Buna səbəb kimi də taksidə yer üstündə mübahisə göstərilir
Jurnalist Şəhla Kərim sosial şəbəkədə yazıb ki, Əhməd Məmmədli mayın 6-da gecə saatlarında evinə gedərkən taksiyə minəndə arxasınca başqa adam da minib.
“Həmin adam onu maşında vurmağa başlayıb. Taksini saxlatdırıb, başqa maşına mindirib ərazidən uzaqlaşdırıblar. Başqa yerdə düşürüb döyüblər. Telefonunun şifrəsini almaq üçün isə elektrik cərəyanına veriblər”.
Jurnalistin yazdığına görə, Əhməd Məmmədli saxlanılmasını təsisçisi olduğu “Yoldaş Media” ilə əlaqələndirib.
Əhməd Məmmədlinin həyat yoldaşı Türkan Məmmədli Meydan TV-yə bildirib ki, fəala qarşı irəli sürülən ittiham saxta və əsassızdır.
“Üzərində bıçaq gəzdirmək nədir? Əhməd heç evdə bıçağa əl vurmurdu. Əksinə, gərgin vəziyyətlərdə qarşısındakı insanı sakitləşdirən adamdır. O, əsla davaya girən insan deyil”.
Türkan Məmmədli bildirib ki, onun həbsinin əsl səbəbi fəaliyyəti ilə bağlıdır.
“Onun həbsi aktivist fəaliyyəti ilə əlaqədardır. Əhməd müstəqil jurnalist fəaliyyəti ilə də məşğuldur. Məhkəmələrdən medialara materiallar verirdi. Həbsinə bu da səbəb ola bilər. Bu il martın sonlarında ölkədən çıxmaq istəyəndə, məlum oldu ki, Baş Prokurorluq Əhmədə qadağa qoyub. Məsələni araşdırdıq, bildirdilər ki, texniki problemdir, aradan qaldırılacaq. Lakin ölkədən çıxış qadağasını götürmədilər, uzatdılar. Görünür, qadağanı əvvəldən planlaşdırıblar. Onun həbsi əvvəldən ssenariləşdirilib”.
Türkan Məmmədli bildirib ki, Əhməd Məmmədlinin hüquqlarını vəkil Elçin Sadıqov müdafiə edir.
O, əlavə edib ki, hələ də həyat yoldaşı ilə əlaqə qurmaq və barəsində hansısa məlumat almaq mümkün olmayıb.
İctimai fəal Əhməd Məmmədliyə qarşı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi (qəsdən adama ağır zərər vurma) ilə cinayət işi başlanılıb.
APA informasiya agentliyinin bununla bağlı dərc etdiyi xəbərdə bildirilir ki, Ə. Məmmədli mayın 6-da saat 22 radələrində Dünyamalıyev Vüqar adlı şəxsə Biləcəri qəsəbəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Buna səbəb kimi də taksidə yer üstündə mübahisə göstərilir.
İctimai fəal Əhməd Məmmədlinin mayın 6-da axşam saatlarında saxlanıldığı barədə məlumat yayılıb.
Onun dostu, ictimai fəal Kamran Məmmədlinin yazdığına görə, təxminən saat 21:50-də 28 May metrostansiyasının içində onunla ayrılandan sonra, Ə.Məmmədlidən xəbər ala bilməyib.
“Əvvəl telefonuna zəng çatmasa da indi zəng çatır, amma zəngi cavablamır. Biz onun saxlanıldığını ehtimal edirik”, – Kamran Məmmədli özünün “Facebook” hesabında yazıb.
Əhməd Məmmədlinin həyat yoldaşı Türkan Məmmədli də sosial şəbəkələrdən Daxili İşlər Nazirliyinə xitabən post paylaşıb:
“Əhmədlə axırıncı dəfə 22:11-də əlaqə saxlamışam. Sonra heç cürə əlaqə saxlaya bilmədim. Yoldaşım hardadı? Mənə cavab verin !!”
Kamran Məmmədlinin məlumatına görə, Əhməd Məmmədli Binəqədi Rayon Polis İdarəsinin polisləri tərəfindən saxlanılıb:
“Kiməsə ağır xəsarət yetirdiyi iddia olunur. Özü isə döyüldüyünü və vəziyyətinin çox pis olduğunu bildirib”.
İctimai fəalın 2024-cü ilin yanvar ayından ölkədən çıxış qadağası da var.
Yanvarın 23-də Ə.Məmmədli Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılmışdı. Prokurorluqda ona bildirmişdilər ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etdiyi, magistratura təhsilini davam etdirmək üçün Muğla Sıtkı Koçman Universitetinə qəbul aldığı sənədi saxta hesab edib, həmçinin ölkədən çıxışına qadağa qoyulub.
Ə.Məmmədli 2022-ci ildə də saxlanmışdı. Həmin il sentyabrın 20-də fəal İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə 30 sutka inzibati həbs cəzası almışdı.
Məmmədli məhkəmənin önündən polis maşını ilə aparılarkən bildirmişdi ki, o sülh çağırışlarına və İlham Əliyevi tənqidlərinə görə həbs olunub.