İfrat sağçı “Almaniya üçün Alternativ” Partiyası (AfD) fevralın 23-də keçirilən Almaniya parlament seçkilərində ən yaxşı nəticəsini əldə edib və təxminən 20 faiz səslə ikinci olub. Bu isə dörd il əvvəl əldə etdiyi nəticədən təxminən iki dəfə artıqdır.
AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak məqaləsində yazır ki, mərkəzçilərin iqtidarda olduğu bir çox Avropa paytaxtlarında, eləcə də Almaniyanın özündə rahat nəfəs alacaqlar – səsvermənin nəticələri rəy sorğularının çoxdan proqnozlaşdırdığı ilə üst-üstə düşüb.
Dünyanın ən varlı adamı İlon Maskın, eləcə də həm ABŞ, həm də Avropadan olan ifrat sağçı populist liderlərin açıq dəstəklərinə baxmayaraq, AfD sağ mərkəzçi Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı (CDU/CSU) blokundan geridə qalıb. CDU/CSU 28.5 faiz səs toplayaraq birinci yerdə qərarlaşıb.
CDU lideri Fridrix Merts bildirib ki, o, yalnız bir koalisiya tərəfdaşı olmasını üstün tutur. Bununla o, əvvəlki Almaniya hökumətini erkən seçkilərə gətirib çıxaran çətin üçpartiyalı koalisiya quruluşundan qaçmaq istəyir. Gözlənildiyi kimi, hökuməti formalaşdırmaq vəzifəsi F.Mertsin üzərinə düşəcək. Dəqiq olanı odur ki AfD — 20.8 faiz səs toplayan partiya — bu danışıqlarda iştirak etməyəcək, çünki Almaniyanın digər əsas siyasi partiyaları bunu rədd edir.