Araşdırmanın ilkin nəticələri və seçkiöncəsi durumla bağlı müxtəlif fikir mübadiləsi aparılıb
Demokratik Təşəbbüslər İnstitutu (İDİ) 2015-ci ilin noyabr ayında keçiriləcək parlament seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsinin təmin edilməsi üçün seçkiöncəsi mühitin və seçki prosesinin gedişini tənizimləyən mövcud qanunvericilik bazasının beynəlxalq standartlar çərçivəsində götürülmüş öhdəliklərə cavab verməsi istiqamətində apardığı araşdırmalara əsaslanaraq siyasi partiya və təşkilatlarla müzakirələr təşkil edib.
Bu barədə qurumun yaydığı press-relizdə qeyd olunur. Bildirilir ki, İDİ keçirdiyi bu görüşlər çərçivəsində Milli Şura sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, ”Azadlıq 2015″ blokuna daxil olan KXCP sədri Mirmahmud Mirəli oğlu, VİP sədri Əli Əliyev, AXP sədri Pənah Hüseynov, “Qarabağ” blokuna daxil olan Ümid sədri İqbal Ağazadə, ADP sədri Sərdar Cəlaloğlu, REAL İdarə Heyətinin üzvləri Natiq Cəfərli və Erkin Qədirli, Müsavat başqanı Arif Hacılı ilə araşdırmanın ilkin nəticələri və seçkiöncəsi durumla bağlı müxtəlif fikir mübadiləsi aparıb.
Təşkilatnümayəndələri seçki prosesinin tərəfləri olan siyasi partiyaların rəy və təkliflərini dinləyib, həmçinin bu təklif və rəylərin mümkün şərtlər çərçivəsində geniş ictimaiyyətin birgə müzakirəsinə çıxaracağını ifadə edib.
Hazırda bu istiqamətdə görüşlər davam edir.