“İdeal”ın keçmiş rəhbəri: “AZAL prezidentinin sifarişi ilə haqqımda 8 illik həbs hökmü hazırlanıb”

Cahangir Əsgərov, Foto: APA

İlqar İsmayılov: “2017-ci ildə də məni həbs etdirdi, malımı-mülkümü əlimdən alandan sonra buraxıldım, mənə dedi ki, səsini kəs, sakit dayan…”

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov və vəkilləri AZAL prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın, eləcə də onu şirkətdə təmsil etmiş nümayəndəsi Fuad Əliyevin məhkəməyə çağırılıb dindirilməsini tələb edir. Onlar dekabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə vəsatət qaldırıblar.

Hakim Əli Məmmədovun sədrliyilə keçirilən məhkəmə iclasında əvvəlcə Fuad Əliyevin dindirilməsi barədə vəsatət qaldırılıb. Vəkil İlhamə Həsənova bu tələblərini əsaslandırarkən deyib ki, İlqar İsmayılov 2011-ci ildə “İdeal Company”də Zərifə Həmzəyeva ilə şərik olandan sonra təsisçilərin ümumi yığıncağının iclaslarını keçirmədən, şirkətin kassasında özbaşına pulları götürüb xərcləməkdə ittiham olunur. İlqar İsmayılov isə deyir ki, “İdeal Company” gəlirlə işləyən şirkət olub və gəlirlər də şəriklikdən sonra bir qayda olaraq, Zərifə Həmzəyeva ilə bölünüb:

“Məhkəmədə dindirilən şahidlər Samirə Quliyeva, Həbib Qarayev də təsdiqlədi ki, digər təsisçiyə pul çatdırılıb. Hətta Həbib Qarayev məhkəmədə dedi ki, o, Zərifə Həmzəyevanın şirkətdəki nümayəndəsi Fuad Əliyevə gəlirləri çatdırıb. Çatdırdığı məbləğlər də 500 mindən aşağı olmayıb. İttihamda yazılıb ki, guya İlqar İsmayılov şirkətin direktoru kimi vəzifəsindən sui-istifadə edib. Amma araşdırmalar, yazışmalar göstərir ki, faktiki rəhbərlik Zərifə Həmzəyevada olub. Hətta şirkətə 40 manatlıq süpürgə alınmasından da onun xəbəri olub. Bu baxımdan, mütləq Fuad Əliyev dindirilməlidir ki, bir çox məsələyə aydınlıq gəlsin”.

Prokuror da, Zərifə Həmzəyevanın rəhbərlik etdiyi şirkətin nümayəndəsi Samir İsayev də Fuad Əliyevin çağırılıb dindirilməsinə etiraz edib.

“Fuad Əliyevin bura gəlib, suallara cavab verməsi sizi niyə narahat edir?”, – müdafiəçilər qarşı tərəfin etirazının səbəbini soruşub.

Əli Məmmədov, Fikrət Qəribov və Telman Hüseynovdan ibarət hakimlər kollegiyası bu vəsatəti təmin etməyib.

Belə olan halda digər vəkil Gülnar Quluzadə Zərifə Həmzəyevanın özünün çağrılıb dindirilməsi məsələsini qaldırıb: “Bütün məsələlər gəlib Zərifə Həmzəyevaya dirənir. Amma onu nə istintaqda dindirən olub, nə də məhkəmədə. Bəs onun əvəzinə kim aydınlıq gətirməlidir bu məsələlərə?”

Digər vəkil Rəşad Əliyev də onun dindirilməsinin vacibliyini vurğulayıb: “İlqar İsmayılova öz şirkətindən mənimsəmə ittihamı irəli sürülüb. Əgər mənimsəmə varsa, deməli, özgə əmlakının mənimsənilməsindən söhbət gedə bilər. Bu şirkətdə özgə – digər təsisçi də Zərifə Həmzəyeva olub. Gəlsin, görək ki, nə mənimsənilib, necə mənimsənilib”.

İlqar İsmayılov özü də bu məsələyə münasibət bildirərkən vurğulayıb ki, Zərifə Həmzəyeva ilə şəriklikdən bir müddət sonra şirkət tam şəkildə əlindən alınıb: “Təhvil-təslim aktı olmadan məni şirkətdən uzaqlaşdırdılar…”

Məhkəmə bu vəsatəti də rədd edib.

Vəkil Rəşad Əliyev cinayət işinin materiallarında olan qəbzlərlə bağlı ekspertiza keçirilməsini istəyib. İş materiallarında iddia olunur ki, İsmayılovun şirkətin xəzinəsindən 280 min götürüb, “Şəhər bağları”ndan özü üçün ev alıb. İş materiallarına 280 min manatla bağlı qəbz də əlavə olunub.

Vəkillər bildirib ki, iş materiallarındakı qəbzlər mötəbər sübut sayıla bilməz. Çünki onlar sənədin əsli yox, kserosurətdir. Həm də qəbzlərin bir çoxunda İlqar İsmayılovun imzası və möhür də yoxdur. Bu səbəbdən vəkil Rəşad Əliyev 280 min manatlıq qəbzin ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıb.

Hakimlər bu vəsatəti də təmin etməyib.

Hakim Əli Məmmədov məhkəmə istintaqının yekunlaşması barədə tərəflərin fikrini soruşanda müdafiə tərəfi etiraz edib. İlqar İsmayılov nəinki bu hakimlər kollegiyasına, ümumiyyətlə, Bakı Ağır Cinayətlər Məhkəməsində ədalətli hökm çıxarılacağına inanmadığını vurğulayıb. O bildirib ki, bu üzdən işinə bu məhkəmədə baxılmasına etiraz edir.

İlqar İsmayılov bildirib ki, məhkəmə prosesi boyunca təqsirsizliyi sübuta yetirilsə də, 8 il azadlıqdan məhrum ediləcəyi barədə məlumat alıb: “Mən 2017-ci ildə olduğu kimi, yenə də eyni sifarişlə, eyni ittihamla həbsdəyəm. O zaman da gücü məndən qat-qat çox olan Cahangir Əsgərov məni həbs etdirdi. Qarşımda şərt qoydu və bütün mal-mülkümün əlimdən alınmasına razılıq sənədlərinə imza atdırıldı. Bundan sonra həbsdən buraxıldım. Mənə xəbərdarlıq etdi ki, səsimi kəsim, sakit olum. Mən isə səsimi kəsmədim, yenə də əvvəlki kimi, sehrli çubuğunu qaldırıb, məni həbs etdirdi”.

O xatırladıb ki, qanunvericilik şəxsin eyni ittihamla iki dəfə cinayət məsuliyyətinə cəlb olunmasını qadağan edir: “Görünür, şəxsin pulu və nüfuzu çox olanda, onun əmri qanundan üstün olur. 8 aydır ki, heç bir günahım olmadan həbsdəyəm. Məhkəmə boyunca təqsirsiz olduğum sübuta yetirilsə də, haqqında 8 il həbs hökmünün artıq hazır olması barədə məlumat almışam”.

İlqar İsmayılov məhkəməyə yazılı şəkildə etiraz verib ki, onun işi ümumiyyətlə, bu məhkəmədən alınsın. Çünki Bakı Ağır Cinayətlər Məhkəməsində heç bir hakimin obyektiv qərar verəcəyinə inanmır: “Bu məhkəmə Cahangir Əsgərovun təsiri altındadır. Onun əmrinin icra olunacağına zərrə qədər şübhəm yoxdur”.

İlqar İsmayılov, Foto: https://twnews.co.uk/

İş adamı etirazının baxılmaq üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini istəyib.

Məhkəmənin bu etirazla bağlı qərarı dekabrın 13-də keçiriləcək növbəti məhkəmə iclasında məlum olacaq.

İlqar İsmayılova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.

İş adamı bildirib ki, “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmtəə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib.

İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir. O, həbsindən bir neçə gün əvvəl “Facebook” hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi “İdeal Company”nin direktoru təyin etmək məcburiyyətində qalıb.

Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə sonda iş adamını haqlı sayıb və onun haqqında bəraət hökmü çıxarıb.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. “Adore Company”nin rəhbərliyində bir neçə ay əvvəl dəyişiklik olub. Bu ilin yanvarında şirkətin direktoru Samir Əliyev Nərmin İsmayılova əvəzləyib.

AZAL rəhbərinin xanımı Zərifə Həmzəyeva “Premium Bank”ın da əsas səhmdarı, “Gazelli Group”un da rəhbəridir.

Ana səhifəSiyasət“İdeal”ın keçmiş rəhbəri: “AZAL prezidentinin sifarişi ilə haqqımda 8 illik həbs hökmü hazırlanıb”