İctimai şəxslər azyaşlı qızın müdafiəsinə qalxdılar

Vətəndaş cəmiyyətinin nümayəndələri ölkə rəhbərinə müraciət etdi

Source:


Vətəndaş cəmiyyətinin nümayəndələri ölkə rəhbərinə müraciət etdi

İctimaiyyət nümayəndələri Lerikdə azyaşlı qızın zorakılığa məruz qalması ilə bağlı xəbərlə bağlı ölkə rəhbərliyinə müraciət ünvanlayıblar.

Ölkə başçısı İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, Baş prokuror Zakir Qaralova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya, İnsan Haqları üzrə Müvəkkili Elmira Süleymanovaya, eləcə də xarici dövlətlərin Azərbaycandakı səfirliklərinə və beynəlxalq publik təşkilatların Azərbaycanda fəaliyyət göstərən nümayəndəliklərinə ünvanlanan müraciətdə deyilir:

“Dünən Azərbaycanda sosial mediada Lerik rayonunda 14 yaşlı qızın yüksək rütbəli məmurun qohumu tərəfindən təcavüz edildiyi və polisin bu hadisəni ört-basdır etməyə çalışdığı ilə bağlı xəbər

yayıldı

. İddia olunur ki, təcavüz edən şəxs hadisəni çəkib və təcavüzə məruz qalan qız kiməsə deyəcəyi təqdirdə videonun onlayn paylaşılacağına dair təhdid edilib. Kütləvi informasiya vasitələri yerli əhali ilə əlaqə saxlayanda öyrəniblər ki, bir neçə ay əvvəl qız (Xanım X.) “Azərişıq”-ın Lənkəran regionu üzrə rəis müavini Aydın Məmmədovun qardaşı oğlu, Elnur Məmmədov tərəfindən təcavüzə məruz qalıb və təxmini bir aydır kı bu hadisə yerli camaat tərəfindən bilinir. Hazırda xanım X. dörd aylıq hamilədir və ailəsi onu da götürərək Lerikdən çıxıb Bakıya gedib. Polisin hadisəni araşdırmaqdan boyun qaçırdığı barədə məlumatların verildiyi bir vaxtda (ən azından azyaşlı ilə cinsi əlaqə və videonun çəkilməsi kimi fakt mövcud olduğu halda, hüquq-mühafizə orqanlarının heç bir reaksiyası barədə məlumat mövcud deyil), qurbanın atası Rasim Təhməzov bütün iddiaları rədd edib məsələni müzakirə edənləri günahlandırır. O

deyir

ki, 14 yaşlı qızı ilə 24 yaşlı Elnur Məmmədov bir neçə il sonra evlənəcəklər, çünki ailələr belə məsləhət görüb. Həmçinin o vurğulayır ki, xanım X. onun qızı olduğu üçün o kiminlə istəsə, qızı da onunla evlənməyə razı olacaq. Azərbaycan mühafizəkar bir ölkədir və Lerik ölkədəki ən mühafizəkar regionlardan biridir. Bir qadın təcavüzə məruz qaldıqda belə hesab edilir ki, qurban, yəni həmin qadın və onun ailəsi öz “şərəfləri itirildiyi” üçün utanmalıdırlar. Buna görə də, Rasim Təhməzov öz qızını onu təcavüz edən adamla evlənməyə məcbur edir. Və polis məsələyə müdaxilə etməyə həvəssiz yanaşır, çünki təcavüz edən şəxs yüksək rütbəli məmurun qohumudur və eyni zamanda, polisdə bu hadisənin iki ailənin “daxili məsələsi” olduğuna inanan mühafizəkar insanlarla doludur. Azərbaycanın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların ölkə ilə münasibətlərinin əsas aspektlərindən biri Azərbaycan insan hüquqları təmin edilməsi və hüququn aliliyinə nail olmaqdır. Qadın hüquqları bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycanda qadın hüquqları digər hüquqlara nisbətən daha sistematik pozulur. Bu isə əhalinin yarısını maraqlandıran məsələdir. Xüsusilə qadınların və qız uşaqlarının zorlama və seksual zorakılığa məruz qalması Azərbaycan cəmiyyətinin ağrılı yerlərindən biridir. Təəssüf ki, zorlama və seksual zorakılıq qurbanlarının ailələləri qurbanlara dəstək vermirlər və qurbanlar ailələrdə zorakılıq və qısnama ilə yaşamalı olurlar. Bunun səbəbi isə dominant patriarxal təfəkkürdür. Bu işin hallarını və uşağın üstün mənafeyi (the best interest of child) konseptini nəzərə alaraq hesab edirik ki, bu halda uşaq ailədən alınmalı və dövlətin himayəsində ləyaqətli şəraitdə saxlanılmalı, lazımi psixoloji yardım almalıdır. Buna görə də biz – Vətəndaş Cəmiyyətinin nümayəndələri olaraq Azərbaycan dövlət qurumlarından tələb edirik ki, qurban olan uşaq ailəsindən dövlət tərəfindən alınsın və dövlətin himayəsində ləyaqətli şəraitdə saxlanılmaqla lazımi psixoloji yardım göstərilsin. Eləcə də uşağı zorlayan şəxs və onu evləndirməyə çalışan ailəsi ədalət mühakiməsi qarşısına çıxarılsın.

Azərbaycan qanunvericiliyi (Cinayət Məcəlləsi, maddə 176-1) yetkin qadınları və uşaqları nikaha daxil olmağı məcbur etməyi kriminallaşdırır. Mətbuatda cənab Təhməzov tərəfindən verilmiş bəyanatdan aşkar şəkildə görünür ki, o, qızını nikaha daxil olmağa məcbur edir. Bu baxımdan onun bu bəyanatı mətbuat yolu ilə törədilmiş əməl kimi qəbul edilməli və onun bu bəyanatı ilə bağlı cinayət işi açılmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu müvafiq cinayət işinin açılması və aparılan araşdırmalar barədə ictimaiyyətə üç gün ərzində və bundan sonra da həftədə bir dəfədən gec olmayaraq, mütəmadi şəkildə məlumat verməlidir. Azərbaycan Respublikası Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, eləcə də Prezident Administrasiyasının Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyalarına rəhbərlik edən müvafiq bölməsi qurbanın ailəsindən dərhal ayrılaraq müvafiq sığınacağa yerləşdirilməsini, psixoloji, tibbi yardım göstərilməsini təmin etməli, görülən işlər barədə ictimaiyyətə üç gün ərzində və daha sonra mütəmadi şəkildə məlumat verməlidir. Azərbaycan Respublikası BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında Konvensiyanın iştirakçısıdır və qadınların bütün hüquqlarını, o cümlədən cinsi bərabərlik hüququnu tanımaq kimi öhdəliyi var. Hesab edirik ki, beynəlxalq təşkilatların və Azərbaycanda akkreditasiya olunmuş səfirliklərin də təsisat olaraq Azərbaycanla əməkdaşlığı bu mövqeyi müvafiq dövlət qurumları qarşısında qaldırmağı tələb edir. Bu, həm də uşaq hüquqları, sosial hüquqlar və insan haqları ilə bağlı beynəlxalq təşkilatlar və konvensiyalara qoşularaq, üzərinə öhdəliklər götürmüş bir ölkə kimi Azərbaycanın həmin qurumlar və sənədlər üzrə tərəfdaşlarının vəzifə borcudur. Buna görə də Beynəlxalq qurumlardan və Azərbaycanda akkreditə olunmuş səfirliklərdən xahiş edirik ki, Azərbaycanın rəsmi orqanları qarşısında bu insidentlə bağlı aşağıdakı məsələlər qaldırılsın:





İnsidentin qurbanı olan uşaq ailənin himayəsindən alınsın və dövlətin himayəsinə verilsin. Dövlətin himayəsində ləyaqətli şəkildə onun saxlanılması təmin edilsin. Qurban olan uşağa müvafiq psixoloji yardım göstərilsin;





Uşağı zorladığı iddia edilən şəxs və ya şəxslər və onu zorla evləndirmək istəyən şəxs və şəxslər ədalət mühakiməsinə cəlb edilsin. Hadisəni gizlətməyə imkan verilməsin.





Azərbaycan dövlət qurumlarından üç gün ərzində məsələ ilə bağlı görülən işlər barədə məlumatın verilməsi istənsin”.

Ana səhifəXəbərlərİctimai şəxslər azyaşlı qızın müdafiəsinə qalxdılar