İctimai fəalların ölkədən çıxışına qadağa qoyulub

Sərhəd. Foto: Prazis Images/shutterstock

Hər iki şəxs nə təqsirləndirilən şəxs, nə də şahiddir

İctimai fəalların Elgiz Qəhrəman və Murad Rüstəmbəylinin ölkədən çıxışına qadağa qoyulub.

Fəallar bu barədə müxtəlif vaxtlarda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən məlumat aldıqlarını deyirlər. Onlara bildirilib ki, məhdudiyyət Daxili İşlər Nazirliyi tərəfindən qoyulub. Ancaq məhdudiyyətin səbəbi ilə bağlı məlumat verilməyib.

Elgiz Qəhrəman və Murad Rüstəmbəylinin heç biri hazırda hansısa cinayət işi üzrə təqsirləndirilən şəxs deyil. Onlar hər hansı cinayət işində şahid qismində də çağırılıb dindirilməyib. Hətta dindirilsəydilər belə, qanunda şahidin ölkədən çıxışına qadağa qoyulması nəzərdə tutulmayıb.

Milli Məclisin fəaliyyətini araşdıran “Meclis.info” saytının rəhbəri İmran Əliyev də aprelin 18-də Türkiyəyə gedərkən hava limanında saxlanılıb. Məlumata görə, onu aeroportdan Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar. Orada İmran Əliyev “AbzasMedia” nəşrilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınıb və aprelin 19-da Xətai Rayon Məhkəməsində onun haqqında həbs qərarı çıxarılıb.

İmran Əliyev məhkəməyə gətirilərkən üzərində, o cümlədən sifətində xəsarət izləri olub. O, polislər tərəfindən işgəncəyə məruz qaldığını, hətta bədəninə elektrik cərəyanı verildiyini bildirib. İmran Əliyevin sözlərinə görə, işgəncənin məqsədi tələb olunan sənədi imzalaması olub.

İmran Əliyevin üzərindəki xəsarət izləri, onun işgəncəyə məruz qalması haqda söylədiklərinə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəSiyasətİctimai fəalların ölkədən çıxışına qadağa qoyulub