Bilənlərə aydındır ki, sovet siyasi sistemində hər şey, tamamilə hər şey siyasi hakimiyyətin nəzarətində idi. Hətta bu, sadəcə nəzarət deyildi, tamamilə hər şey siyasi iradənin ehtiyacından və onun məqsədinə xidmət etmək ehtiyacından yaranırdı. Bundan kənarda heç nə yox idi. Bu siyasi sistem böyük bir maşın kimi hər şeyi öz içinə alır, onu mahiyyətindən uzaqlaşdırır və öz məqsədləri üçün istifadə vasitələrindən birinə çevirirdi. Ədəbiyyatdan tutmuş, idmana qədər hər şey bu rejimə lazım olduğu üçün, bu rejimə qulluq etməsinə görə vardı.
Heç bir sahənin müstəqilliyindən söhbət belə gedə bilməzdi, onlar əsl mahiyyətinə uyğun fəaliyyət göstərə bilməzdi. Hər bir sahə mahiyyətindən asılı olmayaraq böyük imperiyanın siyasi iradəsinə, kommunizm ideologiyasına xidmət edəcəkdi.
Bunlardan biri də idman idi. İdman çox zaman kütlənin əyləncəsi rolu oynayıb. İyirminci əsrdə Sovet imperiyası idmanı öz siyasi maraqları üçün böyük alətə çevirmiş iki dövlətdən biri idi. “Kommunizm və Sosializmin idmana təsiri” kitabında müəlliflər Parnaurd və J. Riordan bu iki ideologiyanın idmanı öz siyasi sisteminin necə böyük bir parçasına çevirdiyi haqqında yazır. İdman böyük təbliğat rolunu oynayırdı, o həm kütləni coşdurur, həm onlara milli qürur yaşadır, eyni zamanda şər ideologiyanın təbliğat maşınına çevrilirdi.
Onlar öz əzəmətlərini, öz güclərini idman yarışlarıyla nümayiş etdirirdilər. İdman hakim sinfin, onun gücünün təcəssümü idi. Təsadüfi deyil ki, o dövrdə almanlar idmançıları doğma yurdu qoruyan əskərlər adlandırırdı. Sovetlərdə də idman hakim sinfə ən “yaxşı” formada xidmət etmişdi. Bu ən zərərsiz millət quruculuğu prosesi, coşğu və birlik yaratma forması idi. Necə deyərlər, ağaların əyləncəsi kütlənin sevincinə səbəb olurdu.
İdman yarışlarının uğuru idmançının simasında dahi rəhbərlərin diqqəti və qayğısı nəticəsində xalqa bəxş olunan sevinc və xoşbəxtlik idi. Həmin idmançılar, hamımızın qürur və sevinc mənbəyi idi. Çox zaman da bu idmançılar güc orqanlarına işə cəlb olunur və ya hansısa vəzifə sahibi olurdular. Bir sözlə, idman faşist ideologiyalar, diktaturalar və müxtəlif rejimlər üçün çox əlverişli alət olub çox zaman.
Bu günki həyatımızın hər bir sahəsi sovet təcrübəsinə əsalanır və sovet irsinin bəzən eynisi, bəzənsə davamından ibarətdir. İdmanın ölkənin ictimai siyasi həyatının vacib hissəsi olması, idmançıların güc orqanlarına cəlb olunması sovetdən qalma bir irsdir. Bu rejimlərin öz siyasi dövrlərində istifadə etdikləri ən lazımlı vasitədir. Bu təcrübə bu gün də davam etdirilir.
Bu yaxınlarda Olimpia çempionu Elnur Məmmədlinin Dövlət Təhlükəsizlik Xidmətinə işə qəbul olunması haqqında xəbər sovetdənqalma bu irsi siyasi təfəkkürün bariz nümünəsi idi. Baxmayaraq ki, bu heç də qeyri-adi hadisə hesab olunmamalıdı, nədənsə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Halbuki, idman ölkəmizdə lap çoxdan hakimiyyətin prioritetlərindən biri, siyasi idarə etmənin əsas vasitəsi olub.
Əvvəla, böyük idman həvəskarı kimi ölkə prezidenti indiki məqama Olimpia komitəsinin rəhbəri vəzifəsindən gəlmişdi. Və lap əvvəldən idmana xüsusi qayğısı ilə seçilib. İkincisi, biz dünyada çox güman yeganə ölkəyik ki, özümüzü idman ölkəsi elan etmişik. Sonrası da bizim idmana xərclədiyimiz pulların sayı-hesabı yoxdur və heç kim bu mənada bizlə yarışa bilməz. Birinci Avropa Oyunlarından sonra ikinci belə ölkə çıxmadı ki, o qədər pulu xərcləyə bilsin.
Bu mənada siyasi sistemi, mədəniyyəti, tarixi, dəyərləri, düşüncəsi və təfəkkürü sovet məhsulu və sovet irsinin davamı olan bir cəmiyyət və ölkəyik. İdmanın bu gün cəmiyyətimizdə və ictimai siyasi həyatımızdakı yeri baxımından Rusiya, Dağıstan, Çecenistan kimi ölkələr qrupuna aidik. Elnur Məmmədli yeni hadisə olduğu üçün xeyli maraq doğurdu. Halbuki, artıq uzun müddətdir, idman ölkəmizdə siyasi idarəetmənin ən vacib atributlarından biridir.
İdmançıların bir qismi də, bu mənada bu idarə etmənin bir parçasıdırlar. Onlar qarşılığında milyonlar, vəzifələr qazandığı idman uğurları xalqımıza prezidentimizin diqqət və qayğısı nəticəsində bəxş olur. Biz hamımız bu qələbələrdən böyük sevinc hissini yaşayır, qürurlanırıq. İdmançılar isə sadəcə bir təbəqə kimi, hakim sinfə çox lazımlı adamlar olduğu üçün və əslində bu idarəetmənin vacib komponenti kimi onlara vəzifə verilməsində qeyri-adi heçnə yoxdu. Çünki onlar xalqımıza qələbələr bəxş etmiş və onda birlik yaratmış insanlardır. Üstəlik, onların sayəsində ölkəmiz dünyada tanınır.
Gərək, hər bir idmansevər bunları yaxşı-yaxşı yadında saxlasın.
Sonda vəzifə daşıyan idmançılarımızın siyahısını vermək istəyərdim.
Zemfira Meftahəndinova – Polis polkovnik-leytenantı
Ağası Məmmədov – Gömrük xidməti kapitanı
Zulfiyyə Məmmədova – Bakı Baş Gömrük Xidməti, inspektor
Eduard Məmmədov – Daxili işlər Nazirliyi, Polis mayoru
Füzuli Məmmədov – FHN, polkovnik
Səhriman Ağayev – Gömrük komitəsi, leytenant
Ceyhun Məmmədov – Nərimanov rayon Polis idarəsi, polkovnik-leytenant
Fərid Mansurov – Vergilər Nazirliyi, müstəntiq
Namiq Abdullayev – Polis polkovnik-leytenantı
Xəzər İsayev – Dövlət Gömrük komitəsi, polkovnik
Ulvi Quliyev – Deputat
Araz Musayev – FHN, mayor
Mənbələr:
http://sportinfo.az/mnews/9806
http://publika.az/p/10836
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.