İdman, yoxsa təxribat ?


Tiflisdə yerli “Dinamo” klubu ilə “Qəbələ” klubu arasındakı futbol azarkeşləri qalmaqalına münasibətlər

“Mən özüm də orda iştirak etmişdim. Amma nə azərbaycanlı azarkeş kimi, nə də gürcü. Hətta belə bir status da paylaşmışdım ki, bir tərəfdə vətən, digər tərəfdə millətdi”. Bu sözləri tələbə Nadejda Əliyeva deyir.

Gürcüstanda yaşayan tələbə Tiflisdə yerli “Dinamo”yla “Qəbələ” arasındakı oyunda baş verən qarşudurma haqda danışır. Onun sözlərinə görə, bu hadisə Azərbaycanda olduğu kimi Gürcüstandakı gürcülər arasında da birmənalı qarşılanmayıb: “Hər bir paylaşımın altında gürcülərin özünə qınaqla yanaşdığını gördüm. Onlar gürcü deyil, qeyri-millətlər də ola bilərdi. Çünki Gürcüstan çoxmillətlidi. Fikrimcə, bu qarşıdurma məqsədyönlüdür”.

Son günlər Azərbaycanda və Gürcüstanda ictimaiyyətin diqqətini çəkən əsas mövzulardan biri, iyulun 2-si Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Tiflisdə baş tutan “Dinamo”-“Qəbələ” Oynundakı insidentdir. İki komada arasındakı görüş 2:1 hesabı ilə bitsə də və qələbə yeli komandaya aid olsa da, nədənsə oyundan sonra bir qrup yerli fanat Azərbaycan bayrağını təhqir edib, oyun gedərkən isə onlar stadiondan Azərbaycan ərazisinin bir hissəsini Gürcüstan ərazisi kimi göstərən banner asıblar:

Gənc fəal Elvin Buntürk deyir ki, bu, Gürcüstan üçün normaldır, amma o demək deyil ki, bu, bütün gürcülərin fikridir: “Belə hadisələr zamanı gürcülərin Azərbaycanla baglı baxışlarını formalaşdırmaq provokasiyadır. Orada torpaqla bağlı bannerlər də var idi. Bundan sonra bəzi rusdilli saytların bunu qabartması hansı siqnalın gəldiyini xəbər verir”

Gürcüstanda yaşayan azərbaycanlı Tural Qurbanlı isə hesab edir ki, futbol azarkeşlərində müəyyən bir çılğınlıq olur: “Hansı ki öz klublarına görə dava salırlar, qan tökürlər. Bunu dünyanın hər yerində görmüşük. Əgər onlar həm də millətçidirlərsə, bu, futbolun əndazəsindən bir az da çıxacaq. Bu, özü nə qədər ayıb bir haldırsa, bunu bütün gürcü xalqının adına yazmaq da elə ayıbdır”.

Gürcüstanda yaşayan digər azərbaycanlılar da düşünür ki, oyunda Azərbaycan bayrağına edilən hörmətsizlik bir qrup tərəfindən iki ölkə arasında ziddiyyət yaratmaq məqsədi daşıyır

Gürcüstanda yaşayan azərbaycanlı Zərifə Quliyevanın fikrincə, ümumi gürcü xalqı azərbaycanlılara millətçi kimi yanaşmır: “Mən bunu hss etməmişəm. Bu, ya sifarişdi, ya da fanatların işidir. Belə hal bir neçə dəfə olub. Ümumi gürcülərin adından danışsaq, mən düşünürəm ki, elə bir problemimiz yoxdur”.

Siyasi mühacir Daşqın Ağalarlı da deyir ki, bu oyunda yetkin insanların dözülməz davranışını, hüquq-mühafizə orqanlarının məsələyə seyriçi qaldığını görüb: “Avropada da faciələr törənib. Amma Qafqazda azərbaycanlılarla gürcülər arasında olan bu qarşıdurmanın ilk səbəbini polis yetərsizliyi hesab edirəm. Gələn azarkeşlərin ciddi qorunmadığını düşünürəm. Millətçilər burda fəaldırlar. Belə məsələləri Gürcüstan hüquq-müdafiə sistemi nəzəratə almalıdır. Öncə qarşısı alınmalıdır, sonra olan davranışlar araşdırmalıdır. Bu provokativ davranışlar kimlər tərəfindən törədilir? Burda erməni mənşəli insanların da əməlləri var”.

Gürcüstanlı həkim İrma Kokraidze bildirir ki, belə insidentlər əvvəllər də olub. Deyir ki, onun azərbaycanlı dostları çoxdur və Gürcüstanda azərbaycanlılara həmişə hörmətlə yanaşırlar: “Bu hallar əvvəllər də olub. Hətta bir neçə il əvvəl futbol yarışında erməni bayrağını tribunada qaldırıblar. Bunu mən eşitmişəm, amma bu barədə oxumamışam və görməmişəm. Bu provokasiyadır. Həmin oyunda dava da omuşdu”.

Gürcüstanda yayımlanan ilk Azərbaycandilli gürcü radiosunun xəbər aparıcısı Afayət Əliyeva deyir ki, idman sahəsində futbol hər zaman insident yaradır. Onun fikrincə, belə halların qarşısının alınmasında dövlətlər maraqlı olmalıdır:

“Bu, idman mədəniyyətinin, ələxsus da futbol mədəniyyətinin çatışmayan cəhədlərindən biridir. Mənə elə gəlir ki, bunu dövlət və millət səviyyəsinə qaldırmaq yersizdir. Hər nə qədər bu hadisələr olsa da. Bu hal Azərbaycanda da ola bilərdi. Əminəm ki, eyni reaksiyalar Gürcüstanda da olacaqdı. Ona görə də dövlət belə hadisələrin olmaması üçün maksimum dərəcədə əlindən gələni etməlidir”.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili futbol üzrə Avropa Liqası çərçivəsində keçirilən “Dinamo”(Tbilisi) – “Qəbələ”(Azərbaycan) oyunundan sonra baş verən hadisə ilə bağlı xüsusi bəyanatla çıxış edib.

O, Daxili İşlər Nazirliyinə insidenti araşdırmaq barədə tapşırıq verdiyini bildirib. Baş nazir bəyan edib ki, Azərbaycan dövləti və xalqı ilə strateji münasibətlər onun üçün çox vacibdir.

“Gürcüstan hökumətinin rəhbəri kimi qəti şəkildə bildirirəm ki, kimlərinsə bu cür təxribatçı hərəkətlərlə Azərbaycanla dost münasibətlərimizə kölgə salmasına dövlət imkan verməyəcək” – deyə bəyanatda bildirilir.

Ana səhifəVideoİdman, yoxsa təxribat ?