Vəkil təqsirləndirilən şəxsin hakim qarşısında bu vəziyyətdə saxlanmasını işgəncə verilməsi kimi qiymətləndirilir
Həbsdə olan ictimai fəal – “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu iş Rasim Sadıxovun sədrliyilə, Novruz Kərimov və Leyla Əsgərova-Məmmədovadan ibarət hakimlər kollegiyasına həvalə olunub.
İyulun 24-də məhkəmənin hazırlıq iclasında vəkil Nazim Musayev hüquqlarını müdafiə etdiyi şəxsin məhkəmədə qandallı vəziyyətdə saxlanmasına etiraz edib. Vəkil bildirib ki, təqsirləndirilən şəxsin hakim qarşısında bu vəziyyətdə saxlanması ona işgəncə verilməsi kimi qiymətləndirilir. Bu, Avropa Məhkəməsinin presedent qərarlarında da vurğulanıb:
“Möhtərəm hakim, siz işgəncənin qarşısını almalısınız, qandalın açılmasına göstəriş verməlisiniz. Məhkəmə zalında göstərişləri sədrlik edən hakim verir”.
Lakin Rasim Sadıxov qandalın açılmasına razılıq verməyib. O bildirib ki, bu məsələ Penitensiar Xidmətin konvoylarının səlahiyyətinə aiddir, onlar istəsələr açar, istəməsələr yox.
Beləliklə, məhkəmə iclasının sonuna qədər Möhyəddin Orucov qandallı vəziyyətdə hakim qarşısına çıxıb.
Bundan başqa, açıq məhkəmə prosesi olmasına baxmayaraq, ictimai fəalın yaxınları, məhkəmə prosesini izləməyə gələn media nümayəndələri və digər şəxslər zala buraxılmayıb. Vəkil bu məsələni də məhkəmədə qaldırıb. Lakin prosesi izləməyə gələnlər məhkəmə zalına buraxılmayıb.
Vəkil Nazim Musayev onu da bildirib ki, Möhyəddin Orucov məhkəmə qarşısına çıxarılsa da, ittiham aktını almayıb:
“Mən istintaqda da Möhyəddin Orucovun vəkili olmuşam. İstintaqın sonunda prokurorun vəzifəsidir ki, ittiham aktını təqsirləndirilən şəxsə, onun vəkilinə göndərsin. Bu günə qədər bizə ittiham aktı verilməyib. Halbuki, ittiham aktının düzgün tərtib olunmaması işin prokurora qaytarılması üçün əsaslardan biridir. Əgər ittiham aktı bizdə olsaydı, bilərdik ki, necə tərtib olunub”.
Hakim bildirib ki, ittiham aktı Möhyəddin Orucova da, vəkilinə də təqdim olunacaq.
Bu səbəbdən ictimai fəalın işi üzrə məhkəmənin hazırlıq iclası iyulun 30-na qədər təxirə salınıb.
Möhyəddin Orucov öncə 2023-cü il oktyabrın 18-də saxlanmış, ona xırda xuliqanlıq və polisə müqavimət ittihamıyla 30 sutka inzibati həbs cəzası verilmişdi. Suraxanı rayon Məhkəməsinin qərarında iddia olunub ki, o, küçədə söyüş söyüb, polislər onu intizama dəvət eləsələr də, tabe olmayıb. Bu səbəbdən saxlanılıb və 32-ci bölməyə gətirilib.
Möhyəddin Orucov isə həbsdən çıxandan sonra açıqlamasında bildirmişdi ki, onu küçədə saxlamayıblar, zəng edib 32-ci polis bölməsinə çağırıblar. Həmin çağırış əsasında da o, bölməyə gedib. Orada isə bildirilib ki, sosial media hesabında Prezidenti tənqid etdiyinə görə həbsə göndəriləcək.
İctimai fəal həmçinin 32-ci polis bölməsində qeyri-insani rəftara məruz qaldığını bildirmişdi. Bu müsahibədən bir neçə gün sonra – dekabrın 13-də isə o, yenidən saxlanıldı. Bu dəfə isə barəsində cinayət işi başlanılaraq, Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə) maddəsilə ittiham irəli sürülüb. O, ictimai fəaliyyətinə, tənqidi fikirlərinə görə şərlənərək həbs olunduğunu deyir.
Hazırda onlarla ictimai-siyasi fəal narkotik ittihamı ilə həbsdədir. Onlar bu ittihamı rədd edir, şərlənərək həbs olunduqlarını deyirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə onların konkret faktlar əsasında saxlandığını iddia edir.