Arif Əliyev: “Zərdabinin prinsiplərinin əleyhinə işləyən qurumlar onun 140 illiyini qeyd edəcəklər”
Dövlət başçısı İlham Əliyev Respublika Günündə çıxışı zamanı ictimai nəzarətdən danışdı. Dövlət başçısının dedikləri maraq doğurdu. Prezident bildirdi: “Bir adam – Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər”.
Diqqət çəkən məqam odur ki, İlham Əliyev 12 illik hakimiyyəti dövründə ilk dəfə idi bu barədə danışırdı. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevlə söhbətimizdə də ictimai nəzarəti həyata keçirən mətbuatımızın durumu və bu yöndə yaranan suallara cavab almağa çalışdıq.
–
Arif bəy, prezident İlham Əliyevin 28 may Respublika Günündə səsləndirdiyi fikirlər, daha konkret desək, ictimai nəzarət haqqında dediklərindən xəbərdarsınız. Prezident ictimai nəzarətin vacib olduğunu xatırladıb. Bu mənada Azərbaycanda mətbuatın durumu baxımından ictimai nəzarət varmı? İlham Əliyevin hakimiyyətə gəldiyi 2003-cü il və bu gün olan ictimai nəzarəti müqayisə edəndə qiymətləndirməniz necədir?
– Əvvəla, dövlət başçısının fikirləri çox dəqiq və düzgündür. Yalnız sonuncu cümlədən başqa. Yeni mexanizmi nəzərdə tuturam, ictimai nəzarət yeni mexanizm deyil. Ümumiyyətlə, bəşəriyyət tarixini iki yerə bölmək olar; birincisi, insanların toplaşıb özlərini müdafiə etmək üçün hökumət yaratması, ikincisi isə bu hökumətdən özlərini müdafiə etmək üçün yeni bir üsul axtarmasıdır. Əlbəttə, ən təsirli üsul ictimai nəzarətdir. İctimai nəzarətin isə bəşəriyyət hələ mediadan daha güclü və yaxşı üsulunu tapmayıb. İctimai nəzarəti həyata keçirmək üçün yalnız hökumətin yox, bütün siyasi institutların üzərində ən təsirli vasitə mediadır. Bunların hamısı nəzəri məsələdir. Praktikaya gələndə, Azərbaycanda ictimai nəzarəti faizlə ölçmək çox çətindir, amma mütləq bir şey götürsək, olduqca aşağı səviyyədədir. Çünki ictimai nəzarətin bazis elementlərindən biri ictimai rəyin olmasıdır, Azərbaycanda isə dəqiq, daim ölçülən və nəzərə alınan ictimai rəy yoxdur. İkincisi, nəzarət mexanizmlərinin hamısı şil-şüt vəziyyətindədir.
–
Şil-şüt, yəni dağılmış?
– O funksiyaları həyata keçirmək üçün potensiala malik deyil, nə media, nə də indiki vəziyyətdə qeyri-hökumət təşkilatları.
–
Hakimiyyət bu vəziyyəti məqsədli şəkildə yaradıb, yoxsa keçdiyimiz bir mərhələdir?
– Olan şey dağılırsa, bu, ya böyük və ciddi səhvlərin nəticəsində olur, ya da məqsədli siyasi fəaliyyətin. Mənim fikrimcə, məqsədli fəaliyyətin nəticəsidir.
–
Çox qəribədir, 12 il hakimiyyətdə olan İlham Əliyev ilk dəfədir ictimai nəzarətdən danışır. Mətbuat dağınıq durumdadır. Azadlıq Radiosu, “Azadlıq” qəzeti və Meydan TV, vəssalam. Televiziyalar şou-maqazin proqramlarına yüklənib, qəzetlərin tirajı çox aşağı səviyyədədir. Bu mənada mətbuat ictimai nəzarəri həyata keçirə biləcəkmi, yəni prezidentin tapşırıqları həyata keçəcəkmi?
– Güman edirəm ki, ritorik sualdır. Yox, bilirsiniz ki, mətbuatın da 140 illiyi yaxınlaşır.
–
Prezident bununla bağlı sərəncam da imzalayıb və bir sıra qurumlara 1 ay vaxt da verib…
– Bəli. İndi Zərdabinin prinsiplərinin əleyhinə işləyən qurumlar onun 140 illiyini qeyd edəcəklər. Gələk sualınıza, istənilən halda medianın ictimai nəzarəti həyata keçirməsi üçün müstəqil qurum olmalıdır. Hərçənd ki, bazis olsa da, maliyyə tərəfini kənara qoyuram. Peşəkarlığı da qoyaq kənara. Müstəqillik, ilk növbədə, seçim imkanı tələb edir. Sən müstəqilsənsə, sənin seçim imkanın olmalıdır. Azərbaycan televiziyaları 100, çap mediasının isə 99 faizi hansı müstəqilliyi edə bilər? Hansı ki, istiqamətlərini bir balaca dəyişsə, dövlət yardımından məhrum olacaqlar. Bu isə 100 faizlik ölüm deməkdir. Yəni medianın hər hansı müstəqil seçim etmək, yaxud mövqe seçmək hüququ yoxdur. Belə halda indiki vəziyyətdə hansı ictimai nəzarətdən danışa bilərik? Siz prezidentin birinci dəfə bu barədə danışdığını dediniz, səslənməsəydi, daha pis olardı. Nə yaxşı ki, hansı bir mərhələdə belə şeylər səslənir.
–
Bəs səslənməsinin təsiri olacaqmı?
– Mən əvvəlcədən bəd gətirmək istəmirəm. Ancaq o dəyişikliklər üçün real bir hərəkət görmürəm. Ki, Azərbaycanda son 3-5 ildə media hansısa irəliyə doğru bir addım atıb. Yaxud QHT sektoru… Medianın vəziyyətini deyim, son 4-5 ildə mediaya təkcə Dövlət Yardımı Fondu vasitəsilə 20-25 milyon manat ayrılıb. Bilirsiniz, bizim balaca mediamız üçün bu vəsait nədir? Bir müstəqil mətbəə 1 milyona başa gəlir. Yaxud bütün jurnalistlərin nəqliyyat xərcləri də cüzi vəsait edir. İndi o pul getdi, yəni dəstək göstərildi. Məgər, son 5 ildə qəzetlərin tirajlarımı artıb? Xeyr, azalıb. Müstəqil KİV-in sayımı artıb? Əksinə, bağlananların sayını sadalamaq olar. Jurnalistlərin maddi vəziyyəti yaxşılaşıbmı? Hökumətin verdiyi mənzillərin üstündə dava düşür.
–
Ümumiyyətlə, hökumət jurnalistə mənzil verməlidirmi?
– Əlbəttə, yox. Niyə jurnalistə verməlidir, bağça müəllimələrinə, həkimlərə yox? Bəlkə onlar daha az əhəmiyyətli işlərlə məşğuldur? Bəli, əlilliyi olan jurnalist varsa, ona mənzil verilməlidir. Amma jurnalistlərə ev verib, onları mənəvi əlil etməməlidirlər. Bunlar fərqli şeylərdir. Allah sağlıqlarına qismət etsin, hər halda onlar öz haqları və əməllərilə almalıydı. Amma dəfələrlə söhbət zamanı deyiblər ki, “sənə ev vermişik” sözlərini başlarına qaxınc ediblər. Nəhayət, son 5 ildə bəlkə mediada həbslərin sayı azalıb və bəlkə keyfiyyət yüksəlib? Yox! Gələk QHT sektoruna. 5 il əvvəl vətəndaş cəmiyyətinin Azərbaycana gətirdiyi vəsaitlərin, keçirdiyi tədbirlərin gücünə, ictimai rəyə təsir və nəzarət imkanlarına baxın və bugünkü durumlarına baxın. Bu gün üzdə olan QHT-lərin 90 faizinin fəaliyyət imkanları yoxdur. Digər QHT-lər isə qrantı ancaq dövlətdən ala bilirlər, çünki həm qanunvericilik məhdudlaşdırıldı, həm də praktika onları sıxır. Başqa təşkilatlara verilən qrantların həcmi 5-10 civarındadır. Bu vəsaitlə hansı ciddi problemləri həll etmək olar, hansı ciddi lobbiçilik və ya ictimai təsir üsullarını həyata keçirmək olar? Həmin vəsaiti 2-3 işçinin əməkhaqqına güclə çatır. Bax, mən şil-küt, sınıq-salxaq deyəndə bunları nəzərdə tuturam.
–
Sadaladıqlarınızı və prezidentin dediklərini götürək və bu sualı qoyaq; Azərbaycan hakimiyyətinə müstəqil media lazımdırmı?
– Lazım olsaydı, medianı bu dərəcədə əlaltı etməzdi. Amma bir şey deyim, mən hələ öz mediasını sevən hakimiyyət görməmişəm. İstər Qərbin demokratik hakimiyyəti, istərsə də Şərqin avtoritar və totalitar hakimiyyəti olsun.
–
Bax, sizin son cümlənizdən hakimiyyət təbliğatçıları tutub “heç Qərbdə də medianı istəmirlər” deyə təbliğat qururlar…
– Bilirsən, Həsən, yaxud Məmmədin dediyinə görə sözümüzü dəyişə bilmərik. Reallıq ondan ibarətdir ki, hər yerdə hakimiyyət mediadan çəkinir və onu çox da sevmir. Təsəvvür edin, bir hakimiyyət onun üzərində nəzarət edən strukturu sevərmi? Amma ölkədə qanunvericilik və prinsiplər işləyəndə, hökumət medianı özünə tabe etdirmək həvəsindən geri çəkilir.
–
Deməli, hesablaşırlar?
– Təbii. Mən özüm şahidi olmuşam ki, Böyük Britaniyada baş nazir səhərini qəzetlərin manşetinə baxmaqla başlayır. Yaxud ABŞ-da media yanlış addım atmış prezidenti istefaya məcbur edir. Eləcə də Almaniyada, Avstriyada belə hadisələr olub. Bu, medianın gücüdür və sevsə də, sevməsə də, hakimiyyət media ilə hesablaşmalı olur və onu ictimai nəzarətin silahı kimi qəbul edir.
–
Nədənsə, ictimai nəzarət haqda fikirlər 19 may faciəsindən sonra aktuallaşdı, belə çıxır ki, Azərbaycanda hansısa fəlakət olmalıdır ki, ictimai nəzarətdən danışılsın…?
– Əlbəttə pisdir, amma bir yer ağrımasa, oranı sığallamazlar. Problem ortaya çıxanda, nəyinsə çatışmadığını hiss edirsən və o barədə danışırsan. Əgər birinci addım atılırsa, hətta gec atılırsa, mən onun doğru olduğunu deməyə və qeyd etməyə hazıram. Amma bunun arxasınca digər hərəkətlər həyata keçirilmirsə, bu, həmişə əks effekt yaradır. Söz deyilə-deyilə, tələb irəli sürülə-sürülə qiymətdın düşür. Devalvasiyanın olmaması üçün hansısa proqram olmalıdır. Axı “ictimai nəzarət olmalıdır” deməklə, bu kasıb, siyasi cəhətdən dağınıq, düşmənçilik ruhunda böyüdülmüş cəmiyyət birdən-birə qalxıb nəzarət həyata keçirməyəcək. İctimai nəzarətin formalaşması üçün hökumətin üzərinə şərtlər düşür. Birincisi, qanunvericilikdə son illərdə həyata keçirilən məhdudiyyətlər aradan qaldırılmalıdır. İctimai institutun formalaşması üçün islahatlar həyata keçirilməlidir. QHT və medianın real inkişafı üçün şərtlər yaradılmaldıır. Bunları deyəndə, hamısının olduğunu söyləyirlər. Əgər varsa, bəs hanı nəticəsi? Necə islahat və yardım göstərirlər ki, müstəqil medianın bu gün bazarda faizi 2-3 faizdən artıq deyil? 1999-cu ildə 55 faiz idi. Hanı islahatlar? Necə islahat həyata keçirirlər ki, qəzetlərin tirajları azalır? Yaxud televiziyaların səviyyəsi. Bu, nə səviyyədir?! Ziyalısı da şikayətçidir, fəhləsi də, kəndlisi də, Prezident Administrasiyasının rəhbəri də. Bəs kim yaradır bunları? Hanı o inkişaf, hanı o milyonlar, milyardlar, hər il büdcədən və digər açıq, gizli mənbələrdən mediaya ayrılan vəsaitlər? Mən düşünmürəm ki, o vəsaitlər ağılsız xərclənir. Yalnız bir nəticəyə gəlmək olar ki, o vəsaitlər məhz medianın bu gündə saxlanılması üçün işləyən vəsaitlərdir.
–
Hakimiyyət mediaya son illərdə 25 milyon vəsait xərcləyib, amma 1999-cu ildən bu günə qədər müstəqil mətbuat 55 faizdən 2 faizə enib. Bu qədər dağıntıdan sonra hakimiyyətin ictimai nəzarət haqda danışması necə izah oluna bilər?
– Ziyanın yarısından qayıtmaq da xeyirdir.
–
2 faizdənmi?
– Bir şey deyim, Azərbaycan mediasını bərpa etmək, gücləndirmək uzun dövr və ya böyük islahatlar lazım deyil. Bizim bugünkü günümüzdən pis vəziyyətdə olan Türkiyənin mediasını Turqut Ozal 7-8 ilə Avropanın qabaqcıl mediaları sırasına çıxardı.
–
İndi orda da durum ağırdır…
– Bəli, indi əks proses gedir. Buna baxmayaraq, 10 illik inkişafın nəticəsində toplanmış potensial var. Azərbaycan mediasını ayağa qaldıran 3-4 illik islahatlar kifayətdir. Çünki resurslar və müəyyən ənənələr var. Mən qanunvericilik və peşəkar resursları nəzərdə tuturam, onları qaydaya salıb, artıq şeyləri çıxardıb, müstəqil inkişafa imkan vermək lazımdır. Məsələn, reklam bazarını hərəkətə gətirmək üçün nə lazımdır? Təyyarə fikirləşməliyik? Yox! Biz polisdə rüşvətxorluğu götürməyin mümkünsüzlüyünü deyəndə, Saakaşvili yarım ilə aradan qaldırdı. Eyni zamanda, mediada həmin işləri görmək olar. Amma bunun üçün iradə, vəsait və ardıcıllıq olsa, həyata keçirmək mümkündür.
–
Yekun sualım ritorikdir; prezidentin mətbuatın 140 illiyi ilə bağlı sərəncamı dediklərinizin gerçəkləşməsində rol oynaya bilərmi?
– İnanmıram. Demək istəmirəm ki, Azərbaycan müstəqil olandan sonra hakimiyyət bu istiqamətdə cəhdlər göstərməyib. Belə cəhdlər olub, 1993-cü ildə və 1998-ci ilə qədər islahat proqramları olub. Bunlar hansısa bayram sənədləri deyildi. Amma təəssüf ki, ya vaxt çatışmazlığından, ya iradənin olmamasından, yaxud başqa səbəblərdən həyata keçməyib. İndi də nə iradəni, nə də o istiqamətdə atılan addımlar görmürəm. Çox təəssüf ki, medianın düşdüyü bu böhran hələ davam edəcək. Bir misal, Rauf Mirqədirovun həbsindən 1 ay sonra atası vəfat etdi, indi atasının ilindən 1 ay ötüb. Rauf hələ də istintaq altındadır və nə baş verib ki, bir hərəkət yoxdur?! İttihamlar da qəribədir, guya, Rauf Zığ şossesinin planını verib. Ermənistanda hər hansı savadlı məktəbli otaqdan çıxmadan Zığ şossesinin planını tərtib edə bilər. Bax, mən bu yöndə, yaxud qanunvericilik, reklam bazarı ilə bağlı addımları görsəm, özüm bacardığım qədər kömək edərəm, köməyim çatmasa da alqışlamağa hazıram. Amma təəssüf ki, mən bunları görə bilmirəm. Beləliklə, mediada və QHT sektorunda ictimai nəzarət, institusional qüvvə baxımından ancaq geriləmə görürəm.