Büdcə xərcləri, tenderlər və dövlət alqıları ilə bağlı məlumatlar isə internetdə yerləşdirilmir.
Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanlarının on-line şəffaflıq səviyyəsi 58% təşkil edir. Turan İnformasiya Agentliyinin məlumatına görə, hüquq sahəsində ekspert Ələsgər Məmmədli bu gün Avropa Şurasının Bakı ofisi və Azərbaycanın Rabitə Nazirliyi tərəfindən təşkil edilmiş “İnternet və insan hüquqları” mövzusunda konfransda çıxış edərkən bildirib.
Məmmədlinin sözlərinə görə, mərkəzi icra hakimiyyəti orqanlarının saytlarında dərc edilməli olan 100% məlumatın cəmi 58%-i veb-resurslarda yerləşdirilir.
Bu zaman əsasən informasiya-sorğu xarakterli məlumatlar dərc olunur. Büdcə xərcləri, tenderlər və dövlət alqıları ilə bağlı məlumatlar isə internetdə yerləşdirilmir.
Yerli icra hakimiyyəti orqanlarının şəffaflığı cəmi 14% təşkil edir. İnternet azadlığı sahəsində digər bir problem kimi Məmmədli dövlətin provayder qurumları bazarında oyunçu kimi iştirakını göstərib. Belə olan halda dövlət yalnız öz provayderləri üçün əlverişli şərait yaradır. Bunun nəticəsi olaraq, yalnız dövlət provayderləri bütün ölkə ərazisində internet xidmətlərini tam əhatə etmək imkanına malikdir.
Ə.Məmmədli qeyd edib ki, dövlət yalnız tənzimləyici olmalı və bütün oyunçular üçün bərabər şərait yaratmalıdır. O, məmurların və hakimiyyətyönlü ekspertlərin internetdə hüquqazidd əməllərə görə cəzanı daha da sərtləşdirmək təkliflərini əsassız adlandırıb.
“Əlavə tədbirlərə ehtiyac yoxdur, belə ki, KİV-də pozuntulara və sui-istifadələrə görə məsuliyyət internetə də şamil edilib. İnternetdə təhqirə və böhtana qarşı yalnız cəza tədbirləri ilə mübarizə aparmaq qeyri-mümkündür. İctimai qınaq, qeyri-etik şərhlərdən istifadənin yolverilməzliyi, qaydaları pozanlara bu cür əməllərin yanlış olduğunun bildirilməsi mexanizmləri işə salınmalıdır”.