İcra nümayəndəsi: Səbirə Kərimovanın kasıblıqdan intihar etdiyi söylənir

”Evə küllü miqdarda işıq borcu və borcun vaxtında ödənmədiyinə görə cərimə gəlib”

Source:


”Evə küllü miqdarda işıq borcu və borcun vaxtında ödənmədiyinə görə cərimə gəlib”

Ağsu rayonunun İlxıçı kəndinin sakini, 36 yaşlı Səbirə Tehran qızı Kərimovanın intihar etdiyi bildirilir.

Hadisə yanvarın 23-də, axşam saatlarında baş verib. Qadının cəsədi yaşadığı evin həyətindəki yardımçı tikilidən asılmış vəziyyətdə tapılıb..

Hadisə vaxtı evdə qadının azyaşlı qızı olub. İlxıçı-Qaraqoyunlu kəndinin icra nümayəndəsi Azad İsgəndərov Meydan TV-yə qadının kasıblıqdan, ehtiyacdan intihar etdiyini söyləyib:

“Bütün kənd danışır. Aralarında bunu işıq borcuna görə etdiyini deyənlər də var. Qonşuları yas yerində danışdırdılar ki, evə küllü miqdarda işıq borcu və borcun vaxtında ödənmədiyinə görə cərimə gəlib. Neçə günmüş ki, ailə işıqsız qalıbmış”.

A. İsgəndərov Kərimovlar ailəsinin çox kasıb olduğunu da deyib:

“Çox kasıb ailə olduqlarını bilirəm. Həyat yoldaşı Əfqanın da normal bir işi yoxdur. Qonşuların həyətində çalışır, mal-qaralarını otarır və s. Uşaqlarının biri Bakıda hərbi liseydə oxuyur. Qadın intihar edəndə qızı da evdə olub, məktəblidir. Deyilənə görə, qadın intihar etməmişdən əvvəl anası ilə danışıb, həyatından bezdiyini deyib. Normal, sakit ailələrdən biri idi. Niyə belə bir şey edib, anlaşılan deyil”.

Hazırda üç uşaq anası S.Kərimovanın özünə qəsd etməsinin səbəbləri araşdırılır. Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Ötən ilin sonunda Azərbaycanın Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov açıqlama verərək demişdi ki, 2020-ci ildə yoxsulluq sıfra enəcək, Azərbaycanda bir yoxsul belə

qalmayacaq

.

Əli Həsənov

Əli Həsənov deyib ki, bu gün ümumdaxili məhsulun 60 faizdən çoxu qeyri-neft sektorunun payına düşür:

“İki ildən sonra, 2020-ci ildə neftdən asılılıq sıfır vəziyyətində olacaq. Son 14 ildə Azərbaycanın inkişafı təmin olunub. 2020-ci ilə qədər Azərbaycan inkişaf etmiş ölkələr sırasında olacaq. Prezidentin fəaliyyətində digər strateji istiqamət yoxsulluğun aradan qaldırılması ilə bağlıdır. Bu gün yoxsulluq həddi 5 faizdirsə, strateji istiqamət 2020-ci ildə yoxsulluğun sıfra enməsidir. İnşallah, 2020-ci ildə yoxsulluq sıfra enəcək, Azərbaycanda bir yoxsul belə qalmayacaq”.

Azərbaycan 2017-ci il Qlobal Aclıq İndeksində isə 119 ölkə içində 9.6 bal

toplayıb

. Hesabata görə, ölkədə 1.7 faiz əhali xroniki aclıqdan əziyyət çəkir.

Hesabatdan Rusiya (6.2), İran (7.6), Ermənistan (7.7) və Gürcüstanın (7.7) durumunun Azərbaycandan yaxşı olduğu görünür.

Ana səhifəXəbərlərİcra nümayəndəsi: Səbirə Kərimovanın kasıblıqdan intihar etdiyi söylənir