Bu həftə içində Azərbaycan parlamentindəki bir neçə çıxış və Azərbaycan prezidentinin əbədi hakimiyyət haqqındakı nitqi artıq çox qorxunc dövrün içində olduğumuzu bir daha göstərdi. Bundan əvvəl isə vəziyyətin ağırlığı onunla müəyyən olundu ki, polisə ictimai dəstək adlı qurum yaradıldı. Prezidentin 2016-cı il 2 mart tarixli fərmanı ilə polisə ictimai dəstək deyilən qurum formalaşıb. Fərmanda deyilir ki, polisə dəstək vətəndaşla polis arasındakı əlaqələrin möhkəmləndirilməsi məqsədi güdür. Ümumiyyətlə, biz deyəsən asta-asta idman ölkəsi olmaqdan çıxıb, polis ölkəsi olmağa doğru gedirik. Bu da həmin o keçid mərhələsidir. Əvvəlcə idman edib, idmanı sevib, idmanı təbliğ etdik, hamımız idmançı olduq, qollarımızı, boynumuzu şişirdib gəzdik, sonra idmançıların hamısını polis elədik. İndi isə pulumuz qurtarıb, nə idmana, nə də idmançıya xərcləməyə pul yoxdu. İndi də dövlət idmançı gəncləri polisə cəlb etməklə həmin idman ölkəsi olmaqdan polis ölkəsi olmağa keçid edir.
Həqiqətən son fərman adamda sonsuz suallar yaradır. Birincisi, 20 ildən çoxdur stabil ölkə hekayəsi olan dövlət birdən-birə nə oldu ki polisə dəstək yaratmağa ehtiyac hiss elədi? Azərbaycanda polisin hansı çətin işi var ki? Azərbaycan polisi yeyib yatmaqdan formaya sığışmayacaq hala gəlib. Ölkə müharibə eləmir, dağda, meşədə döyüşən terroristimiz yox. Bu ictimai dəstəyə nədən zərurət yarandı?
Artıq illərdir Azərbaycan polisinin döyüşdüyü bir qüvvə var, o da Azərbaycan xalqı və vətəndaşıdır. 2003-cü ildə azadlıq meydanında toplaşan xalqa qarşı işlənmiş cinayətdən tutmuş, ta bu gün tez-tez xəbərlərdə eşitdiyimiz polis bölməsindəki ölüm hallarına qədər. Günün gündüz çağı adamlar polis bölməsinə aparılır, ordan isə meyidi çıxır. Son illərdə gənc aktivistlərə qarşı Azərbaycan polisinin işlədiyi cinayətlər isə polisin bizim hökumətin əlində necə bir terror aparatı olduğunu açıq ortaya qoydu. Öz millətimizdən, öz qanımızdan olan bu adamlar, millətimizin gənclərinə bir düşmənin edə biləcəyindən daha ağır və daha qorxunc işgəncələr verdi. Belə görünür ki, Azərbaycan polisinin əmrlə eləməyəcəyi şey yoxdur.
Azərbaycanda polis heç vaxt bir cəza aparatından başqa şey olmağı bacarmayıb. Öz içimizdən seçilən, ailə üzvlərimizdən ibarət olan bu adamlar hamımızın canını bürüyən qorxu və vahimə mənbəyi olub. Azərbaycanda polis heç vaxt təhlükəsizlik təminatı olmayıb, əksinə polissizlik təhlükəsizlik təminatı olub.
Gəlin şəhərimizdə polisin yerinə baxaq. Bakıda polis maşınlarının və polisin şəhərimizin küçə itlərinin belə olmadığı hər tininə yerləşdirdiyi kameralarının sayına görə insanlar maşın idarə edə bilmir. Hamı stress altındadır ki, indi qıraqdan hansısa polis çıxıb əsassız cərimə yazacaq. Yeri gəlmişkən, Bakı polisinin bu barədə açıqlamaları da olur. Axırıncı açıqlamarında da, bir ayda 40 milyon manat cərimə yazdıqları haqqında hesabat vermişdilər. Bundan əlavə, artıq illərdir ki, piyada keçidlərinin üstündə durub, müasir soyğunçuluqla məşğul olan polislər də xalqın, camaatın boğazına, qəpik-quruşuna qənim kəsilib. Polis müəllim və həkimdən daha çox maaş alır və daha çox pul qazanır. Polis orqanları və polislər dövlətdən ən yüksək qayğı alırlar. Hətta çıxışlarının birində prezident də vurğulamışdı ki, onlar ( avropalılar) istəyir biz hansısa polisi cəzalandıraq. Ancaq biz heç vaxt polisi cəzalandırmayacağıq.
İndi sual olunur; belə olduğu halda, Azərbaycanda polisə ictimai dəstək adlı qurum yaratmaq zərurəti haradan çıxdı? Bu qədəri azlıq edirmi, yoxsa hökumət xalqa qarşı savaş açdığının mesajını verir bununla? Görünən odur ki, hökumət artıq ətrafına müdafiə istehkamı tikməklə məşğuldur. Polisə ictimai dəstəyi hökumət sosial vəziyyətin ağırlaşacağı səbəbilə regionlarda yarana biləcək etirazların qarşısını daha effektiv almaq səbəbilə yaradır. Dini və müxalif kəsimin siyasi aktivliyinin artması da polisə əlavə kömək yaratmağın səbəbləri sırasındadır. Hökumət indi də özünün yaratdığı, işsiz-gücsüz, savadsız dəstəsinə səlahiyyət verib, onları yaranacaq etirazçı sinfə qarşı istifadə etməyi planlaşdırır. Belə görünür ki, hökumət öz hakimiyyətini nəyin bahasına olursa olsun qorumaq yolunda hər şeyi istifadə etməyə hazırdı. Artıq düşünülmüş qərarlar yoxdu. Həyəcan və qorxu diktəsi altındadırlar. Bir sözlə, pulun qurtarması, narazılıqların artması ciddi təlaş yaradıb. Qorxu özünü açıq biruzə verir. Qorxunun dərk edilməsi öz-özlüyündə yaxşı haldır, ancaq onun həlli kimi gördükləri yol böyük fəlakətin izlərini daşıyır.