Ziyafət Həsənova: “Əlimizdə səs yazısı da var, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə şikayət etmişik”
Gəncə sakini Ziyafət Həsənova bu şəhərin Baş Polis İdarəsinin əməkdaşlarından şikayətçidir. Deyir ki, rüşvət almaq məqsədilə adamları şərləyir, işgəncə verirlər. Növbəti qurban da oğlu Fariz Musayev olub.
“Oğlumu elə döymüşdülər, qolu sınmışdı”
37 yaşlı Fariz Musayev noyabrın 22-də saxlanıb. Gəncə şəhər Baş Polis İdarəsində onun barəsində cinayət işi başlanıb. İddia olunur ki, Fariz Musayevin üzərində 2 qramdan artıq narkotik maddə tapılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb.
Anası isə deyir ki, yalandır, oğlunu şərləyiblər. Bu məsələnin də kökü bir neçə ay əvvələ gedib çıxır. Ziyafət Həsənovanın sözlərinə görə, aprel ayında, Farizin doğum gününün axşamı onu saxlayıblar:
“Onu baş idarəyə aparıblar. Orada elə döyüblər ki, xəsarət izləri indi də qalır. Qolu sınmışdı, həkim rəyi də var. Onda oğlumun da tanıdığı polis işçisi Səbuhinin vasitəsilə Şahin Şıxəliyevə 800 manat pul verdik. Xəsarətlər vardı deyə, buraxmadılar, məhkəmədən 10 sutkalıq həbs qərarı aldılar”.
“Deyib ki, imkan verin, heç olmasa, əynimdəki şortiki dəyişim”
Ziyafət Həsənova bildirib ki, oğlu idmançıdır. Evlənənə qədər davakar, çılğın olub. Elə buna görə də diqqət mərkəzinə düşüb. Amma tamamilə narkotik və pis vərdişlərdən uzaq biridir. Əksinə, tanıdığı gənclərin narkotikə bulaşmaması üçün əlindən gələni edir, onları çəkindirməyə çalışır.
Fariz Musayevin bundan əvvəl də bir dəfə narkotiklə şərləndiyini, lakin məhkəmədə onun günahsızlığının sübuta yetirildiyini və bəraət aldığını deyən ananın sözlərinə görə, bu il sentyabrın 21-də oğlunu yenidən saxlayıblar:
“Şahin 10 min manat pul istədi. Oğlum idmançıdır deyə, elə bilirlər varımızdı. İnanın, iki gün ərzində 2500 manata yaxın pulu qohum-əqrəbadan zorla toplayıb apardıq. Dedilər ki, bu nədi gətirmisiz? Götürmədilər. İki gün sonra oğlumu buraxdılar. Sən demə, bu tərəfdən buraxıb, o biri tərəfdən də axtarışa veriblər. Özünün də xəbəri olmadan. Görünür, qisas almaq üçün tələ hazırlayırmışlar. Noyabrın 22-də səhər evdə olanda qapı döyülüb. Baxıb görüb ki, idarədə işləyən, oğlumun da tanıdığı Səbuhidir. Qapını açanda görüb ki, Şahin də oradadır. Onda başa düşüb ki, Şahin varsa, deməli, yenə də ona qarşı nəsə hazırlayıblar. Aparıb ya boynuna nəsə qoyacaqlar, ya döyəcəklər. Deyib ki, imkan verin, heç olmasa, əynimdəki şortiki dəyişim. O aparan, iki gün saxlayandan sonra dedilər ki, külli miqdarda narkotik ittihamı veriblər. Səhər yerindən durub, polislərlə birlikdə idarəyə gedən adam üstündə narkotik aparar?”
Məhkəmə həbsə göndərməkdən imtina etdi
Fariz Musayevin istintaq dövründə həbsdə saxlanması üçün məhkəməyə təqdimat verilib. Noyabrın 24-də axşam saat 18 radələrində Gəncənin Nizami Rayon Məhkəməsində həmin təqdimata baxılıb. Ana Ziyafət Həsənova bütün bunları Meydan TV-yə elə həmin vaxt – məhkəmənin qarşısında dayanıb, oğlundan xəbər gözlədiyi vaxtda danışırdı:
“İki azyaşlı uşağı var, biri 2, o biri də 5 yaşında. Atasını istəyirdi, aldatmışıq ki, əmisi xəstədir, ona baxmağa gedib. Bu zülmü Allah götürməz…”
Hakim Roman Ələkbərli təqdimatı təmin etməyib və Fariz Musayevin barəsində həbs qərarı çıxarmaqdan imtina olunub. Fariz Musayev həbsdən buraxılsa da, onun barəsindəki cinayət işi üzrə istintaq davam edir.
Ziyafət Həsənova deyir ki, oğlunun həm döyülməsi, həm də ondan rüşvət tələb olunmasıyla bağlı ərizəsi var. Eyni zamanda, əllərində bunu təsdiqləyən səs yazısı da var. Onlar Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə şikayət ediblər, səs yazısı da şikayətə əlavə olunub.
Gəncə Şəhər Baş Polis İdarəsindən iddiaları təkzib ediblər. Bildiriblər ki, cinayət işi davam edir, araşdırma aparılır.
Fariz Musayevin vəkili Zabil Qəhrəmanov Meydan TV-yə müvəkkilinin bundan əvvəl də narkotik ittihamıyla bəraət aldığını təsdiqləyib. Bu dəfə də müvəkkilinin təqsirsizliyinə əminliyini vurğulayan vəkil bildirib ki, ona qarşı qanunsuzluqlarla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət olunub:
“Ümid edirik ki, şikayətlərimiz obyektiv araşdırılacaq. Çünki haqlı olduğumuzu təsdiqləyən xeyli sübutlarımız var”.