İdris Tekiş: Pulgir olsaydıq, qardaşım əvvəlcədən pulunu istəyərdi

”Qardaşım Bakıda hansı biznesi qurub, ya da iş görür, isbat etsinlər”

Source:


”Qardaşım Bakıda hansı biznesi qurub, ya da iş görür, isbat etsinlər”

Baş nazirin müavini Əli Həsənovun köməkçisi Ramin Talıblı Türkiyə vətəndaşı İdris Tekişin dediklərini yalanlayır.

İdris Tekiş Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi qəza nəticəsində xəsarət alan Türkiyə vətəndaşı Mutallib Tekişin qardaşıdır.

Nail Allahverdiyev 2017-ci il, avqustun 3-də Bakının Heydər Əliyev prospektində “Gelandewagen” markalı avtomobili ilə yol qəzası törədib. Nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan ikisi Türkiyə vətəndaşları, Muttalib Tekiş və Songül Tekiş olub. Mutallib Tekişin qardaşı İdris Tekişin

Meydan TV

-yə verdiyi məlumata görə, hadisədən sonra Əli Həsənov və Nailin atası Elman Allahverdiyev yaralananların bütün xərclərini üzərlərinə götürməyə söz veriblər. Lakin bir müddət sonra bu yardım dayanıb və Türkiyə vətəndaşlarına da bildirilib ki, istəyirsiz məhkəməyə verin, artıq yardım edilməyəcək.

İdris Tekişin sözlərinə görə, əgər yardımlar davam etməsə, ailə üzvləri ayağa qalxa bilməyəcəklər.


Baş nazirin köməkçisi

nin yaydığı açıqlamada İdris Tekişin dediklərini “yalan və şantaj xarakterli” məlumatlar adlandırıb:

“İdris Tekişin Meydan TV-yə təqdim etdiyi məlumatlar tam yalan və şantaj xarakterlidir. Onun təqdim etdiyi fotolar və görüntülər 2017-ci ilə aiddir və hal-hazırdakı vəziyyəti əks etdirmir.

Mutallib Tekiş müalicələrini tamamlayıb və 4 ay bundan əvvəl Bakıya gələrək öz biznesi ilə məşğuldur. Mutallib Tekiş kimi onun həyat yoldaşı Songül Tekişin də özləri tərəfindən seçilmiş Türkiyədə yerləşən xəstəxananın bütün müalicə xərcləri Elman Allahverdiyev tərəfindən ödənilmiş və reabilitasiya dönəmini başa vurmuşdur. Həmin xəstəxanan baş həkiminin xahişinə uyğun olaraq, Songül Tekişin 2 aylıq əlavə profilaktik müayinə – müalicə məsələləri ilə bağlı xəstəxana ilə danışıqlar aparılır.

Əlavə olaraq bildiririk ki, videoda “emosianal” çıxış edən İdris Tekiş qəzaya düşən Mütəllib Tekişin qardaşıdır. Mütəllib Tekiş və onun həyat yoldaşının müalicəsi üçün Nail Allahverdiyevin atası Elman Allahverdiyev tərəfindən verilən maliyyə yardımı hesabına İdris özünə şəxsi nəqliyyat vasitəsi almışdır.

Burada sual əmələ gəlir, nəyə görə danışmaq iqtidarında olan, Azərbaycana tez-tez səfər edən Mutallib Tekiş yox, onun qardaşı video görüntü paylaşır? Nəyə görə 2 il bundan əvvəl baş vermiş qəza ilə bağlı məsələni yenidən gündəmə Meydan TV gətirir?

Bunlar ona əsas verir ki, İdris Tekiş Meydan TV ilə əlbirdir və şantaj yolu ilə Elman Allahverdiyevdən maliyyə vəsaiti tələb etmək istəyirlər”.

Ramin Talıblının açıqlamasına münasibət bildirən İdris Tekiş Meydan TV-yə deyib ki, ona göndərilən pulun hər miqdarının qarşılığını isbat etməyə hazırdır:

“Avtomobil məsələsinə gəlincə, köhnə maşınımı satdım, kredit götürdüm və 28 min lirəyə aldım. Qardaşımın da Ankaraya müalicəyə getməsi üçün belə bir maşına ehtiyacı vardı. Çünki həkimi təyyarəyə minməyə icazə vermirdi”.

İdris Tekiş qardaşının Bakıya getməsinə də aydınlıq gətirib:

“Muttalib 1 ildir xəstəxana xərclərini özü qarşılayır. Onlar sadəcə gəlinimizin xəstəxana xərclərini ödəyirdilər. Bütün bunlar xəstəxana qəbzinə əsasən ödənilirdi. Qardaşımın əməliyyat xərclərini ödəmədiklərinə görə Bakıya gedib onlarla görüşmək istədi. Eyni zamanda əvvəllər iş gördüyü firmalarla görüşməyi də planlayırdı. Ancaq Əli bəylə görüşməsinə imkan verməyiblər. Qardaşım Bakıda hansı biznesi qurub, ya da iş görür, isbat etsinlər. Bu gün maddi çətinlik içərisindədir, ailəsi pərişan vəziyyətdədir. Onlar pulu ödəmədikdən sonra Ankaraya gedib vəziyyəti xəstəxanaya anlatdıq və Adanaya geri döndük. Biz bir dövlət böyüyünü şantaj edəcək qədər hədsiz deyilik. Pulgir olsaydıq, qardaşım əvvəlcədən pulunu istəyərdi. Əllərində belə bir sənəd varmı? Xəstəxanada zorla qardaşıma 40 min verdilər, uşaqlara hədiyyəmizdir dedilər. Gəlinimizin 2 aylıq xəstəxana xərclərini ödəməyincə, qardaşımı arayıblar. Xəstəxana rəhbəri Fazil adlı şəxslə danışıb, o da yalnız bir ayın pulunu ödəyəcəklərini, artığını verməyəcəklərini deyib. Buna görə də xəstəxana fevralın 2-də gəlinimizi evə buraxıb. Sağaldığı üçün deyil, yanvar ayının xərclərini ödəmədikləri üçün evə buraxılıb. Qardaşım axsasa da, yeriyə bilir, amma o, dizlərindən və səs tellərindən əməliyyat olunmalıdır. Ağciyərlərində həyati təhlükə olduğundan həkimlər risk almaq istəmədilər. Qardaşımda yüksək təzyiq var, bu qəzadan sonra oldu. İndi dərman qəbul edir, stresə girməməsi lazımdır. Yəni artıq qardaşım bilmir xanımının, uşaqlarının sıxıntısıyla başa çıxsın, yoxsa öz vəziyyətilə, Afrikada itirdiyi işi ilə”.

Ana səhifəXəbərlərİdris Tekiş: Pulgir olsaydıq, qardaşım əvvəlcədən pulunu istəyərdi