İctimai fəal Afiəddin Məmmədov aclıq aksiyasına başlayıb

Afiəddin Məmmədov – Foto: Şəxs Facebook səhifəsi

Afiəddin Məmmədovun səhhətində bir sıra problemlər var

Həbsdə olan ictimai fəal Afiəddin Məmmədov ölkədə gedən proseslərə və silsilə həbslərə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Bu barədə fəalın yaxınları məlumat verib.

Afiəddin Məmmədovun səhhətində bir sıra problemlərin mövcud olduğu bildirilir. Fəal aclıq aksiyasının müddətsiz olduğunu bildirib.

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri, 2023-cü ilin sentyabrından həbsdə olan ictimai fəal Afiəddin Məmmədov 8 il azadlıqdan məhrum edilib.

Afiəddin Məmmədova qarşı Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən bədənə ağır xəsarət yetirmə-xuliqanlıq niyyətilə törədildikdə) və 221.3 (xuliqanlıq – silah və ya silah qismində əşyadan istifadə etməklə maddələrilə ittiham irəli sürülüb.

İctimai fəal Afiəddin Məmmədov bundan əvvəl də polisə müqavimət ittihamıyla bir neçə dəfə həbs olunub. Lakin o, bu ittihamların saxta olduğunu, ictimai fəaliyyətinə görə cəzalandırıldığını bildirib.

O, avqustun sonunda 30 sutkalıq həbsdən buraxılandan sonra bildirmişdi ki, Bakı şəhər Baş Polis İdarəsində ondan telefonuna daxil olmaq üçün parolu verməyi tələb ediblər.

O isə verməkdən imtina edib.

Buna görə orada işgəncəyə məruz qalıb.

Ana səhifəXəbərlərİctimai fəal Afiəddin Məmmədov aclıq aksiyasına başlayıb