IDI: ”Telekanallar seçki ilə bağlı tərəfli məlumatlar yayır”

Demokratik Təşəbbüslər İnstitutu (İDİ) 1 noyabr parlament seçkiləri ilə bağlı media monitorinqinin birinci dövrü üçün nəticələri açıqlayıb.

Source:

Demokratik Təşəbbüslər İnstitutu (İDİ) 1 noyabr parlament seçkiləri ilə bağlı media monitorinqinin birinci dövrü üçün nəticələri açıqlayıb.

Qurumun yaydığı hesabatda kütləvi informasiya vasitələri, o cümlədən elektron medianın seçkilərin demokratik və qanunauyğun, ədalətli keçirilməsində önəmli rolu vurğulanır. Qeyd olunur ki, yayımların tənzimləməsi ilə məşğul olan dövlət qurumu – Milli Teleradio Şurası və Mərkəzi Seçki Komissiyası (MSK) ictimai qınaq olmadıqda açıq-aşkar qanun pozuntularını görməməzlikdən gəlir və bu faktlara qarşı qanuni normaları tətbiq etmək istəmir. MSK nəzdində formalaşan mətbuat qrupu təktərəfli formalaşdığından funksionallıq yox səviyyəsindədir:

“Son 5 ildə Azərbaycanda  Dövlətin  birbaşa media sektoruna ayrdığı vəsait 417,5 milyon dollardan çox olub. Bu vəsaitdən ən çox alan dövlət yayımçısı AZ TV olub. Onun aldığı miqdar 223 milyon dollar olub. İctimai teleradio yayımı da ən çox vəsait alan ikinci media qurumudur. Onların aldığı vəsait 96,5 milyon dollar həcmində olub. Dövlətin bəslədiyi, sadəcə, dövlət və ictimai yayımçı olmayıb. 2012-ci ildən bəri özəl telekanallar da dövlətdən müxtəlif adlar altında 22 milyon dollaradək vəsait alıblar. Bu vəsait, sadəcə, ümumölkə yayımçısı olan 5 özəl kanala verilib.

Bu səbəbdən elektron yayım mediasının, xüsusilə dövlət büdcəsindən maliyyələşən, xüsusi qanun və normativ hüquqi sənədlərlə qurulan və fəaliyyət göstərən televiziyaların, radioların fəaliyyəti cəmiyyətin sivil qurumları tərəfindən ciddi nəzarətə götürülməli, təftiş edilməli və cəmiyyət bilgiləndirilməlidir”.


Monitorinq necə aparılıb?

Hesabatda qeyd olunur ki, aparılan monitorinq ümumilikdə 60 günlük dövr  üçün  həyata keçirilməni nəzərdə tutur. Bu məqsədlə ilkin olaraq, MSK-nın seçkilərə start verən andan- 1 sentyabrdan etibarən monitorinqlərə başlanılıb və 30 günlük ilkin monitorinq aparılıb:

“Monitorinqlə bütün irili-xırdalı media qurumlarını əhatə etmək çətin və imkansız olduğundan, ümumi mənzərəni müəyyən etməyə kömək edən bir metod üzərində durulub. Cəmiyyətin informasiya aldığı kateqoriyada elektron media üstünlük təşkil etdiyindən, televiziyaların, habelə elektron internet medianın siyasi palitrasını əksetdirəcək bir seçim edilib, dövlət yayımı, ictimai yayım və son illər reytinqləri digər özəl yayımçılara nisbətdə öndə olan iki özəl TV bu məqsədlə monitorinq edilib. AZ TV, İTV, ANS və ATV televiziyalarının prime-time zamanı olan 19:00-23:00 yayım aralığı 4 saat monitorinqə alınıb. Beləliklə, gündəlik 16 saatlıq yayım müşahidə edilib. Bu zaman seçkilərdə vətəndaşların səsverməsinə təsir göstərə biləcək informasiyalar, xəbərlər proqramları, xəbər-törəmə proqramları, talk-şoular, debatlar, müzakirə verilişləri, analitik proqramlar və xüsusi buraxılışlar monitorinq edilib. Ölçmə metodu kimi vaxt ölçmək üçün saniyələr seçilib, sonda saat, dəqiqə və saniyələr dəqiq göstərilib. Ayrıca, monitorinqə düşən verilişlər, onlar haqqında qısa məlumat, qonaqların kimliyi, mövzu və s. bilgilər də xüsusi olaraq vaxtı göstərilməklə qeyd edilib. Televiziyaların monitorinqi üçün ən praqmatik yol seçilib, sürətli internet bağlantısı ilə

www.myvideo.az

saytı üzərindən bütün yayımlar diqqətlə incələnib”.

Hesabatda qeyd olunur ki, monitorinq aparılarkən internet medianın, habelə ənənəvi qəzetlərin da diqqətdən kənar qalmaması məqsədilə seçmə üsulu ilə siyasi mövqeyi də nəzərə alınaraq, iqtidar, müxalifət və tərəfsiz media qurumlarından ən çox İP alan online-media qurumları və qəzetlər də monitorinq edilib. Bu zaman siyasi mövqeləri də nəzərə alınaraq, rəsmi İnformasiya agentliyi “AzərTAc”, Milli Məclisin rəsmi orqanı “Azərbaycan” qəzeti, müxalifətə yaxınlığı ilə seçilən “Azadlıq” qəzeti, habelə “lent.az”, “contact.az” saytları və “Yeni Müsavat” qəzeti də monitorinq edilib.



M




onitorinqdə televiziyalar üçün bu suallara cavab axtarılıb:

  1. İnformasiya Prime-time zamanı hansı vaxtda efirdə gedib; (saat-dəqiqə-saniyə göstərilməklə)
  2. Bilgi-maarifləndirici mahiyyətdə  olan informasiyalar;
  3. Təşviqata rəsmi start verilməsə də xəbər-təşviqat mahiyyətli informasiyalar;
  4. İqtidar və onu dəstəkləyən tərəfin lehinə olan informasiyalar; (vaxt-miqdar göstərilməklə);
  5. İqtidar və onu dəstəkləyən tərəfin əleyhinə (vaxt-miqdar göstərilməklə);
  6. Balanslı informasiyalar;
  7. Müxalifət  və onu dəstəkləyən tərəfin lehinə olan informasiyalar (vaxt-miqdar göstərilməklə);
  8. Müxalifət  və onu dəstəkləyən tərəfin əlehinə olan informasiyalar (vaxt-miqdar göstərilməklə);
  9. Monitorinqdə qiymətləndirilən verilişlər və vaxtları.

Online media və qəzetlər üçün də eyni yanaşma əsas götürülüb. Sadəcə, vaxt orada işarə ilə əvəz olunub və məqalə sayları göstərilib.


Televiziya monitorinqinin nəticəsi

Cədvəldə sentyabr ayı üçün monitorinqin nəticələri verilib. Monitorinq 10 günlük və aylıq olaraq rəqəmlərdə əks olunub. Bir ay ərzində prime-time vaxt 4 TV üçün cəmi 480 saat müddəti əhatə edib. 480 saatlıq prime-time vaxtında seçki prosesi ilə əlaqəli olan xəbər, xəbər törəmə, debat, müzakirə, talk-şou, yekun analitik proqramlar qiymətləndirilib. Bütün televiziyalarda 480 saatlıq  müddətdə   cəmi 37 saat, 53 dəqiqə, 34 saniyə seçki prosesi ilə əlaqələndirilən yaxud seçkilərdə seçicilərə təsir etmək qabiliyyəti olan ictimai-siyasi informasiyalara yer verilmişdir. Bu bütün prime-time vaxtının 7,93%-ini əhatə edir.

37 saat, 53 dəqiqə, 34 saniyə informasiyanın cəmi 2 saat 44 dəqiqə 49 saniyə vaxt (7,25%-i) bir ay ərzində 4 televiziyanın  maarifləndirici xarakterli məlumatları olub.

37 saat, 53 dəqiqə, 34 saniyə informasiyanın böyük əksəriyyəti, 35 saat 2 dəqiqə, 2 saniyə vaxtı iqtidar və onu dəstəkləyən tərəfin lehinə gedən informasiyaları əhatə edib. Bu isə bütün informasiyanın 92,46%-i əhatə edir.

480 saatlıq prime-time vaxtında və o cümlədən 37 saat, 53 dəqiqə, 34 saniyə informasiyanın sadəcə 40 saniyəsi, yəni 0,03%-i iqtidar və onu dəstəkləyən tərəfin əleyhinə gedib.

480 saatlıq prime-time vaxtında 37 saat, 53 dəqiqə, 34 saniyə informasiyanın heç bir saniyəsi müxalifət  və onu dəstəkləyən tərəfin lehinə olmayıb. Beləliklə, 0% əhatə etib.

480 saatlıq prime-time vaxtında 37 saat, 53 dəqiqə, 34 saniyə informasiyanın 6 dəqiqə, 2 saniyəsi, yəni 0,26%-i müxalifət  və onu dəstəkləyən tərəfin əleyhinə olub. Beləliklə, televiziyaların nəticələrindən belə çıxır ki, ölkədə müxalifət mövcud deyil. Xüsusilə Az TV və ANS televiziyasının 240 saatlıq yayım müddətində heç bir informasiyasında müxalifətin lehinə və əleyhinə məlumata rast gəlinmir. Beləliklə, bu TV-lərin yanaşmasına görə, ölkədə belə bir siyasi mövqeli təbəqə və ya siyasi rəng yoxdur.

480 saatlıq prime-time vaxtında 37 saat, 53 dəqiqə, 34 saniyəlik siyasi əhəmiyyətli informasiyaların heç birində balanslı informasiya verilməyib, beləliklə, sadəcə, təktərəfli məlumatlar təqdim edilib. Odur ki, balanslı məlumat kateqoriyasında nəticə 0% olub.

Ümumi informasiyaların içərisində ən böyük pay AzTV-yə düşür. Monitorinqdə qiymətləndirilən informasiyaların 59%-i  AzTV –nin payına düşür.  Bu, onu göstərir ki, dövlət televiziyasının siyasi təbliğat prosesinə ciddi təsiri davam edir.  2-ci yer İTV-nin payına düşür. İTV 34% -lik payla AzTV-dən sonrakı yeri tutur. İki özəl telekanalın payı cəmi 7%-dir. Bu 7%-lik hissənin 4%-i ATV-nin, 3%- isə  ANS-in payına düşür.

Hesabatda bildirilir ki, sentyabrda informasiyalar bərabər paylaşılmayıb. İlk 10 günlük müddətdə informasiyanın 24%-i əhatə edib. Lakin 2-ci ongünlükdə 50% , sonuncu 10-günlükdə isə 26%-lik bir paylaşım var. Monitorinq zamanı birdən-birə ikinci ongünlükdə  informasiyaların 100%-dən çox artmasında Avropa İttifaqı Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamənin ciddi rolu olub.


Özəl telekanallardakı vəziyyət

Özəl kanallardan ANS televiziyasının bir ay ərzində prime-time zamanı cəmi 1 saat 8 dəqiqə 29 saniyəlik informasiyası monitorinq altına düşüb. Bu məlumatlardan 10 dəqiqə 5 saniyə, yəni 15% maarifləndirici informasiya olub. Qalan 85% informasiya, yəni 58 dəqiqə 24 saniyə iqtidar və onu dəstəkləyən tərəfinə lehinə olan informasiya kimi qiymətləndirilib.

ATV kanalında bir ay ərzində monitorinq altına düşən informasiya 1 saat 24 dəqiqə 29 saniyə olub. Bu məlumatlardan 17 dəqiqə 17 saniyə, yəni 21% həcmində maarifləndirici xəbərlər olub, 1 saat 7 dəqiqə 8 saniyə , yəni 79% informasiya isə tərəfli informasiyalardır.

Tərəfli informasiyaların 96%- iqtidar və onu dəstəkləyən tərəfin lehinə, 4% müxalifətin əlehinə olub.

Sentyabrda Az Tv-nin 80824 saniyə, yəni 22 saat 27 dəqiqə 4 saniyə informasiyası monitorinq çərçivəsində qiymətləndirilib. Bu zaman cəmi 2% informasiya maarifləndirici xarakterdə olub, qalan 98% informasiya tərəflidir.

Monitorinq dövründə İTV-də 12 saat 53 dəqiqə 32 saniyə, yəni 46412 saniyə informasiya qiymətləndirməyə cəlb edilib. Bu məlumatlardan 14 %-i marifləndirici xarakterdə olub. Bunun səbəbi Seçki Məcəlləsində MSK-ya vaxt ayrılması zəruriliyindən qaynaqlanıb. Qalan 86% informasiya tərəfli informasiya kimi qiymətləndirilib. Bu informasiyaların 99,5%- i yəni, 39581 saniyəlik informasiya (10 saat 59 dəqiqə 41 saniyə) iqtidar və onu dəstəkləyən tərəfin lehinə olub, cəmi 0,5%-lik informasiya 195 saniyə(3 dəqiqə 15 saniyə) müxalifət və onun əleyhinə qiymətləndiriləcək informasiya kimi xarakterizə edilib. Beləliklə, İTV-də AZ TV kimi tamamilə təktərəfli informasiya yayıcısı kimi özünü göstərib.

6 KİV-in sentyabrda seçki mövzusunda monitorinqinin nəticələri verilib. Cəmi 512 məqalə və ya yazı monitorinq çərçivəsində qiymətləndirilib. Ən çox seçki prosesini işıqlandıran və monitorinqə tuş gələn tərəf “Yeni Müsavat” qəzetidir. Onun 201 informasiyası, 639 min 127 işarə ilə 44%-lik bir payı əhatə edib. İkinci yer, 19%-lə (270155 işarə və 80 informasiya) “Azərbaycan” qəzetinə məxsusdur. 3-cü yeri “AzərTAc” tutub və 14 %-lik nəticə ilə (207086 işarə-63 informasiya) 4-cü yeri tutan “Azadlıq” qəzetini qabaqlayır. “Azadlıq” 11%-lik (161682 işarə-63 informasiya) nəticə toplayıb. 5-ci yerdə 8%-lik nəticə ilə “lent.az” saytı gəlir. Onun informasiya sayı 57, işarə sayı  108022 olub. Sonuncu “contact az” saytıdır. Onun da nəticəsi 4%, informasiya sayı 17 olub.

İnformasiyanın tərəfliliyi baxımından incələndiyində hansı KİV-lərin iqtidar və onun lehinə informasiya paylaşdığının nisbəti belədir: 151 informasiyanın  ən çox – 42% “Yeni Müsavat” qəzetində, 29% “Azərbaycan” qəzetində, 15% “lent.az” saytında, 13% “AzərTAc”da, 1% contact.az saytında və 1%-dən az miqdar isə “Azadlıq” qəzetində olub.

Müxalifət və onu dəstəkləyən tərəfin lehinə olan informasiyalar ümumi informasiyaların içərisində cəmi 13%-lik bir yerə sahibdir.

Ana səhifəXəbərlərIDI: ”Telekanallar seçki ilə bağlı tərəfli məlumatlar yayır”