Sözügedən şəxs barəsində həbs qərarı verilmədiyi üçün o, ölkəni tərk edib
Bakı şəhər sakini, hazırda 1 Saylı İstintaq Təcridxanasında saxlanılan İlkin Əbülfəz oğlu Babayev Prezident İlham Əliyevə müraciət edib.
Meydan TV-yə göndərdiyi məktubunda məhbus Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin prosesi qərəzli apardığını, prokurorluğun sifarişini yerinə yetirdiyini deyir.
Onun fikrincə, ittiham aktında yazılanlar yalandır, məqsəd prokuror Nicat Şəmşirovun qardaşı Nahid Şəmşirovu cinayət əməlindən yayındırmaqdır.
Nahid Şəmşirov əslən kəlbəcərlidir. O, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun əmisi oğludur. Həmçinin, keçmiş ədliyyə nazirinin müavini Aydın Qasımovun oğlu və Pentensiar Xidmətin rəisi Mirsaleh Seyidovun müavini Rauf Qasımovun qaynıdır.
Qardaşı Nicat Şəmşirov isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində prokuror kimi çalışır. Elə ittiham aktından da görünür ki, Nahid Şəmşirov qardaşının adından danışaraq vətəndaşları aldadıb.
İttihamda yazılıb ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 5 saylı Yol İdarəsinin rəis müavini işləyən Nahid Şəmşirov tanışı Eldar Muradov və İlkin Babayevlə birlikdə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə (Cinayət Məcəlləsinin 310, 32.4. 312.2 və 178.3.2-ci maddələri) ələ keçirib.
Belə ki, təqsirləndirilənlər özlərini vəzifəli şəxs, yaxud da vəzifəli şəxsin yaxını kimi göstərərək, müxtəlif vətəndaşları aldadıblar.
Məsələn, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (Bandotdel) tərəfindən həbs edilən Elçin Əskərbəylini rüşvət müqabilində azadlığa buraxdırmaq üçün Kərəm Əhmədov adlı şəxsdən 50 min manat vəsait alınıb.
Bundan başqa, ev tələbi mübahisəsi ilə bağlı aşağı məhkəmə instansiyalarında uduzmuş Yeganə Qurbanovanın Ali Məhkəmədə qazanması üçün ondan 28 min manat, Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin təmir-tikinti işlərinin təşkili və texniki nəzarət şöbəsinin müdir müavini Xəlil Qasımovdan isə qardaşı oğlu Oruc Orucbəylini Dövlət Yol Polisinə işə düzəltmək üçün 49300 manat alınıb.
Xəlil Qasımov təkrar aldadılıb. İttihamlara görə, Nahid Şəmşirov İlkin Babayevin telefonundan ona zəng edərək özünü “Nicat” adlı prokuror kimi təqdim edib, yalandan deyib ki, onunla bağlı araşdırma aparılır. İşin Xəlil Qasımovun xeyrinə həll olunması üçün ondan 10 min dollar alınıb və beləliklə Xəlil Qasımova 67.200 manat ziyan vurulub.
Binəqədi Rayon Polis İdarəsi tərəfindən həbs olunan Məmməd Məmmədovun ev dustaqlığına buraxılması üçün oğlu Cəlal Məmmədov da təqsirləndirilən şəxslərə 30 min manat ödəyib.
Övladı Şəhadət Hüseynlini Dövlət Gömrük İdarəsinin Baş Gömrük İdarəsinə işə düzəltmək istəyən İbadət Hüseynov da təqsirləndirilən şəxslərə 50 min manat ödədiyini bildirib. Eyni məqsədlərlə aldadıldığını deyən daha iki nəfər də şikayətçilər arasındadır. Ancaq İlkin Babayevdən başqa təqsirləndirilən şəxslərin heç biri həbsdə deyil. Onun sözlərinə görə, cinayət işində əlbir olduğu göstərilən Eldar Muradovla əvvəllər heç bir tanışlığı olmayıb.
İttihamda qeyd olunan epizodlardan isə yalnız biri üzrə – telefonundan istifadəyə icazə verdiyi üçün özünü təqsirli bilir.
İlkin Babayev deyir ki, Nicat Şəmşirov vəzifəsindən istifadə edərək, qardaşını məsuliyyətdən yayındırıb, nəticədə hər iki əməl sahibi azadlıqda qalıb. Məhkəmə qarşısına isə yalnız İlkin Babayev çıxarılıb.
İlkin Babayev Prezidentə müraciətində yazır ki, 4 fevral 2023-cü ildə Binəqədi Rayon Məhkəməsində Fərid Əmrulllayevin sədrliyi ilə keçirilən sanksiya məhkəməsi zamanı Nahid Şəmşirovun adı prokurorluğun təqdimatında hallandırılsa da, işi aparan müstəntiq İlyas Hüseynov onun həbsinə imkan verməyib.
“9 fevral 2023-cü ildə Bakı İstintaq Təcridxanasında keçirilən üzləşmə istintaq hərəkətləri zamanı prokuror qardaşı – Nahid Şəmşirovun bu cinayətləri törətməsi bir daha öz təsdiqini tapsa da, müstəntiq İlyas Hüseynov onu yenə də həbs etmədi”, – İlkin Babayev yazır.
Onun sözlərinə görə, nəticədə 3 ay Nahid Şəmşirov barəsində həbs qərarı verilməyib və o, ölkəni tərk edə bilib. Hazırda o, ABŞ-də məskunlaşıb. Bunu DİN-nin İnterpolun Milli Mərkəzi Bürosunun 10 yanvar 2025-ci ildə İlkin Babayevə göndərdiyi cavab məktubu da təsdiqləyir.
Bürodan bildirilir ki, Nahid Şəmşirov ABŞ-də saxlanılıb, onun ekstradisiya və ya deportasiyası məsələsinə baxılması üçün qarşı tərəfə müraciət edilib.
İlkin Babayev müraciətində qeyd edib ki, o, dəfələrlə baş verənlərə etiraz edərək aclıq edib, hətta özünə xəsarət yetirib, hazırda həkim nəzarətindədir.
Təsqirləndirilən şəxs məmur özbaşınalığına son qoyulmasını və barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini istəyir.
Adları sadalanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.