“Azərbaycanda idmana “diqqət və qayğı” bütün anti-demokratik rejimlərə xas olan “diqqət və qayğı”nın davamıdır”
Azərbaycan dövlətinin idmana qayğısı “yeni azərbaycanlılar”ın seçki dövrlərində əsas təbliğat ruporu hesab edilir. İdmançılar yalnız YAP-çıların namizədinin seçki kampaniyasında çıxışlar etmir, həm də müxalifətin icazəsiz adlandırılan mitinqlərində təzyiq vasitəçi kimi istifadə olunurlar. Son 10 ildə tikilən idman kompleksləri isə gənclərin idmana marağını artırmaqla bərabər ölkədə qeyri-ənənəvi dini cərəyanlara meyll də gücləndi.
Bir çoxları idmana qayğının gənclərin qeyri-ənənəvi dini cərəyanlara meylinin qarşısının alacağını düşünürdü. Ancaq şiə Azərbaycanında xəvariclərin, ictimaiyyət arasında vəhhabilər adlananlara idmançıların kütləvi qoşulması gələcəyimizə yaxşı heç nə vəd etmir.
Konkret misallara gəlincə, bir müddət əvvəl peşəkar güləşçi, respublika yarışlarında yüksək nəticələr əldə etmiş, o cümlədən, ölkə çempionatında bir neçə dəfə birinci və ikinci yerə layiq görülmüş Rəşad Baxşəliyevin adını çəkə bilərik. O, İsmayıllı rayonundan olan 5 nəfərlə Suriyaya yola düşüb, məqsədi İŞİD-ə dəstək olmaqdır. Ailəsini və körpəsini də özüylə aparan R.Baxşəliyev İsmayıllı Olimpiya-İdman Kompleksində güləş üzrə məşqçi işləyib. Yunan-roma güləşi üzrə Azərbaycan çempionu Ceyhun Bayramov mart ayında Suriyada öldürüldü. O, Sumqayıt şəhəri, 41-ci məhəllədə yaşayırdı. Ceyhun Bayramovun bacısının ərinin də Suriya müharibəsində həlak olduğu bildirilir.
Nəhayət, başqa bir idmançı, qaydasız döyüş üzrə idman ustası, “Cundullah Azəri” ləqəbi ilə tanınan, 1987-ci il təvəllüdlü İbrahim Kərimov Qax rayonundan Suriyaya gedib. Həyat yoldaşını və 3 uşağını da özüylə Suriyaya aparan İbrahim Kərimov öldürüləndən sonra onun ailəsiylə əlaqə kəsilib.
Beləliklə, siyahını artırmaq da olar. Amma məqsədimiz heç də o deyil. Biz hökumətin xüsusi qayğıyla yanaşdığı idmançılarımızın hansı səbəblərdən qeyri-ənənəvi dini cərəyanlara üz tutmalarının suallarını tanınmış yazarlara ünvanladıq.
“Bu aldanışın başlıca səbəbləri toplumda güvənli həyat, ədalət olmaması, həm də təhsilin aşağı səviyyəsidir”
Mövcud situasiyanı Meydan TV-yə şərh edən tanınmış köşə yazarı Şahvələd Çobanoğlu hesab edir ki, bir ölkədə azadlıqlar, müasir çağın tələblərinə cavab verən təhsil, səhiyyə, sosial həyat olmadıqda, insanlar ədaləti tapmadıqda, öz gələcəklərini görə bilmədikdə asanlıqla müxtəlif radikal dini cərəyanların, kənardan olan missiyaların təsirinə düşə bilir.
Ş.Çobanoğlunun sözlərinə görə, insan öz toplumunun ədaləti və dəyərləri içərisində güclüdür: “Bu güvən olmadıqda hər kəs kənar təsirlərə davam gətirmir. Dini təmayüllərə meyll isə dünyada ən geniş yayılmışıdır.
Çünki insanlara ən gözəl hekayəni vəd edir, xüsusən sabahı görə bilməyən, qeyri-müəyyənlikdə, çarəsizlikdə qalanlar asanlıqla verilən vədlərə inanıb təsir altına düşürlər. Onlar öz cəmiyyətlərində heç kim də olurlar, baxmayaraq ki, keçmiş uğurları ola bilər. Amma dumana bürünüblər, sabahı görə bilmirlər, bu zaman kənar təsir onlara vədlər verir. Bu aldanışın başlıca səbəbləri toplumda güvənli həyat, ədalət olmaması, həm də təhsilin aşağı səviyyəsidir. Çünki aşağı təhsilli insanları çox tez aldatmaq mümkündür”.
Fəsadlara gəlincə, yazar bildirdi ki, istənilən toplum kənar təsirlərin poliqonuna çevrilir. Söhbət heç də təkcə dini radikal qrupların təsir altına düşməsindən getmir. Bu, qonşu ölkələrin təsirində olan qüvvələrin, siyasi təmayüllərin yetişdirilməsinə qədər formalaşa bilər. Həm də o mənada təhlükəlidir ki, artıq bu ölkənin insanı ayaqüstə dayana bilmədiyindən onu asanlıqla kənardan idarə edirlər. Onların arasında Suriyaya döyüşməyə gedənlər də var, müxtəlif dini qruplara qoşulanlar da var. Bir çox adamların isə səsini heç eşitmirik, çünki həyatları faciəylə bitir. Bu, Azərbaycan insanının faciəsindən doğur.
“Vəhhabiliyin idmançılar arasında yayılması taktikası Türkiyədən gəlib”
“Yeni Müsavat”ın daha çox dindən yazan əməkdaşı Kənan Rövşənoğlu bildirdi ki, müstəqillikdən sonra dini təbliğat azadlığı fonunda Azərbaycanda bir sıra nisbətən yeni cərəyanlar da təbliğata başladı. Nurçuluq (müxtəlif qolları), sələfilik və digər İslam dini cərəyanları da ənənəvi cərəyanlarla yanaşı xeyli dərəcədə sərbəst şəkildə fəaliyyətə başladılar. Ancaq ənənəvi dini cərəyanlar çox tezliklə təbliğatda uduzdular. Bunun bir sıra səbəbləri var: “Birincisi, yeni cərəyanların arxasında güclü təbliğat təcrübəsi, güclü maliyyə imkanlarına malik cəmiyyətlər, dövlətlər vardı.
Bunun sayəsində onlar çox tezliklə təbliğatda önə çıxdılar. İkinci mühüm amil ənənəvi dini qurumlar idi. Yerli ənənəvi İslam dini təşkilatları zəif təbliğat apardılar. Üstəlik ənənəvi metodlar, sovetdən qalma dini idarəçilik və savadsız ruhanilər faktoru özünü göstərirdi. Bu səbəbərdən çox tezliklə Azərbaycanda yeni İslam cərəyanları sürətlə yayıldı. Çünki yeni gələnlər daha yaxşı hazırlıqlı idilər, ənənəvi, gözdən düşmüş ruhanilərdən xeyli yeni şeylər söyləyirdilər. Üstəlik bu təbliğatın təqdim etdiyi din kifayət qədər cəlbedici idi”.
Vəhhabiliyin idmançılar arasında yayılması məsələsinin izahınna gəlincə, o, bildirdi ki, bu taktika daha əvvəl Türkiyədə tətbiq olunub.
“Bir sıra camaatlar əsas cəmiyyətin aparıcı qrupları, o cümlədən sosyete, hərbi, elmi dairələrdə təbliğat qurur və daha böyük keyfiyyət üstünlüyünə nail olurdular. Bu, düşünülmüş taktika idi. Azərbaycanda da nurçular, sələfilər bu metoddan istifadə edirdilər”,-deyə Kənan Rövşənoğlu fikrini tamamladı.
“Rejim şairdən tamada, alimdən falçı, siyasətçidən təlxək, idmançıdan qoçu, molla düzəldir”
Tanınmış köşə yazarı Elnur Astanbəyli sualımıza böyük şair Hüseyn Cavidin “Mədəniyyət, mədəniyyət, yalnız mədəniyyət!” fikriylə cavab verərək bildirdi ki, hakimiyyət Azərbaycanda bunu “İdman, idman, yalnız idman!” şüarına çevirdi.
“Elə bir vəziyyət yarandı ki, idman karyera qurmağın, komfort həyat əldə etməyin əsas vasitəsi kimi qəbul edilməyə başlandı. Zaman keçdikcə idmançılar özünü “seçilmişlər” kimi hiss etdilər, onlara tanınan üstünlüklər, onlara verilən imtiyazlar beyinlərini dumanlandırdı. Başladılar “şıltaqlığa”.Bir də gözümüzü açıb gördük ki, bunlar guya beynəlxalq turnirlərdə dalğalandırmağa
söz verdikləri Azərbaycan bayrağını mitinqlərdə tapdamaqla, o bayrağı dalğalandıran mitinqçiləri qadın, yaşlı demədən yerlərdə sürüməklə, bir növ yeni “qoçu Əsgər” obrazına bürünməklə məşğuldurlar. Sonra onların səsi bar razborkalarından, restoran davalarından, toylarda musiqi “zakaz”ına görə yumruqlaşmalardan, qız üstündə bıçaqlaşmalardan gəlir. İndi isə onlar arasında vəhabiliyin sürətlə yayıldığı məlumatları gəlirsə, buna da təəccüblənməmək lazımdır”, – deyə Astanbəyli bildirdi.
O, ekzistensialist yazıçı Alber Kamyunun çox sevdiyi “bütün pisliklər cahillikdən doğur” fikrini xatırladaraq dedi ki, Azərbaycanda idmana “diqqət və qayğı” bütün anti-demokratik rejimlərə xas olan “diqqət və qayğı”nın davamıdır: “Belə rejimlər “biləyin gücü” ilə ayaqda qaldıqları və onların ən böyük qorxusu “biliyin gücü”ndən olduğu üçün toplumu məhz güləş döşəyinə, boks rinqinə fokuslaşdırırlar, nəinki universitet auditoriyalarına, kitabxanalara, teatra… Baxın, Azərbaycanda Bədən Tərbiyəsi Akademiyasına qəbul olunmaq üçün az qala heç bir savada ehtiyac yoxdur, beş-on balla belə oraya qəbul olunmaq mümkündür. Nəticədə, hansısa beynəlxalq yarışda Azərbaycan himnini səsləndirməkləri bizə az qala “fenomenal hadisə” kimi təqdim olunan idmançılarla sorğuda o himni əzbər bilmədikləri, musiqisini, sözlərini yazan adamları yerli-dibli tanımadıqları məlum olur. Keçənlərdə hansısa saytda bir sorğu ilə rastlaşmışdım, orada bir idmançıdan soruşurlar ki, 31 mart təqvimdə Azərbaycan üçün hansı anlam ifadə edir, bu da çıxıb cavab verir ki, müstəqillik günüdür. Bax bizdə idmançı adına belə bir təbəqə yetişdirilib, indi onların adlarının qanlı cinayətlərdə, yaxud hansısa radikal dini təriqətlə birgə hallanmasına niyə təəccüblənirik? Onların qarşımıza gah molla, gah qoçu kimi çıxmasında hansı qeyri-adilik axtarırıq? Yaşananlar məntiqi sonluqdur. Yalnız “əzələ şişirtməklə” idmanın real inkişafı mümkün ola bilməzdi, necə ki, rəqəmləri şişirtməklə iqtisadi inkişaf olmur”.
Elnur Astanbəyli onillərlə təbliğatı aparılan, böyük pulların xərcləndiyi idman siyasətinin iflasa uğradığını hesab edir.
“Bunun belə olacağı da əvvəldən bəlli idi. Yalnız pulun, hakimiyyətin qüdrətinə, Sistemin maraqlarının ifadəsinə dayanan hər bir “inkişaf” belə sonluğa məhkumdur: o axırda şairdən tamada, alimdən falçı, siyasətçidən təlxək, idmançıdan qoçu, molla düzəldir”,- deyə Astanbəyli fikrini tamamlayıb.