Əsgər Ağazadəyə hökm oxunmaması məsələsi BMT-nin ofisi qarşısında səsləndirildi
İctimai fəal Sənay Yağmura qarşı cinsi zorakılıqda ittiham olunan Əsgər Ağazadənin cəzalandırılması istəyi bu dəfə BMT-nin San Fransiskodakı ofisi qarşısında səsləndirilib. İlahə Abbasova adlı gəncin təşkil etdiyi piketdə iştirakçılar məhkəmənin Əsgər Ağazadə ilə bağlı hökm çıxarmamasına etiraz ediblər.
Çexiyada yaşayan hüquq müdafiəçisi Mətanət Əzizova isə Sənay Yağmurun başına gələnlərlə bağlı petisiya imzalayıb və bununla Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
Həmin məlumatda bildirilir ki, Sənay 2 il əvvəl 16 yaşı olanda cinsi zorakılığın qurbanı olub. 2020-ci ildən o və anası Zümrüd Yağmur hüquqi ədaləti təmin edə bilmirlər. Halbuki onların tələb etdiyi tək şey ədalətli məhkəmə araşdırmasıdır:
“Sənayın hüquqlarının pozulduğu istintaq zamanı onlarla dindirilmə, hüquq-mühafizə orqanlarından aldığı psixoloji təzyiqlər, bir neçə ay davam edən məhkəmə prosesi belə düşünməyə vadar edir ki, hüquq-mühafizə və məhkəmə sistemi cinayətkara bəraət qazandırmaq üçün hər şeyi edir. Onu cinayətə nisbətdə mümkün qədər az cəzalandırmağa çalışırlar”.
Sənəddə qeyd edilir ki, növbəti məhkəmə sentyabrda baş tutacaq. Qərarın qəbul edilib-edilməyəcəyi və ya yenə də uzaq səbəblərə görə təxirə salınacağı məlum deyil. Mətanət Əzizova ədalətli məhkəməyə nail olmaq və Sənay Yağmurun hüquqlarının pozulmasının qarşısını almaq üçün xahiş edir:
- Cinsi zorakılıq hallarını şəxsi nəzarətə götürməyə sövq etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-Prezidentinin, Heydər Əliyev Fondunun diqqətini müxtəlif müvafiq heşteqlərdən istifadə edərək öz “Twitter” profillərində Sanayın probleminə cəlb etmək;
- Ədalətli məhkəmə araşdırması hüququnu təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti və Vitse-Prezidentinin və Heydər Əliyev Fondunun rəsmi “Facebook” səhifələrində Sənayın probleminə heşteq və çağırışlarla diqqəti cəlb etmək.
Çağırışın sonunda qeyd edilir ki, Sənayın anası Zümrüd Yağmurun da bu davalara görə problemləri olub. Zümrüd Yağmurun qızının problemini mediada işıqlandırdığı üçün “şərəf və ləyaqətin alçaldılması” deyilən ittihamla ona qarşı qarşılıq iddia qaldırılıb:
“Azərbaycanda azyaşlı qızlar mütəmadi olaraq cinsi zorakılıqla üzləşirlər. Adətən ictimai qınaqdan və qızlarının adının çıxacağından qorxan ailələr bu tip məsələləri gizlətməyə çalışırlar. Sənay Yağmur qorxmur və cinsi zorakılığa səssiz qalmağın mümkün olmadığını sübut etmək üçün cəmiyyətə meydan oxuyur. O, olduqca ağıllıdır və yaxşı işləyir. Zəhmət olmasa Sənaya çətin anlarında dəstək olaq”.
Berlin Texnik Universitetinin saytında (ASta TU Berlin) da Sənay Yağmurla bağlı məqalə dərc edilib. Həmin məqalədə bildirilir ki, Azərbaycan rejimi Sənay Yağmur və onun anası Zümrüd Yağmura qarşı qərəzli və sifarişli siyasi repressiya yürüdür.
“Cinsi zorakılığa qarşı hökumətin sərgilədiyi mövqeyi fəlakətli və qəbuledilməz hesab edirik. Azərbaycan patriarxal, korrupsioner ölkədir. Buradakı məhkəmə sistemi təcavüzkarın törətdiyi cinayətin üstünü örtməyə çalışır. Bu da o deməkdir ki, Azərbaycan dövləti qadınlarına təcavüz və zorlama mədəniyyətinin saxlanması və çoxaldılmasında şərikdir”, – yazıda vurğulanır.
Məqalədə baş verənlərin tarixçəsi təsvir edilib. Bildirilib ki, məhkəmənin qərarı gecikdirmə taktikası onun niyyətini açıq-aşkar və gülünc şəkildə ortaya qoyur:
“Məhkəmə hüquqdan daha çox teatr tamaşasna bənzəyir. Biz bilirik ki, dövlət öz hökmü ilə “ədaləti” bərpa edə bilməz. Belə məhkəmədən ədalət gözləmək balığın velosiped sürməsini gözləməyə bənzəyir. Ancaq bizim üçün vacibdir ki, bu işin ictimaiyyətə açıqlanması, ilk növbədə, dövlət strukturlarının özünün nə qədər qadın, patriarxal, zorakı və cinayətkar olması bir daha göstərilsin. Avtoritar Azərbaycan dövləti zorlamanın təbliğatçısı kimi Ağazadə ilə əl-ələ verib, onu himayə edir”.
Sonda qeyd edilir ki, Sənay Yağmurla bağlı işin bu qədər bürokratik əngəllərə məruz qalması və məhkəmə prosesinin dəfələrlə təxirə salınması, şübhəsiz onun feminist fəal kimi Azərbaycan rejiminin patriarxal quruluşunu kəskin tənqid etməsi və siyasi fəallığı ilə bağlıdır:
“Sənay Yağmur, Zümrüd Yağmur və bu davaya müqavimət göstərən hər kəslə həmrəyik!”
İctimai fəal Sənay Yağmura qarşı cinsi təcavüzdə ittiham olunan Əsgər Ağazadə Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham olunur. O, bu ittihamı qəbul etmir, xalası qızının onlarda qaldığı gecə ona cinsi təcavüz etməsi barədə iddiaların əsassız olduğunu deyir. O, məhkəmədə ifadəsində qarşı tərəfi ona böhtan atmaqda ittiham edib.
Təcavüz hadisəsinin 2020-ci ilin avqustunda baş verdiyi iddia olunur. Bu cinayət işi üzrə istintaq təxminən bir il Yasamal Rayon Prokurorluğunda aparılıb. Sənay Qəhrəmanlı şikayətçi olsa da, Əsgər Ağazadə məsuliyyətə cəlb edilməyib. Yasamal Rayon Prokurorluğunda iki dəfə bu işlə bağlı cinayət işinə xitam verilməsi haqda qərar qəbul edilib.
Təxminən bir sonra Zümrüd Yağmur mətbuat konfransı keçirərək, məsələni ictimailəşdirib. Bundan sonra Baş Prokurorluğun rəhbərliyi işi nəzarətə götürüb. Araşdırmaların davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Ardınca Əsgər Ağazadə həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub. Məhkəmə prosesi yekunlaşsa da, hökm oxunmur.