20.16. 12 sentyabrda Azərbaycan-Ermənistan sərhədində baş verən atışmada həyatını itirənlərdən birinin də Zaqatalanın Yuxarı Tala kənd sakini, 1999-cu il təvəllüdlü hərbi qulluqçu Sərxan Mübariz oğlu Ömərov olduğu bildirilir.
Zaqatala Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Seyidov məlumatı Meydan TV-yə təsdiqləyib.
17.58. 12 sentyabrda Azərbaycan-Ermənistan sərhədində baş verən atışmada həyatını itirənlərdən biri də Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin hərbi qulluqçusu Fərid Mehbalıyevdir.
1994-cü ildə Naxçıvanın Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olan Fərid Kəmaləddin oğlu Mehbalıyev Milli Məclisin deputatı, Həmkarlar ittifaqının sədri Səttar Möhbalıyevin əmisi nəvəsidir.
Bu barədə deputat Fazil Mustafa “Facebook”da məlumat yayıb.
O, Səttar Mehbalıyevin qardaşı Əhməd Mehbalıyevin də Qarabağ savaşında həlak olduğunu qeyd edib.
17.45. Azərbaycan-Ermənistan sərhədində baş verən atışmada həyatını itirənlərdən biri də Xızı rayonunun Giləzi qəsəbə sakini, hərbçi Saleh Möhübbət oğlu Qurbanovun olduğu bildirilir.
Məlumatı Meydan TV-yə Xızı Rayon İcra Hakimiyyətinin Giləzi qəsəbə icra nümayəndəsi Aydın Dadaşov təsdiqləyib.
Saleh Qurbanov 1990-cı ildə anadan olub. İcra nümayəndəsi hazırda hərbçinin yas mərasimi ilə məşğul olduqlarını deyib.
17.23. Bakının Abşeron rayon sakini Firuz Məzahir oğlu Əhmədovun da sentyabrın 12-də Ermənistan-Azərbaycan sərhədindəki atışmada həyatını itirdiyi bildirilir.
Baş gizir Firuz Əhmədov əslən Tovuz rayonundandır. Onun 3 övladı var.
Tovuz rayon icra nümayəndəsi İsrail İbrahimov hadisəni Meydan TV-yə təsdiqləyib.
17.10. Qobustanın Sündü kənd sakini, XTQ giziri Vadim Alik oğlu Qocayevin də cənazəsi evinə gətirilir. Onun sentyabrın 12-də atəşkəsin pozulması nəticəsində həyatını itirdiyi bildirilir.
Qobustan Rayon İcra Hakimiyyəti başçısının Sündü kəndi üzrə nümayəndəsi Fədai Balaqardaşov Meydan TV-yə hadisəni təsdiqləyib.
Onun sözlərinə görə, 1997-ci ilin 10 yanvarında doğulan Vadim Qocayevin bir övladı var. Hazırda ailəsi cənazəni gətirmək üçün Gəncəyə gedib.
“Bu işlərlə icra hakimiyyəti və yerli komissarlıq məşğul olur, bütün zəriri məsələlər həyata keçirilir”,-deyə Balaqardaşov əlavə edib.
16.55. Qazax rayonunun Kəmərli kənd sakini, XTQ zabiti Yunis Qasım oğlu Kazımovun sentyabrın 12-də baş verən döyüşlərdə həyatını itirdiyi bildirilir.
Məlumatı Meydan TV-yə Qazax Rayon İcra Hakimiyyəti başçısının Kəmərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təsdiqləyiblər.
Yunis Kazımov 1993-cü ildə anadan olub.
16.05. Xaçmaz rayonunun Əbilyataq kənd sakini, baş gizir Elnur Faid oğlu Rüstəmovun sentyabrın 12-də atəşkəsin pozulması nəticəsində həlak olduğu bildirilir.
Xaçmaz Rayon İcra Hakimiyyyətinin Niyazoba inzibati ərazi dairəsi üzrə nümayəndəsi Oqtay Əhmədov Meydan TV-yə faktı təsdiqləyib.
Oqtay Əhmədov deyib ki, 1989-cu il təvəllüdlü Elnur Rüstəmov 3 uşaq atası idi.
15.40. Cəlilabad rayonunun Əsədli kənd sakini, XTQ giziri Səid Sarıbala oğlu Həsənov da dünənki atışmada həyatını itirib.
Bu barədə hərbçinin yaxın qohumu Təhminə Əliyeva “Facebook” səhifəsində məlumat paylaşıb.
Rəsmi qurumlar hələ hər hansı xəbər yaymayıblar.
15.05. Atəşkəs pozulması nəticəsində Kürdəmir rayonunun Dəyirmanlı kənd sakini, XTQ giziri Nəzər Ağacəlil oğlu Əzizov da həyatını itirib.
Bu barədə Meydan TV-yə Kürdəmir rayon İcra Hakimiyyəti Yenikənd kənd inzibati ərazi dairəsinin icra nümayəndəsi Bəylər Qubadov açıqlama verib.
“1991-ci ildə doğulan Nəzər Əzizov 2 uşaq atasıydı. Hazırda şəhidimizi qarşılamağa gedirik”,- deyə icra nümayəndəsi söyləyib.
14.46. 2001-ci ildə Quba rayonunun Vəlvələ kəndində doğulan Ümid İlqar oğlu Həsənov sentyabrın 12-də atışma zamanı həyatını itirib.
Müddətdən artıq hərbi xidmətdə olan Ümid Həsənovun həlak olmasını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi təsdiqləyib.
14.36. Dünənki atəşkəs pozulması nəticəsində Saatlının Qaranuru kənd sakini, müddətdən artıq hərbi xidmətdə olan 2000-ci il təvəllüdlü Ülvi Əsədulla oğlu Nəsirov həyatını itirib.
Məlumatı Meydan TV-yə Saatlı Rayon İcra Hakimiyyəti İnformasiya təminatı və təhlil sektorundan veriblər.
14.02. 12 sentyabrda baş verən atışmada Zərdab rayonunun Kəndəbil kənd sakini, 1994-cü il təvəllüdlü hərbçi Fərid Rüstəmov Nofəl oğlunun həlak olduğu bildirilib.
Zərdab Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Yusif Əhmədli Meydan TV-yə faktı təsdiqləyib.
13.21. Dünənki atışmada Lerikin Əvilə kənd sakini, 1994-ci il təvəllüdlü hərbi qulluqçu Şəmistan Əbdülağa oğlu Sadıxovun da həyatını itirdiyi bildirilir.
Bu barədə Meydan TV-yə Lerik Rayon İcra Hakimiyyətinin başçısının Əvilə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Novruz Zaidov məlumat verib. Novruz Zaidov deyib ki, gün ərzində hərbçinin cənazəsi kəndə gətiriləcək.
Şəmistan Əbdülağa oğlu Sadıxov
12.50. Qazax rayonunun Kəmərli kənd sakini, 1993-cü il təvəllüdlü Azər Mustafa oğlu Məmmədovun sentyabrın 12-də atəşkəsin pozulması nəticəsində həyatını itirdiyi bildirilir.
Məlumatı Meydan TV-yə Qazax Rayon İcra Hakimiyyəti başçısının Kəmərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təsdiqləyiblər.
Müdafiə Nazirliyi itkilərin sayı il bağlı hələ ki açıqlama yaymayıb
Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması nəticəsində 1996-cı il təvəllüd hərbçi Elşən Sahib oğlu Babazadənin həlak olduğu bildirilir.
Bu barədə Meydan TV-yə Elşən Babazadənin doğulduğu Qəbələ Rayon İcra Hakimiyyətinin Mıxlııqovaq kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi İlham Əhmədov məlumat verib. Onun sözlərinə görə, hərbçinin cənazəsi hələ kəndə gətirilməyib.
“Cənazəni gözləyirik, yoldadır”, – deyə icra nümayəndəsi bildirib.
Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmanın baş verdiyi və iriçaplı silahlardan istifadə olunduğu bildirilir.
Hər iki ölkənin müdafiə nazirlikləri toqquşma barədə məlumat yayıb.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib:
“Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib”.
Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.
Xatırlatma
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.
Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.