“İctimaiyyətdə hökumətin inflyasiya rəqəmlərinə etimad yoxdur”

Foto: Azertac

Rövşən Ağayev: “Rəqabət olmadığı, inhisarçılığın hökm sürdüyü şəraitdə qiymətlərin yüksəlməsi baş verir”

Baş nazir Əli Əsədov parlamentin 3 dekabr iclasında qiymət artımından danışıb. Baş nazir bildirib ki, pandemiya istehsal həcmlərinə mənfi təsir göstərib. O vurğulayıb ki, beynəlxalq təşkilatlar qiymətlərin son 30 ildə ən yüksək həddə çatdığını bildirir:

“Bunun ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısının alınmasına, ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetiriləcək. Qiymət artımı ilə əlaqədar hökumət mümkün olan bütün qabaqlayıcı tədbirləri görür və bundan sonra da görəcək. Süni qiymət artımının qarşısının alınması ilə bərabər, idxalın əvəzinə istehsalın artırılması nəzərdə tutulur”.

İqtisadçı Rövşən Ağayev Baş nazirin Azərbaycanda qiymət artımını “beynəlxalq təşkilatlar qiymətlərin son 30 ildə ən yüksək həddə çatdığını qeyd edib” izahıyla əlaqələndirməsini doğru sayıb.

Rövşən Ağayev Dünya Ərzaq Təşkilatının qiymət indeksini əsas gətirərək deyib ki, gerçəkdən dünyada qiymət artımı problemi var:

“Hətta bugünlərdə ABŞ FED-nin rəhbəri xüsusi vurğuladı ki, yüksək inflyasiyanı tarixə göndərmək hələ tezdir. Amerikada da son 30 ildə ən yüksək inflyasiya riski yaranıb. Bu ölkədə ən yüksək inflyasiya riski ötən əsrin 80-ci illərində yaşanmışdı. Amma indi həmin dövr deyil, ABŞ fərqli zaman yaşayır. Sadəcə, indi inflyasiyayla bağlı yüksək qiymət trendi var”.

Rövşən Ağayev də qiymət artımında pandemiyanın çox böyük rolu olduğunu istisna etmir. Ancaq iqtisadçı deyir ki, hər bir ölkədə qiymətlərin artması təkcə qlobal amillərlə bağlı deyil, daxili amillər də var:

“Məsələn, “Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyi son hesabatında ən yüksək inflyasiyaya görə Türkiyəni göstərib, 25 faiz. Türkiyədə 25 faiz, ABŞ-da 3-4 faiz inflyasiya gözlənilirsə, deməli, fərq böyükdür və təkcə qlobal problemlərlə bağlı deyil. Ölkə iqtisadiyyatının daxili problemləri də var”.

Rövşən Ağayevin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının problemlərindən biri də inflyasiyanın ölçülməsidir:

“Azərbaycan ictimaiyyətində hökumətin ölçdüyü inflyasiyaya etimad yoxdursa, bu problem həllini tapmalıdır. Çünki inflyasiya dəqiq ölçülməyəndə iqtisadiyyatın digər problemlərinin də həlli mümkün olmur. Məsələ ondadır ki, sosial xərclərin, maaşlarını artırılması, yaşayış minimumunun dəyəri inflyasiyaya əsaslanır”.

“Əgər inflyasiya düz hesablanmırsa, deməli, bütün bu məlumatlar da yanlış olur. Ona görə Baş nazir yaxşı olar ki, sadaladığım problemi-inflyasiyanın dəqiq ölçülməsini həll etsin. Necə etmək lazımdır ki, inflyasiya haqqında məlumatlar etibarlı olsun və ictimai rəy qəbul etsin? Yaxşı olardı, sorğu keçirilsin, 100 nəfərdən əksəriyyəti hökumətin yaydığı rəqəmlərə inanmayacaq”, – iiqtisadçı vurğulayıb. Rövşən Ağayev deyib ki, Azərbaycan iqtisadiyyatındakı inflyasiya həm də idxaldan qaynaqlanır:

Rövşən Ağayev
Rövşən Ağayev, Foto: Meydan TV

“Əgər idxal malları bahalaşırsa, deməli, mallarla bərabər inflyasiyanı da idxal edirik”.

İqtisadçı eyni zamanda, iqtisadiyyatın daxili problemlərinə də baxılmasını vacib sayıb:

“İstehsal, ticarət və digər sektorların rəqabətliliyi araşdırılmalıdır. Çünki rəqabət olmayanda da inflyasiya yüksək olur. Yəni rəqabət olmadığı, inhisarçılığın hökm sürdüyü şəraitdə qiymətlərin yüksəlməsi baş verir. Ona görə dərin analizlər aparılmalıdır ki, mövcud inflyasiyanın hansı hissəsi idxaldan, qlobal problemlərdən, hansı hissəsi isə yerli iqtisadiyyatın özündən qaynaqlanır”.

R.Ağayev Baş nazirin süni qiymət artımı barədə söylədiklərini belə qiymətləndirib:

“Mən süni qiymət artımı anlayışının özünü absurd sayıram. Hökumətin leksikonunda bu terminin yaşı çoxdur, 25-30 ildir. Bazar iqtisadiyyatının normal işlədiyi şərtlərdə süni qiymət artımı olmur”. Bəli, inhisarçı səbəblərdən qiymət artımı olur, bunun da qarşısını almaq üçün anti-inhisar qanunlarını işə salmaqdır”.

“Əgər ölkənin ticarət şəbəkəsi 2-3 marketlər şəbəkəsi arasında bölünürsə, onlar da qiymətləri öz aralarında razılaşırlarsa, buna kartel sövdələşməsi deyirlər. Hökumət elə mexanizm qurmalıdır ki, vətəndaş rəqabət, anti-inhisar qanunlarının işlədiyini hiss etsin. Yoxsa sovet quruluşunda olduğu kimi məhsullara qiymət təyin etmək doğru deyil. Bu, yanlış yanaşmadı”, – iqtisadçı deyib və əlavə edib ki, Azərbaycan iqtisadyyatında idxaldan asılılıq yüksəkdir. Məsələn, ölkə bitki yağlarının xammalının 92-94 faizini xaricdən alır, yaxud kərə yağının xammalının 60-65 faizi, o cümlədən, buğdanın 60 faizə yaxını idxal olunur:

“Beləliklə, dünyada idxal malları bahalaşdıqca, həmin məhsulların qiymətinin artımı da qaçılmazdır. Bu baxımdan idxaldan asılılığın azaldılması üçün hökumətin xüsusi siyasəti olmalıdır. Əsasən də ölkənin ərzaq təhlükəsizliyinin önəmli elementləri olan yağ, ət, buğda, uşaq qidaları və digər məhsullar baxımından”.

Ana səhifəİqtisadiyyat“İctimaiyyətdə hökumətin inflyasiya rəqəmlərinə etimad yoxdur”