bəxtiyar Vahabzadə məsələsində nə qədər adam təkərə düşdü.

Bizə “milli dəyər” kimi sırınmış bütlərin ifşası dediyim kimi, əsla asan iş deyil. Öncə ona görə çətindir ki, onların ümumiyyətlə, boş büt olduğunu görmək və anlamaq lazımdır. Çünki bizim hər birimiz bu cəmiyyətin yetişdirməsiyik, Marsdan uçub gəlməmişik və bu dilin daşıyıcıları kimi, bizə də bunlar lap kiçik yaşlarımızdan yeridilib. Amma məsələ burasındadır ki, bununla da iş bitmir, bundan sonra bu büt haqda danışmaq, onun boş bir büt olduğunu anlatmaq lazımdır – bu iş isə daha da çətindir. Çünki bu bütlər istər hakimiyyət, istər müxalifət, istərsə də cəmiyyətin bütün təbəqələri tərəfindən apriori olaraq qəbul edilmişdir.

Azərbaycanda lap kiçicik körpə də bilir ki, tutalım Bəxtiyar, dahidir, müstəsnadır, ucadır, klassikdir, korifeydir, tutalım Seymur kimdir ki, onun haqda söz desin, onu tənqid edə bilsin, kim?! “… Dünənki gədə görün gəlib kimə meydan oxuyur… Tariximizi korlayan bu gənə qurdlarından xilas olmaq üçün dövlətimizin müvafiq qurumları təcili tədbirlər görməlidir…”

Bunu kimin deməsini, indiyə kimi nə oyunlardan çıxmasını, özü kimilərinin bu illər ərzində bu xalqın başına nələr gətirdiklərini də heç yazmıram. Onun nəzərdə tutduğu “müvafiq qurumlar” haqda da, görüləsini zəruri saydığı necə bir “təcili tədbirlər” barədə də heç bir şübhəm yox. Amma məsələ yenə də bunda deyil.

Bu sitatı istənilən büt haqda nəsə deməyə cəsarət etmiş istənilən kəs haqda balaca uşaq da, nazir də, milyon verib icra başçısı olan da, deputatxanda oturan da, “tamojna” rüşvətxoru da, “ziyalı” da, səkkiz milyardı “Avropa oyunlarına” xərcləyən də, otuz milyona 3 kilometr yol çəkən də, kosmik gəmi qiymətinə körpü tikən də, toyxanaçı da, meyxanaçı da, müğənni də, yaltaq da, təlxək də, cəllad da, inkvizitor da, şilləvuran da, idmançı da, qoçu da, “mülki geyimli” də, “bandaddel” də, jek müdiri də, jurnalist də, tarixçi də, professor da, polis də, yazıçı da, bazarda pendir satan vətəndaşımız da deyə bilər. Çünki hamısı bunu çox əla bilir, tənqid olunan yazarın bircə cümləsini də oxumadan, çox dəqiq bilir hamısı bunu.

Bir cəmiyyət üçün ki, “Azərbaycanın yüksəliş dövrü 70-ci illərə təsadüf edir” cümləsi nonsens olmasın, daha nə haqda danışa bilərik, nəyin müzakirəsini aparmaq olar? Heç bir koqnitiv dissonans keçirmədən məhz həmin dövrlərdə büt olmuşların saymaqla bitməz bütün titullarını sayıb, sonra da elə onun haqqında dissident, xalqın şairi, “əyilməz vicdanın böyük heykəli” olması haqda danışırlar. Ardı bir kimsəni ilgiləndirməz.

Xatirimə 2014-ün baharı gəlir. Kiyevdəki “Maydan” hadisələri zamanı, Krım referendumundan bir gün öncə, bir ukraynalı musiqiçi həmkarımla orada dayanıb bu hadisələr haqda danışırdıq. Dostum gözlərində kədərli ifadə ilə gülümsəyərək:

– Aydındır ki, sabah Krımdakı “referendum”un nəticələri nə olacaq, amma bunun artıq əhəmiyyəti yoxdur… Əsas odur ki, biz azad olacağıq, xalq hamınısı artıq anlayıb, kimin kim olduğunu görür, onu artıq aldatmaq mümkün olmayacaq, başlıcası bax budur.

Başımı bulayıb gülümsədim. Sual etdikdə:

– Sizi bilmirəm, bizə, bizim cəmiyyətin nəyisə anlamağına hələ çox-çox qalıb.

Dostumun təəccüb və sual dolu (yəni ki, aksiomadır, anlayası daha nə var ki?) baxışlarına cavabda:

– Bax, Volodya, heç bilirsən bizim cəmiyyətin mənəvi avtoritetləri, belə deyək, “xalqın vicdanı” kimdir? Sovet zamanının titullu yazıçıları!

Adamın matı qurudu, deyəsən heç inana da bilmirdi:

– Necə yəni? Kim, sovet yazıçıları?! “Xalq yazıçıları”?!

– Bəli, elə sən tanıdığın həmin sovet “xalq yazıçıları”, “xalq şairləri”, onlar axı sovetin hər yerində inkubatordan çıxmış kimi eynitipli idilər axı. Yəni Ukraynada heç bir “mənəvi avtoritet”ə çevrilmiş “xalq yazıçınız” yoxdur?

– Yox! Ola da bilməz axı!

Adam nə dediyimi anlamadı, anlaması mümkün də deyildi, necə anladaydım? Sofia Coppola’nın “Tərcümənin mümkünsüzlüyü” filmi haqda bəlkə yüz dəfə söhbət açmışam, lütfən gedin, baxın, bir daha təkrar etmək istəmirəm. Məsələnin faciəli tərəfi oradadır ki, bu “tərcümənin mümkünsüzlüyünün” ən böyüyünü xaricilərlə yox, öz insanlarımız, öz cəmiyyətimizlə təmasda keçiririk. Doğrudanmı, bu cəmiyyəti görmək arzusundaydınız, hörmətli xanımlar və cənablar?!


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim Fikrimcəİfşa asan iş deyil