İdi Amin: təlxək diktator

İdi Amin

İdi Amin

İdi Amin

İdi Amin

XX əsr bir tərəfdən elmi-texniki inqilab, digər tərəfdən çoxsaylı, irili-xırdlı diktatorlar əsri idi. Müxtəlif ideologiyalı, müxtəlif düşərgəli və rəngli, biri digərindən daha qorxunc və daha qaniçən diktatorlar. Şərqi Afrikada yerləşən Uqandada 8 il hakimi-mütləq olan İdi Amin bu bədheybətlər sırasında xüsusi yer tutur.

“Hakimiyyətə gedən yol”

İdi Aminin doğum ili dəqiq bilinmir, 1923 və 1928-ci illər arasında dünyaya gəldiyi ehtimal olunur. Onun atası kakva, anası isə luqbara xalqlarına mənsub idilər. Deyilənlərə görə, İdi Aminin əvvəlcə katolik olan atası sonra İslam dinini qəbul etmişdi, anası isə xristian idi. Atası onları tez tərk edib, Amin onun təsiri ilə deyil, könüllü olaraq 16 yaşında müsəlman olub.

Onun vətəni o zaman Böyük Britaniya imperiyasının Uqanda protektoratı adlanırdı. Həddi-buluğa çatdıqdan sonra özünü bir sıra peşələrdə sınayan İdi Amin 1946-cı ildə Britaniya müstəmləkə ordusuna yazılır və ilk vaxtlarda aşpaz köməkçisi işləyir. 1952-ci ildə qonşu Keniyada ingilis ağalığına qarşı mau-mau üsyanı Aminin hərbi karyerasında önəmli rol oynayır.

192 sm boyu, 100 kq-dan artıq çəkisi olan İdi üsyançılara qarşı döyüşlərdə cəsarət və amansızlıq nümayiş etdirir. O, tezliklə serjant, 1953-cü ildə isə əfəndi rütbəsinə layiq görülür. Azərbaycan ordusundakı gizirə analoq olan əfəndi rütbəsi Britaniya ordusunda xidmət edən afrikalının yetişə biləcəyi ən yüksən məqam idi.

Lakin dövr dəyişikliklər dövrü idi. 1960-cı ildə Afrikadakı bir sıra müstəmləkə əyalətlərinə səfər edən baş nazir Harold Makmillan Keyptaundakı nitqində "bu qitə üzərində "dəyişikliklər küləyi" əsir və Böyük Britaniya bununla hesablaşmalıdır" söyləyir. Buradan aydın olur ki, Afrika ölkələri tezliklə müstəqillik əldə edəcəklər.

İngilislər müstəmləkələri tərk etməzdən öncə yerli xalqların özünüidarəetməsi üçün bir sıra addımlar atırlar. Onlardan biri də ordu zabitlərinin yetişdirilməsi idi. 1961-ci ildə İdi Amin leytenant rütbəsinə layiq görülən ilk iki uqandalıdan biri olur. Bu illərdə, o, idmanla da ciddi məşğul olar. 1951-1960-cı illərdə ağır çəkidə boks üzrə Uqanda çempionu titulunu daşıyır, reqbi və üzgüçülüklə məşğul olur.

1962-ci ildə Britaniya Uqandaya müstəqillik verir. Ölkə federativ respublika elan olunur, lakin onun tərkibində 4 muxtar krallıq vardı. Onlardan ən böyüyünün, Buqandanın kralı II Mutesa ölkənin prezidenti seçilir. Baş nazir isə Milton Obote olur.

Müstəqilliyin ilk illərində İdi Aminin hərbi rütbəsi sürətlə böyüyür, bu da hərbi kadrları olmayan ölkə üçün təəccüblü deyil. O, 1962-ci ildə kapitan, 1963-cü ildə mayor, 1965-ci ildə isə polkovnik rütbəsi ilə ordu komandiri təyin edilir. Tədricən baş nazir Obotenin yaxın tərəfdarına çevrilir.

1966-cı ildə Uqandanın prezidenti və Baş naziri arasında siyasi böhran yaşanır. II Mutessa Obote və İdi Amini Konqodan qaçaqmalçılıq yolu ilə qızıl gətirməkdə ittiham edir. Parlament bu ittihamı araşdırmaq istərkən Obote İdi Aminin köməyilə hərbi çevriliş edir. Kral-prezident ölkədən qaçır, Obote prezident vəzifəsini mənimsəyir. İdi Amin isə silahlı qüvvələrin baş komandanı təyin edilir.

Obote-Amin duumviratı bir sıra dəyişikiklər həyata keçirir. 1967-ci ildə Uqanda unitar respublika elan olunur, krallıqlar və tayfa başçılarının hakimiyyətləri ləğv edilir. 1969-cu ildə Uqandanın kommunizm quruculuğuna istiqamət götürdüyü bildirilir. 1970-ci ildə isə Obotenin Uqanda xalq konqressi partiyasının qərarı ilə təkpartiyalı sistem yaradılır. Bu arada, 1968-ci ildə İdi Amin də general-mayor rütbəsinə çatır.

Lakin Milton Obotenin diktaturaya gedən yolu yarımçıq qaldı. O, Böyük Britaniya və keçmiş müstəmləkələrinin daxil olduğu Millətlər Birliyinin 1971-ci ilin yanvarında Sinqapurda keçirilən sammitində iştirak edərkən növbəti hərbi çevriliş baş verdi. İdi Amin parlamenti və yerli hakimiyyət orqanlarını buraxdı, özünü prezident elan etdi.

“Diktator”

Obotenin devrilməsi həm ölkə daxilində, həm də Qərbdə məmnuniyyətlə qarşılandı. Yeni prezident islahatlar vəd edir, demokratiyanın bərpasından danışır. O, bildirir ki, siyasətçi deyil, vəziyyət sabitləşən kimi demokratik seçkilər keçirib hakimiyyəti qalibə təhvil verəcək.

İdi Amin özünün 1 saylı dekreti ilə Obote tərəfindən fəaliyyəti durdurulan Konstitusiyanı bərpa edir, daha sonra gizli polisi buraxır, siyasi məhbusları azad edir. Hətta özünün devirdiyi və qürbətdə ölən II Mutesanın nəşi ölkəyə gətirilərək dəfn olunur. Bu addımlar ölkə daxilində populyarlığını artırdığı kimi Qərbdə də rəğbət oyadır. Böyük Britaniya İdi Amin hökumətini tanıyan ilk dövlət olur.

İdi Amin

İdi Amin

İdi Amin İsraili tərifləyən bəyanatlar verir, bununla da ölkəyə yəhudi maliyyəsini cəlb etməyə çalışır. Lakin İsrail bəzi sahələrdə Uqanda ilə əməkdaşlıq etsə də, müsəlman prezidentə ehtiyatla yanaşır, onu maliyyələşdirməyə tələsmir. Nəticədə qısa müddətdən sonra iki ölkənin münasibətləri pozuldu.

Sülhsevər ritorika ilə bir neçə həftə vaxt udandan sonra Amin repressiyalara başlayır. O, ilk növbədə etibar etmədiyi hərbçilərdən, xüsusən də devrilən Obote ilə eyni tayfadan (lanqo) olanlardan özünə təhlükə gözləyir. Mart ayında 70 yüksək rütbəli hərbçi məhkəməsiz, istintaqsız öldürüldü. İlin sonuna qədər isə lanqo və açoli tayfalarından olan 5 minə qədər hərbçi qətlə yetirildi.

Müxtəlif səbəblərdən öldürülən mülki şəxslərin sayı isə 10 minə yaxınlaşır. İdi Aminin bütün hakimiyyəti boyu terror qurbanlarının sayı artan xətlə inkişaf edir. Obotenin gizli polisinin əvəzinə yaradılan Dövlət Təhqiqat Bürosuna (DTB) geniş səlahiyyətlər verilir. İnsanlar hər hansı bir əsas olmadan belə repressiyalara məruz qalırlar.

Cəsədləri timsahlar yesin deyə çaylara buraxırlar. Lakin onlar o qədər çox idilər ki, doymuş timsahlar hamısını yeyə bilmirdilər. Nəticədə, cəsədlər çayda çürüyür və suyu zəhərləyirdilər. Həmin sudan istifadə edən insanlar da ölürdülər.

Hitlerə rəğbətini heç zaman gizlətməyən İdi Amin kumiri kimi daxili düşmən axtarışına çıxır. Onun "yəhudilər"i isə hindlilər olur. Hindlilər XIX əsrdən etibarən Uqandada məskunlaşmışdılar. Onları, yerli əhalinin arxaik səviyyədə olmasını görən ingilislər kiçik biznesi, ticarəti inkişaf etdirmək üçün ölkəyə gətirmişdilər.

Bir əsr sonra hindlilərin Uqandada iqtisadi mövqeləri xeyli möhkəmlənmişdi. Əhalinin 1%-ni təşkil etsələr də, biznesin 90%-i onların əlində idi. Buraya xırda dükanlardan tutmuş iri sənaye obyektlərinə qədər daxil idi. Öz bacarıqları və zəhmətsevərlikləri hesabına qazandıqları bu nailiyyət uqandalıların çoxunu qıcıqlandırır, həsəd hissi yaradırdı. İdi Amin bundan istifadə etmək qərarına gəldi.

O, diktatorların tez-tez yararlandıqları millətçi şüarlara müraciət etdi: uqandalıların müstəqilliklərinin səfasını görməli olduqlarını deyir, bunun şərtlərindən birinin də "ölkəmizin tarixində ilk dəfə Uqanda üzərində iqtisadi nəzarətin uqandalıların əlinə keçməsi" olduğunu iddia edirdi.

1972-ci ilin avqustunda 50-60 min civarında hindli Uqandadan qovuldular. Onlara məxsus olan iri sənaye və xidmət obyektlərinı, plantasiyaları Amin ordu və hökumət rəhbərləri arasında payladı. Xırda obyektlərlə bağlı isə elan edildi ki, onların hər biri birinci zəbt edənə çatacaq.

"Uqanda üzərində iqtisadi suverenliyin ələ keçirilməsi" tam bir iqtisadi kollapsla nəicələndi. Yeni sahibkarların nəyi və haradan almaq, neçəyə satmaq barədə heç bir təsəvvürləri yox idi. Ölkənin bütün təchizatı, hətta ən zəruri məmulatlarla təchizatı pozuldu, defisit və qara bazar yarandı. Dövlətin gəlirləri kəskin aşağı düşdü.

İdi Amin xüsusi dindarlığı ilə seçilməsə də (şahidlər onun sərxoş olmadan çoxlu miqdarda spirtli içki içməsindən heyrətlə danışırdılar), müsəlmanlara daha çox etibar etdiyinə görə orduda və hökumətdə yüksək vəzifələrə təyin edir. Generalitetin 80%-ni, hökumətin isə 87,5%-ni müsəlmanlar təşkil edir. Halbuki əhali arasında onların payı 10%-dən çox deyildi.

İdi Aminin Qərbdən və İsraildən umduğu maliyyə dəstəyini ala bilməməsi, eləcə də hindlilərlə davranışı Qərb və Uqandanın bir-birlərinə münasibətlərinin korlanmasına gətirib çıxarır. Amin tez-tez Fələstin problemindən danışır, 6 milyon yəhudini öldürdüyünə görə Hitleri tərifləyir, eyni zamanda sosialist düşərgəsi ilə əlaqələr qurur.

Bundan sonra İdi Aminin ətrafında imperializmlə mübarizə aparan milli lider mifi formalaşır. Axı Cənubi Amerikadan tutmuş Afirkaya, oradan da Rusiyaya qədər ictimai fikirdə belə bir yanaşma mövcuddur ki, diktator öz millətinə nə zülmlər edirsə etsin, bir halda ki, ABŞ-ı, İngiltərəni söyür, deməli, vətənpərvər insandır, ölkəsinin müstəqilliyi üçün çalışır. Azərbaycanda bu halda "kişi adamdır" ifadəsi də işlənilir.

1972-ci ildən etibarən Uqandanın əsas silah təchizatçısı Sovet İttifaqı olur. Əhaliyə divan tutan DTB əməkdaşlarına Şərqi Almaniyanın məşhur Ştazi kadrları təcrübə keçirlər. Əsas maliyyə donoru isə Liviya lideri Müəmmər Qəddafi olur.

1976-cı ildə İdi Amin Tel-Əviv-Paris reysi ilə uçan, sərnişinlərinin əksəriyyəti yəhudilərdən ibarət olan təyyarəni qaçıran terrorçulara Entebbedə eniş etməyə və burada sərnişinləri girov saxlamalarına icazə verir. Lakin İsrail kommandoslarının heyrətamiz əməliyyatı nəticəsində girovlar azad edilir, atışmada 7 terrorçu və 45-ə qədər Uqanda hərbçisi öldürülür.

Girovlardan Dora Blox adlı 74 yaşlı qadın xəstələndiyi üçün bir neçə gün öncə xəstəxanaya yerləşdirildiyindən kommandoslar tərəfindən xilas edilə bilmədi. Ertəsi gün Aminin göndərdiyi qatillər qadını xəstəxanadan çıxararaq güllələdilər. Buna mane olmağa çalışan bir neçə həkim və tibb bacısının da öldürüldüyü güman edilir.

İsrail əməliyyatı Uqandanın qonşusu Keniyanın köməyi ilə keçirmişdi. Geri qayıdan təyyarələr Keniyada enərək yenidən yanacaq doldurdular. Bunsuz xilasetmə əməliyyatını həyata keçirmək mümkün olmazdı. Cavab olaraq İdi Amin Uqandada yaşayan keniyalıların qətliamına fərman verir. 100-ə qədər keniyalı öldürülür, 3 mini isə ölkədən qaçır.

Keniya hökumətini xilasetmə əməliyyatı zamanı İsraillə əməkdaşlıq etməyə razılıq verməsində kənd təsərrüfatı naziri Bryus Makkenzi müstəsna rol oynamışdı. O, 1978-ci il mayın 24-də təyyarəsinin partlaması nəticəsində həlak oldu. Bu cinayət də Aminin göstərişi ilə həyata keçirildi.

Ölkədə iqtisadi vəziyyətin pisləşməsi, həyat səviyyəsinin düşməsi narazılığın artması ilə müşahidə olunur. Amin rejimi buna repressiyaları, qətlləri artırmaqla cavab verir. Onun 8 illik hakimiyyəti dövründə 300 min insanın öldürüldüyü söylənilir. “Amnesty İnternational” təşkilatı isə bu rəqəmin 500 min olduğunu iddia edir.

Əhalinin 85%-ə qədər xristianlıq, 10% isə islam kimi təkallahlı dinlərə tapınmasına baxmayaraq, onlar arasında arxaik dinlərinin bəzi qalıqları qalırdı, məsələn, əcdadlar kultu kimi. Bu kulta görə ölənləri mütləq xüsusi ehtiramla dəfn etmək lazım idi. Gəlirləri azalan rejim bundan istifadə edərək öldürülənlərin meyitlərini ailələrinə pulla satır.

1976-cı ildə Makerere universitetinin tələbəsi DTB tərəfindən öldürülür. Buna etiraz edən tələbələrin nümayişi vəhşicəsinə dağıdılır. Etirazın təşkilatçıları və xüsusi fəallıq göstərən tələbələr tezliklə yoxa çıxırlar. Bir neçə gün sonra isə elə həmin universitetdə keçirilən tədbirdə İdi Amin "Uqandada qanunçuluğu və asayişi təmin etdiyinə, uqandalılara qorxusuz yaşamaq imkanı yaratdığına görə" fəxri hüquq doktoru dərəcəsinə layiq görülür.

Ölkə xristianlarını müdafiə etməyə çalışan Uqanda, Ruanda və Burundi arxiyepiskopu Yanani Luvum 1977-ci ilin əvvəllərində İdi Aminə məktub göndərərək onu terror metodlarını pisləyir. Diktator arxiyepiskopu "Nil" otelində görüşə dəvət edərək şəxsən güllələyir. Mətbuat isə ruhaninin avtomobil qəzasında həlak olduğunu xəbər verir.

Bir neçə dəfə evlənən İdi Amin arvadlarından da bəzilərini öldürür. Ən azı bir arvadın öldürüldüyü dəqiq məlumdur. Səbəbi bilinməyən bu qətl zamanı qadının bədənindəki demək olar ki, bütün sümüklər sındırılmışdı.

İdi Aminin hakimiyyətinin sonlarında Uqanda iqtisadiyyatın, asayişin, hüququn olmadığı bir məkana çevrildi. Məkan sözünü boş yerə işlətmirəm, həmin dövrdəki Uqandanı dövlət adlandırmaq mümkün deyil

Prezident ümumi daxili məhsulun 2/3 hissəsini təhlükəsizlik xidmətlərini, onun dövründə sayı 2,5 dəfə artaraq 25 minə çatan ordunu saxlamaq üçün xərcləyirdi. 1978-ci ildə məlum oldu ki, iqtisadiyyatı çökən dövlətin gəlirləri bu zor aparatını saxlamağa imkan vermir. O zaman İdi Amin diktatorların sevimli çarəsinə - qonşu dövlətə müdaxiləyə əl atdı.

Uqanda müxalifətinin Amin repressiyalarından qaçmağa macal tapan hissəsi Milton Obote də daxil olmaqla Tanzaniyada sığınacaq tapmışdılar. Buna görə də Uqandanın öz cənub qonşusu ilə münasibətləri həmişə gərgin idi. Müxaliflərin oradan Uqandaya növbəti həmləsini bəhanə edən Amin 1978-ci ilin oktyabrın 30-da Tanzaniyaya müharibə elan etdi.

Müdaxilə gözlənilməz oldu və bundan istifadə edən uqandalılar Tanzaniya ərazisinə doğru bir xeyli irəliləyə bildilər. Lakin kifayət qədər zəif olan Tanzaniya ordusunun bir qədər toparlanıb cavab verməsi kifayət etdi ki, təcavüzkarlar geriyə doğru qaçsınlar. Aydın oldu ki, Uqanda hərbçiləri yalnız dinc əhaliyə divan tutmağı bacarırlar.

Tanzaniya da sosialist quruculuğunu elan etdiyindən Uqanda ona qarşı müdaxilə ilə özünü SSRİ-nin dəstəyindən məhrum etdi. Lakin İdi Aminin yaxın dostu Müəmmər Qəddafi köməyə tank, zirehli maşınlar və aviasiya ilə birlikdə 2500 nəfərlik dəstə göndərdi.

Bu dəstə tanzaniyalıların hücumundan müdafiə olunan uqandalılara kömək etməli idi. Lakin liviyalılar gələndə məlum oldu ki, Uqanda hərbi birləşmələri demək olar ki, müdafiə olunmurlar. Liviyalılar Tanzaniya ordusunun qarşısını almağa çalışarkən, Uqanda hərbçiləri ələ keçirdikləri qəniməti daşımaqla məşğul idilər.

1979-cu il aprelin 11-də Tanzaniya ordusu Uqandanın paytaxtı Kampalaya daxil oldu. Ətrafında kimsə qalmayan İdi Amin əvvəlcə Liviyaya qaçdı, 1980-ci ildə isə Səudiyyə Ərəbistanında məskunlaşdı.

“Təlxək”

İdi Amin özünün qaniçənliyindən savayı ekstravaqant fikirləri və təlxək hərəkətləri ilə məşhur idi. Onun mənimsədiyi tam titul belə idi: Əlahəzrət ömürlük prezident, Feldmarşal, əl-Hacı doktor İdi Amin, yerdəki bütün heyvanların və dənizdəki balıqların hökmdarı, Britaniya imperiyasının ümumilikdə Afrikada və xüsusilə Uqandadakı fatehi, "Viktoriya xaçı", "Hərbi xaç" və "Döyüş xidmətlərinə görə" ordenlərini kavaleri.

Hakimiyyətinin son illərində Şotlandiyaya və şotlandlara xüsusi maraq göstəririrdi. Buna görə də Şotlandiya kralı titulunu qəbul etdi. Təsadüfi deyil ki, 2006-cı ildə onun haqqında çəkilən film "Şotlandiyanın sonuncu kralı" (The Last King of Scotland) adlanırdı. İdi Amin roluna görə aktyor Forrest Uitaker "Oskar" mükafatına layiq görüldü.

Daha bir titulu "Bütün elmlər doktoru" idi. Hərçənd yazıb-oxumağı zorla bacarırdı.

Hakimiyyətə gəldikdən az sonra qəfildən, heç kəsə demədən və heç kəsdən dəvət almadan Böyük Britaniyaya səfər edir. Ertəsi gün kraliça II Yelizaveta tələsik təşkil edilən ziyafətdən sonra bu qəfil şərəfə layiq görülmələrinin səbəbi ilə maraqlanır. İdi Amin cavab verir ki, Uqandada 14 ölçülü (bizim standartlara görə 49 ölçülü) ayaqqabı tapmaq çətin məsələ olduğundan Londona gəlib.

Əslində isə həm bu, həm də bir neçə ay sonrakı səfərində İdi Amin ingilislərdən silah, hərbi texnika almaq istəyirdi. Lakin Uqandada başlayan repressiyalardan artıq xəbərdar olan London bu xahişi rədd edir. Bundan sonra Amin İngiltərəni alçaltmaq üçün bəhanə axtarır.

İngiltərədə iqtisadi göstəricilərin aşağı düşdüyünü eşidən Amin "Britaniyanı xilas edək" fondu yaradır, müsahibələrində "Britaniyada tam xaos hökm sürür, onların iqtisadiyyatı tamamilə dağılıb",- deyir. Bu hadisə hindlilərin qovulmasından sonra Uqandanın özündə iqtisadi çöküş başlayan dövrə təsadüf edir. Anlaşılan, AzTV-nin "Almaniya dağılır" təbliğatı yenilik deyil.

Amin "Planetin coğrafi ürəyi"nin Uqandada yerləşdiyini iddia edərək, BMT-ni ölkəsinə köçürməyi təklif edir. Eləcə də II Yelizavetadan Britaniya Millətlər Birliyi rəhbərliyinin ona verilməsini istəyirdi.

Orden-medala çox böyük həvəsi vardı. Özü-özünü təltif etməkdən savayı kolleksiyaçılardan aldığı orden və medalları da yaxasına vurub gəzirdi. Pencəyində yer azlıq edəndə, daha uzun pencək sifariş edirdi.

Sovet İttifaqı ilə dost münasibətlərinə malik olan İdi Amin Kampalada Adolf Hitlerə abidə qoymaq istəyirdi. Sovet səfiri onu çətinliklə, silah təchizatını dayandıracaqları hədəsi ilə bu fikrindən daşındırdı.

Bir dəfə ABŞ-a müharibə elan etdi. Ertəsi gün Vaşinqtonun heç bir reaksiya verməməsini qorxaqlıq kimi qiymətləndirərək özünü qalib elan etdi.
Tanzaniyanın prezidenti Julius Nyerereni tez-tez, indiki dillə desək, trollayırdı. Göndərdiy bir məktubunda "Sizi çox sevirəm, əgər qadın olsaydınız özümə alardım. Hərçənd, saçınız artıq ağarıb",- yazırdı. Müharibə zamanı isə çəkisi ondan bəlkə də 3 dəfə az olan Nyerereni boks döyüşünə çağırır.

Uqanda ordusu tanzaniyalıların müqavimətinə rast gələn kimi geri qaçarkən İdi Amin bunu özünün sülhsevərliyinin nümunəsi kimi təqdim edir: "Öz ordularımızı Tanzaniya ərazisindən çıxardım. Çünki mən qonşularımızla sülhə, əməkdaşlığa, qarşılıqlı anlaşmaya və dostluq münasibətlərinə inanıram". Lakin bu dəfə kimsə ona inanmadı.

Bir dəfə onunla razılaşmayan sovet səfirinə şillə vurur. Səfirliyin bütün heyəti təxliyə olmağa hazırlaşır. Lakin son anda İdi Amin özünü hava limanına yetirərək üzr istəyir və insident qapanır.

“Hakimiyyətdən sonra”

Səudiyyə Ərəbistanı İdi Aminin təminatına ciddi təqaüd ayırır. O, bir neçə il ərzində Ciddədəki “Novotel” otelinin iki ən yüksək mərtəbəsini tutaraq yaşayır. Etdiyi bütün cinayətlərə baxmayaraq, Uqanda xalqının onu sevdiyinə və ehtiyac duyduğuna inanırdı. Uqandanın tələblərinə baxmayaraq Səudiyyə Ərəbistanı onu təhvil verməkdən imtina edir.

1989-cu ildə Uqandada növbəti siyasi böhran zamanı fürsət düşdüyünü zənn edərək Zairə gəlir. O, buradan qüvvə toplayaraq Uqandaya keçmək fikrində idi. Lakin heç bir şeyə nail olmadıqda yerli diktator Mobutu Sese Soko ölkədən çıxmasını istəyir və o, Ciddəyə qayıdır.

Ömrünün son illərində idi Amin yüksək qan təzyiqindən, böyrək çatışmazlığından əziyyət çəkir. 2003-cü ildə komaya düşdüyü məlum olur. Onun həyatını tibbi aparatlar təmin edir. Sağalmasına heç bir ümid qalmadığını görən ailə üzvləri avqustun 16-da İdi Amini aparatdan ayırırlar. Beləcə, o, etdiyi əməllərin cavabını vermədən öldü.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/zdg2nv

Ən çox baxılan