Afiəddin Məmmədov polislərin yalan danışdığını, onların ümumiyyətlə, orada olmadığını bildirib
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri, 10 aydan çoxdur həbsdə olan ictimai fəal Afiəddin Məmmədovun məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir. İyulun 30-da məhkəmədə iki polis – Mustafa İsmayılov və Sadiq Həsənli dindirilib. Onlar Çevik Polis Alayının əməkdaşlarıdır.
Hər ikisi iddia edib ki, bıçaqlanma xəbəri gələndən təxminən 5 dəqiqə sonra hadisə yerində olub. Ora çatanda bir nəfərin bıçaqla xəsarət aldığını və blokun qarşısında yerdə uzandığını, həmin vaxt Afiəddin Məmmədovu isə sıravi vətəndaşların tutub saxladığını görüblər. Amma Afiəddin Məmmədovun əlində bıçaq olmayıb. Onu tutub, Xətai rayonu, 34-cü polis bölməsinə aparıb təhvil veriblər.
Şahid polislər ayrı-ayrılıqda dindirilib. İctimai fəalın vəkili onların hər birindən soruşub ki, bıçaqlandığı iddia olunan adamın yarası bədəninin hansı tərəfində idi. Polislərdən biri qarın nahiyəsinin sol tərəfində olduğunu deyib, digəri isə sağ tərəfində.
Afiəddin Məmmədov polislərin yalan danışdığını, onların ümumiyyətlə, orada olmadığını bildirib. İctimai fəalın sözlərinə görə, onu saxlayıb aparanlar arasında 4 nəfər Post-Patrul Xidmətinin əməkdaşları idi, 6 nəfər isə Bakı şəhər Baş Polis İdarəsinin mülki geyimli əməkdaşı.
Afiəddin Məmmədov vurğulayıb ki, heç kimi bıçaqla vurmayıb. Bıçaqlandığı iddia edilən Səfər Hüseynov özü-özünə xəsarət yetirib və dərhal da ətrafda gözləyən mülki geyimli polislər onu tutub aparıblar.
Afiəddin Məmmədovun məhkəməsi avqustun 13-də davam edəcək.
Ötən il avqustun 1-də “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri bir qrup moped sürən kuryerlə birlikdə polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz edib. Etiraz aksiyası başa çatandan az sonra Afiəddin Məmmədov yaşadığı evin yaxınlığında həbs edilib, ona 30 sutka inzibati həbs cəzası verilib. Daha sonra avqustun 4-də Elvin Mustafayev, bir həftə sonra isə Ayxan İsrafilov narkotik ittihamıyla həbs olunub.
Afiəddin Məmmədovun 30 sutkalıq cəzası başa çatandan sonra o, avqustun sonunda azadlığa buraxılsa da, sentyabrın 20-də yenidən həbs olunub. Bu dəfə o, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yolda gedərkən mübahisə etdiyi Səfər Hüseynov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham edilib.
Afiəddin Məmmədova qarşı Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən bədənə ağır xəsarət yetirmə-xuliqanlıq niyyətilə törədildikdə) və 221.3 (xuliqanlıq – silah və ya silah qismində əşyadan istifadə etməklə maddələrilə ittiham irəli sürülüb.
İctimai fəal Afiəddin Məmmədov bundan əvvəl də polisə müqavimət ittihamıyla bir neçə dəfə həbs olunub. Lakin o, bu ittihamların saxta olduğunu, ictimai fəaliyyətinə görə cəzalandırıldığını bildirib. O, avqustun sonunda 30 sutkalıq həbsdən buraxılandan sonra bildirmişdi ki, Bakı şəhər Baş Polis İdarəsində ondan telefonuna daxil olmaq üçün parolu verməyi tələb ediblər. O isə verməkdən imtina edib. Buna görə orada işgəncəyə məruz qalıb.