“İdeal”ın keçmiş rəhbəri məhkəmədə: O zaman digər təsisçilər də həbsdə olmalıdır

Müdafiəçilərinin qaldırdığı vəsatətlərə münasibət bildirən İlqar İsmayılov özünü təqsirli bilməyib.

Foto: Meydan TV


Vəkilin vəsatətləri təmin olunmayıb

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, bu şirkətin zorla əlindən alındığını iddia edən iş adamı İlqar İsmayılovun vəkilləri məhkəmədə bildirib ki, o, heç bir cinayət törətmədiyi halda, həbs edilib. Mayın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə hazırlıq iclası keçirilib.

Hakim Əli Məmmədovun sədrliyilə keçirilən məhkəmə prosesində iş adamının vəkilləri bir sıra vəsatətlər qaldırıblar. Vəkillər İlqar İsmayılovun təqsirsiz olduğunu vurğulayaraq, onun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini, özünün də həbsdən buraxılmasını istəyiblər. Müdafiəçilərin daha bir istəyi məhkəmə prosesinin gedişinin tam şəkildə audiolentə yazılması, həmin audioyazıların məhkəmə iclas protokollarına əlavə edilməsi olub.

Əli Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası bu vəsatətlərin hər ikisinə “yox” deyib.

İlqar İsmayılov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsilə – 2013-2016-cı illər ərzində özünə məxsus olan şirkətdən 680 min manat vəsaiti mənimsəməkdə ittiham edilir. Vəkili İlhamə Həsənova bildirib ki, əslində isə İlqar İsmayılov həmin dövrdə şirkətin xəzinəsinə 10 milyon manata yaxın mədaxil edib: “İstintaq yalnız qarşı tərəfin istintaqa təqdim etdiyi məxaric sənədlərinin kserosurətinə istinad edib. Bizim təqdim etdiyimiz mədaxil sənədlərini nəzərə almayıb. Hətta fərz etsək ki, İlqar İsmayılov şirkətin 680 min manatını mənimsəyib, onda onun şirkətə mədaxil etdiyi 10 milyona qədər vəsaitdən 680 min silinməli, qalan məbləğ ona qaytarılmalıdır”.

Vəkil həmin mədaxil qəbzlərinin sübutlar siyahısına daxil edilməsi, mühasibatlıq ekspertizası keçirilməsi barədə də vəsatət verib.

Müdafiə tərəfinin daha bir vəsatəti İlqar İsmayılov haqqında 2017-ci ildə başlanıb, sonradan xitam verilmiş cinayət işi materiallarının da bu işə əlavə olunması haqda olub. Vəkil vurğulayıb ki, əvvəlki cinayət işi kimi, bu dəfə də ittiham tamamilə əsassız və qanunsuzdur: “İlqar İsmayılov direktoru və təsisçisi olduğu şirkətin “İdel Company”nin əmlakını mənimsəməklə ittiham olunur. Halbuki həmin dövrdə şirkətə məxsus olan əmlak əslində, İlqar İsmayılovun özünə məxsus olub. Cinayətin mövcudluğunu təsdiq edən heç bir mötəbər sübut da yoxdur. İstintaq qəbzlərin əsllərini yox, yalnız kserosurətlərini cinayət işinə əlavə edib. Bu isə həmin sübutların həqiqiliyinə və mötəbərliyinə şübhə salır”.

Vəkillər iş adamının səhhətində problem olduğunu, onun həyatının təhlükə altında qaldığını da bildiriblər.

Müdafiəçilərinin qaldırdığı vəsatətlərə münasibət bildirən İlqar İsmayılov özünü təqsirli bilməyib. İş adamı deyib ki, şirkəti 1999-cu ildə yaradıb. Əgər təsisçi kimi o həbsdədirsə, digər təsisçilər də həbs edilməlidir.

Qısa müşavirədən hazırlıq iclasının qərarını elan edən hakim Əli Məmmədov vəsatətlərin heç birinin təmin olunmadığını açıqlayıb.

Məhkəmə baxışı iyunun 7-nə təyin edilib.

İlqar İsmayılovun 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.

O bildirir ki, “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Bundan sonra yenə hədə-qorxular, təhdidlər başlayıb.

İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edirdi. O, həbsindən bir neçə gün əvvəl Facebook hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi “İdeal Kompani”nin direktoru təyin etmək məcburiyyətində qalıb.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. “Adore Company”nin rəhbərliyində bir neçə ay əvvəl dəyişiklik olub. Bu ilin yanvarında şirkətin direktoru Samir Əliyev Nərmin İsmayılova əvəzləyib.

Ana səhifəSiyasət“İdeal”ın keçmiş rəhbəri məhkəmədə: O zaman digər təsisçilər də həbsdə olmalıdır