“Dünəndən ona zəng çatmır, evdə olmayıb, dostları da harada olduğunu bilmirlər”
Feminist fəal Rauf Heydərova 30 sutka inzibati həbs cəzası verildiyi bildirilir.
Bu barədə jurnalist Ülviyyə Əli “Facebook” səhifəsində yazıb.
Jurnalistin məlumatına görə, Rauf Heydərov martın 8-də Xurşidbanu Natəvanın heykəlinin qarşısında Azərbaycanda qadın jurnalistlərin həbslərinə etiraz olaraq plakatla şəkil çəkdirmək istəyərkən saxlanılıb.

“Martın 8-də saxlanılan, daha sonra isə sərbəst buraxılan feminist aktivist Rauf Heydərovdan dünən günorta saatlarından (martın 10-dan- red.) xəbər yoxdur. Dünəndən ona zəng çatmır, evdə olmayıb, dostları da harada olduğunu bilmirlər”,- Ülviyyə Əli bildirib.
Daxili işlər Nazirliyi Rauf Heydərovun həbsi ilə bağlı açıqlama verməyib.
Martın 8-də Rauf Heydərov sosial şəbəkələrdə paylaşım edərək şəkil çəkdiyi an mülki geyimli polislərin müdaxilə etdiyini və daha sonra onu izləməyə başladıqlarını qeyd etmişdi.
Hazırda Azərbaycanda peşə fəaliyyətinə “AbzasMedia”nın əməkdaşları Sevinc Vaqifıqızı, Nərgiz Absalamova, Elnarə Qasımova, Meydan TV-nin əməkdaşları Aynur Elgünəş, Aytac Tapdıq, Aysel Umudova, Xəyalə Ağayeva, müstəqil jurnalist Fatimə Mövlamlı (“Meydan TV işi” ilə əlaqədar həbs edilib-red.) həbsdədirlər.
Martın 8-də “8 Marş” yürüşünün təşkilatçıları Almaniyada həbsdə olan qadın jurnalistlərlərlə bağlı “#8Women8March” yürüşü təşkil ediblər.
Onlar Azərbaycanda peşə fəaliyyətinə görə həbsdə olan bütün jurnalistlərin, ictimai və siyasi fəalların dərhal azad olunmasını tələb ediblər. Həmçinin vətəndaş cəmiyyətinə qarşı bütün növ siyasi, həmçinin də kiber təqiblərə son qoyulmasını istəyiblər.