“Kimsə mənə yaxınlaşsa, özümü yandıracam”
Avqustun 11-də Azərbaycanın Uşu-Sanda milli komandasının sabiq üzvü Emin Qafil oğlu İsmayılov Gənclər və İdman Nazirliyinin önündə təkbaşına aksiya keçirib. Bu barədə özü səhifədə video paylaşıb.
O, nazirliyin önünə benzin töküb və deyib:
“3 ildir ki, məni süründürürsüz, dinləmirsiz. Əgər cəsarətiniz varsa, mənə yaxınlaşın, kimsə mənə yaxınlaşsa, özümü yandıracam”.
Polislərin müdaxiləsindən sonra idmançı hadisə yerindən uzaqlaşdırılıb. Yaxınlarının “Facebook”-da yazdığına görə, 3 saatdan çoxdur ki, ondan xəbər yoxdur.
Emin İsmayılov Azərbaycanı müxtəlif beynəlxalq yarışlarda, turnirlərdə təmsil edib, dəfələrlə mükafatlar qazanıb.
İtaliyada, son yarışların birində ciddi zədələndikdən sonra, dəfələrlə Milli Olimpiya Komitəsinə, Gənclər və İdman nazirliyinə və digər dövlət orqanlarına müraciət etsə də, ona heç kimin diqqət ayırmadığını deyir.
Avqustun 10-da o, sosial şəbəkələrdə etirazı barədə paylaşım edib:
“Azad Rəhimov, düz edirsən. İdmançılar qanları, canları hesabına bayraq qaldırır, ölkəni tanıdır, amma siz bu idmançılara layiq dəstəyi vermirsiniz. Siz bir müalicə məktubunu yazıb təsdiqləmirsiz. Siz bir əməliyyatı idmançıya çox görürsünüz. Mən də sizə söz verirəm, inşallah, sabah lazım olmayan canımı sizin nazirliyin qabağında yandıracam”.
Gənclər və İdman Nazirliyindən məsələyə münasibət bildirmirlər.