”Məhkəməyə gətirilən yalançı şahidlər evimizin ünvanını belə bilmirlər”
Gəncə şəhər sakini Xaqani Seyidov kiçik qardaşı Həsən Seyidovun onu və anasını mənzillərindən çıxartdığını və məhkəmələr vasitəsilə evi onlardan aldığını iddia edir.
Bu barədə Xaqani Seyidov Meydan TV-yə şikayətində bildirib.
Xaqani Seyidov deyir ki, qardaşı Həsən Seyidov atası Abdulla Seyidovu da aldaraq Nizami rayonunun Zərdabi küçəsindəki mülki öz adına keçirdib: “Atam 2013-cü ildə vəfat edib. Atamı evdən çıxardandan sonra 5 il mənimlə yaşadı. Kişi çox stress keçirmişdi, deyirdi ki, bu hərəkətinə görə Həsəni vuracaq, amma evə gedəndə onu tapmayıb hirsindən anama əl qaldırdı, buna görə həbs olundu və həbsxanada vəfat etdi. Qardaşım heç yasına da gəlmədi. Ancaq qardaşım bundan sonra ata evimizi, anamın adına olan mənzili də adına keçirib, onu da evdən çıxardı. Anam da Nizami Rayon Məhkəməsinə şikayət etdi və mənzil qaytarıldı. Sonra mənzil mənimlə kiçik qardaşımın adına keçirildi. Mən Məşhəddən qayıdanda acınacaqlı mənzərəylə qarşılaşdım, gördüm, anamı yenə evdən çıxarıb, anam bundan sonra insult keçirib. Hazırda hamımız kirayədə yaşayırıq”.
O, qardaşının əsas iddiasının mənzili təmir etdirməsilə bağlı olduğunu deyir: “Halbuki, mənzili anam təmir etdirib, 3 il təmir işi aparılıb, işləyən də mən olmuşam, anamın pensiyasıyla tikinti materialı alıb evi normal hala salmışıq”.
Xaqani Seyidov deyir ki, onlar yerli məhkəmələrə növbəti şikayətlərini etsələr də, qardaşı qaynanası vasitəsilə hakimlərə təsir edə bilib: “Mən tam əminliklə deyirəm ki, Nizami Rayon və Apellyasiya məhkəmələrinin hakimləri maddi maraq naminə qanunsuz qərar qəbul ediblər. Konkret olaraq, Apellyasiya Məhkəməsinin hakimi Azər Bayramov və Nizami Rayon Məhkəməsinin hakimi Mahir müəllimin adını çəkə bilərəm. Məhkəməyə gətirilən yalançı şahidlər evimizin ünvanını belə bilmirlər. Ancaq anamı, bacımı şahid kimi qəbul etmirlər”.
Xaqani Seyidov Ali Məhkəməyə şikayət etdiyini söyləyib: “Bundan əlavə, prezident İlham Əliyevə, millət vəkili Mehriban Əliyevaya, baş prokuror Zakir Qaralova müraciət etsəm də, heç bir reaksiya yoxdur. İndi bilmirəm nə edim, xəstə anayla, bacımla kirayələrdə qalmışam”.
Xaqani Seyidovun ittiham etdiyi qardaşı Həsən Seyidov isə deyilənləri Meydan TV-yə yalanlayıb.
O, haqqında səslənənləri iftira və böhtan adlandırlr: “Anam insult olduğundan nələr baş verməsi barədə anlaqlı deyil və Xaqani bundan özü üçün istifadə edir. Atamın ölümündə mənim günahımın olması barədə deyilənlər də doğru deyil. O biri qardaşım Etibar da onunla salamı kəsib, danışmır. Çünki nəslimizə ləkə vurub. Xaqanini buna sövq edən həyat yoldaşıdır. Hətta sahə müvəkkilini üstümə göndərmişdi, amma nəticəsi olmadı. Çünki mən haqlıyam. O ki qaldı kirayədə yaşamasına, bu da yalandır, öz evi var”.
Qanunsuz qərar qəbul etməkdə ittiham olunan hakimlərlə əlaqə saxlamaq mümkün olmayıb.