“İctimai şüur Şuşa rayon icra başçısının villa almasına adi yanaşır”

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovun ATV-nin sabiq sahibi Tağı İbrahimovun villasını alması ilə bağlı məlumat sosial şəbəkələrin və medianın müzakirə mövzusuna çevrilib.

Source:

Akif Nağı: “Ən azından işğal altında olan rayonların başçılarında mənəvi sıxıntı olmalıdır ki, 100 minlərlə soydaşları ağır durumdadır”

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovun ATV-nin sabiq sahibi Tağı İbrahimovun villasını alması ilə bağlı məlumat sosial şəbəkələrin və medianın müzakirə mövzusuna çevrilib.

Əsasən də villanın 4,5 milyon manata olması birmənalı qarşılanmır. Azpolitika.info portalının yaydığı məlumata görə, Novxanının ən gözəl yerində, üzü dənizə baxan təpənin yamacında yerləşən villa böyük ərazini əhatə edir. Ərazidə Azərbaycanın ən qüdrətli adamlarının – nazirlərin, iş adamlarının, generalların, polis rəislərinin və digərlərinin bağ evləri var. İçərisində çoxlu sayda qiymətli ağacların, güllərin əkildiyi bağın dizaynının yüksək zövqlə işləndiyi də yayılan məlumatlar sırasındadır. Portal 4 mərtəbəli villanın həqiqətən dəyərli, çox möhtəşəm tikildiyini yazır.

İcra başçısı Bayram Səfərov adıçəkilən portala və “Yeni Müsavat” qəzetinə dolayısı ilə informasiyanı təsdiqləyib. Hətta jurnalistin “bu, sizin villanızdır deyə, xeyir-dua verə bilərik də” sualına “Çox sağ ol, var ol. Allah sənə də qismət eləsin. Səmimi qəlbdən xeyir-dua verənlərin hamısına qismət olsun” – deyə təsdiqləyici cavabını verib.

İcra başçısı 4,5 milyon manatlıq villanı “barter”lə aldığını da deyib. Ancaq nə ilə dəyişdiyini açıqlamayıb.

O, bildirib ki, hər kəs şəraitini yaxşılaşdırır: “Mən niyə yaxşı şəraitdə yaşamamalıyam? Mənim yaşım var, ömrüm boyu əzab-əziyyət çəkmişəm, zəhmətlə yaşamışam”.

800 manat maaş alan işğal olunmuş rayonun icra başçısının deyilən dəbdəbəyə və qiymətə malik villaya sahib olması isə cəmiyyətdə sual doğurur.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Bayram Səfərovu zarafatçıl adam hesab edir. Bununla belə, düşünür ki, işğal olunan rayonların icra başçıları və deputatlarının paytaxtda, ətraf bölgələrdə çox rahat şəkildə villalara sahib olmaları çox qəribədir. Akif Nağı bu yaxınlarda Qusar rayonunda şəhid ailələri və müharibə veteranları ilə görüşə getdiyini söyləyərək dedi ki, Şahdağ ətrafında da belə villalar var: “Adam həmin villalara kimlərin sahib olduğunu eşidəndə dəhşətə gəlir, çünki Böyük Britaniyanın orta əsrlərdə tikilən villaları Azərbaycan məmurlarının tikdiklərinin yanında komaya bənzəyir. Oxşar mənzərəni Bakı ətrafı qəsəbələrdə də görmək olur. Ən azından işğal altında olan rayonların başçılarında mənəvi sıxıntı olmalıdır ki, 100 minlərlə soydaşları ağır durumdadır, o cümlədən, əsirlikdə nə qədər insanlarımız var”.

Akif Nağı hesab edir ki, dəyəri milyonlarla ölçülən villalardan söhbət gedirsə, burda oğurluğun olması şübhəsizdir. Bu mənada dövlətin müvafiq orqanları baş verənlərə reaksiya verməlidir: “Sual etməlidirlər ki, hansı maaşla, vəsaitlə bu sarayları tikirsiniz? Nədir bu, oğru, quldur cəmiyyətində yaşayırıq? Vəzifədə olanların hamısı oğru və qurdurdular? Ona görə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi araşdırma aparmalıdır”.

QAT sədri bu məsələni gündəmə gətirib etirazlara başlamaq barədə suala belə cavab verdi: “Əksər QHT-lər bununla məşğul olmalıdır, xarici konfranslarda iştirak edən vətəndaş cəmiyyəti, xüsusən korrupsiyaya qarşı yaranan QHT-lərin nümayəndələri müzakirə açmalıdırlar. Biz isə bu məsələlərlə bağlı dəstək verməyə hazırıq”.

Tanınmış hüquqşünas Müzəffər Baxışov hesab edir ki, normal dövlətlərdə belə hallar araşdırılır. Amma Azərbaycanda rüşvət vermə və alma normal hal kimi qəbul edilir: “İctimai şüur Şuşa rayon icra başçısının villa almasına adi yanaşır. Halbuki, belə olmamalıdır”.

Hüquqşünas icra başçısına qarşı hansısa tədbir görüləcəyinə inanmadığını dedi.

Əslən Şuşadan olan “Yeni Müsavat” qəzetinin redaktoru Nazim Sabiroğlu icra başçısı Bayram Səfərovu illər öncə daha çox iş adamı kimi tanıdığını dedi: “Mən onu siyasi postda görməmişəm”.

O, Bayram Səfərovun maliyyə imkanlarının geniş olduğunu yalnız şuşalıların deyil, bütün Azərbaycanın bildiyini söylədi: “Bayram Səfərovun vəzifəyə təyin olunandan sonra pul qazandığını iddia etmək doğru deyil. Çünki o, həmişə bizneslə məşğul olub. Ona görə də 4,5 milyona villa almasını təbii qarşılayıram. Özü də bizneslə məşğul olduğunu təsdiqləyib”.

Həmkarımız biznesmen icra başçısının məcburi köçkün olan şuşalılar üçün nə kimi xeyriyyə işləri gördüyünü də soruşub. “Mən onunla çox az tədbirlərdə qarşılaşıram. Amma elə bir fakt eşitməmişəm. Güman ki, obyektlətində işləyənlərin əksəriyyəti məcburi köçkünlərdir” – deyə Nazim Sabiroğlu cavab verib.

Ana səhifəXəbərlər“İctimai şüur Şuşa rayon icra başçısının villa almasına adi yanaşır”