“Normal ölkələrdə, normal hakimiyyətlərdə bu cür müzakirələr daha öncədən olur”
Milli Məclisdə “Azərbaycan Respublikası Vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklər birinci oxunuşdan keçdi. Artıq dəyişikliklər təsdiq olunması üçün prezidentə təqdim olunub.
Yeni dəyişikliklərin qəbul olunmasına etiraz edən Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyi müraciət ünvanlayıb. Müraciətdə bildirilirdi ki, qanun qüvvəyə minərsə, bu, xaricdə yaşayan Azərbaycan vətəndaşları üçün çoxsaylı problemlər yaradacaq. Birliyin sədri Əlövsət Əliyev ictimayəət nümayəndələrini qanunun qəbul olunmasına etiraz etməyə çağırdı. Bəs ictimaiyyət nümayəndələrindən bu çağırışa qoşulan varmı?
Müsavat başqanı İsa Qəmbərin fikrincə, Azərbaycan Respublikasının Konstitusiyasında açıq göstərilir ki, dövlət öz vətəndaşlarını vətəndaşlıqdan məhrum edə bilməz: “Burada isə birbaşa olaraq göstərilir ki, vətəndaşı hansısa səbəblərdən vətəndaşlıqdan çıxarmaq olar. Azərbaycan hakimiyyəti bunu onunla əsaslandırır ki, Rusiya tərəfi müxtəlif postsovet məkanındakı ölkələrdə yaşayan insanlara Rusiya vətəndaşlığı verməklə sonrakı mərhələdə problem yaratmaq siyasəti yerinə yetirir. Azərbaycan hakimiyyəti də guya bu təhlükənin qarşısını almaq üçün vətəndaşlıq haqqında qanunu sərtləşdirmək mövqeyi tutur. Məncə, bu
təhlükənin qarşısını almaq üçün daha etibarlı yollar tapmaq olardı. Bu şəkildə vətəndaşlar üçün problem yaratmaq düzgün deyil. Qanunun bir neçə istiqaməti var ki, birbaşa insan haqları pozuntusudur. Xüsusən də öz ölkənə qarşı hansısa addımlar atacağın halda vətəndaşlıqdan çıxarılmaq məsələsi çox yayğın, qeyri-müəyyən formada yazılıb. Nəzərə alsaq ki, indiki hakimiyyət, indiki məhkəmələr istənilən Azərbaycan vətəndaşını vətəndaşlıqdan çıxarmaq üçün bəhanə tapa bilər. Hələ ki, qanun qüvvəyə minməyib və hakmiyyət bu yanlış addımdan dönə bilər. Doğrudur, hakimiyyətdən bunu gözləmək çətindir. Çünki hakimiyyət pis nə varsa sona qədər edir, yaxşı nə varsa etmir. Amma cəmiyyət buna mövqeyini bildirməlidir. Mən də sizin mediaya strukturuna verdiyim açıqlama ilə öz mövqeyimi bildirmiş oluram. Müsavat Partiyası da bu məsələyə öz mövqeyini bildirəcək”.
ReAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli qanunun yalnız bir müddəası ilə razı deyil : “Əlavə və dəyişikliklərlə tanışam. Hesab edirəm ki, orada yalnız bir müddəa etiraz doğuran məsələdir, digər müddəalar normaldır. Orada yazılanlar başqa ölkələrdə də mövcud olan qanunlardır. Yeganə razılaşmadığım və qəbul olunmasına qarşı olduğum bir müddəa var idi. İndi dəqiq xatırlamıram, amma orada belə bir şey var ki, milli təhlükəsizliyə təhlükə yaratdığı halda, vətəndaş Azərbaycan Respublikasının vətəndaşlığından çıxarılır. Bu isə Konstitusiyaya ziddir. Azərbaycan dövləti vətəndaşı vətəndaşlıqdan məhrum edə bilməz. Bu, o deməkdir ki, hər hansı bir hakimiyyətə qarşı çıxan, siyasi fəaliyyətlə məşğul olan şəxsə bir damğa vurub bu müddəaya əsasən, vətəndaşlıqdan çıxarmaq mümkün olacaq”.
Hüquq müdafiəçisi Rəsul Cəfərov: “ Əlbəttə, ictimaiyyəti maraqlandıran məsələlər haqqında açıq-aşkar danışıqlar aparılmalıdır. Çünki bu işin qaydası belədir. Dünya ölkələrində də bu cür vacib məsələlər ortaya çıxanda, hətta qanuna əlavə və dəyişikliklər edilməsindən çox-çox əvvəl bu məsələ müzakirəyə çıxarılır. Normal ölkələrdə, normal hakimiyyətlərdə bu cür müzakirələr daha öncədən olur. Çünki bu, çox əhəmiyyətli bir məsələdir. Bizim üçün də bir hüquq müdafiəçisi, bu ölkənin vətəndaşı olaraq narahatedici bir dəyişiklik idi. Ümumiyyətlə, bu dəyişikliklər niyə indi oldu? Buna sosial sifariş var idimi?
Hesab edirəm ki, bu dəyişikliklər birmənalı şəkildə Konstitusiyaya ziddir. Və Konstitusiyaya dəyişiklik edilmədən qanuna bu cür dəyişikliklər etmək mümkün deyil. Konstitusiyaya dəyişikliyi isə yalnız referendumla etmək mümkündür. Ona görə də bu cür məsələlər cəmiyyətin müzakirəsinə çıxarılmalıdır”.
Hüquqşünas Müzəffər Baxışov da hesab edir ki, bu qanun Konstitusiyanın 52-53-cü maddələri ilə ziddiyyət təşkil edir: “Bu dəyişikliklərin Konstitusiyanın 149-cu maddəsinin 1-ci hissəsinə görə heç bir hüquqi qüvvəsi yoxdur. Həmin dəyişikliyə görə, kiminsə kimdənsə məsuliyyət tələb etməsi, kimisə məsuliyyətə cəlb etmək tamamilə qanunsuzdur. Eyni zamanda, çox irəli gedərək, “Azərbaycan vətəndaşlığı haqqında” qanunun 10-cu maddəsinə dəyişiklik edib, başqa dövlətin vətəndaşlığını əldə edən
şəxslərin bir ay müddətində müvafiq icra hakimiyyətinə məlumat vermədiyi təqdirdə, cinayət məsuliyyətinə cəlb ediləcəyini bəyan edirlər. Azərbaycan vətəndaşlığından çıxan şəxsin icra orqanına məlumat verməməyə görə məsuliyyətə cəlb edilməsini demək kimi gülüncdür”.