İcra hakimiyyəti Müqabil Baxışovun intiharı ilə əlaqəsi olmadığını deyir

“İntiharın Laçın Rayon Təhsil Şöbəsinin müdiri ilə də heç bir bağlığı yoxdur”

Source: Specify Source


“İntiharın Laçın Rayon Təhsil Şöbəsinin müdiri ilə də heç bir bağlığı yoxdur”

“Müqabil Baxışovun özünü intihar etməsinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Laçın Rayon Təhsil Şöbəsinin müdiri ilə heç bir bağlığı yoxdur”.

Laçın Rayon İcra Hakimiyyətinin yaydığı açıqlamada belə deyilir.

Bildirilir ki, dekabrın 7-də bir sıra xəbər portallarında yerləşdirilmiş “İcra başçısının təzyiqi altında intihar” , “Laçın Rayon Təhsil Şöbəsinin keçmiş işçisi icra başçısının təhdidlərinə görə özünü asdı” və digər başlıqlı

yazılarda

Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Laçın Rayon Təhsil Şöbəsinin müdiri barəsində qeyd olunanlar heç bir fakta əsaslanmır:

“Müqabil Baxış oğlu Baxışov 1972-ci ildə Laçın rayonunun Şeylanlı kəndində anadan olub. Əmək fəaliyyətinə Laçın rayonunun Şeylanlı kənd 2 nömrəli tam orta məktəbində tarix müəllimi kimi başlayıb. 2008-ci il fevralın 1-dən 2012-ci il iyunun 5-dək Laçın Rayon Təhsil şöbəsində metodist, məsləhətçi vəzifələrində işləyib. 2012-ci il iyunun 5-də öz ərizəsinə əsasən, onunla bağlanmış əmək müqaviləsi ləğv edilib. O, 2013-cü il iyunun 20-də yenidən Laçın Rayon Təhsil Şöbəsində vakant olan metodist vəzifəsinə təyin edilib. Həmin vəzifədə işlədiyi dövrdə (01.05.2014-cü il tarixdən 03.11.2014-cü il tarixədək) öncədən demədən işə gəlməyib. Buna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə, müqaviləsi ləğv edilib. Üstəlik, o, 2012-ci ildə sərxoş vəziyyətdə “Aqroinvest” Kredit İttifaqının Ağcabədi filialına gedərək filialın müdirini söyüb, təhqir edib. Ona xəsarət yetirib. 300 manat məbləğində maddi ziyan vurub”.

İcra Hakimiyyəti bildirir ki, hətta 2012-ci il oktyabın 31-də Müqabil Baxışov Ağcabədi Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə 3 il şərti cəzaya məhkum olunub və bir sıra dələduzluq hərəkətlərinə görə Laçın Rayon Məhkəməsinin 2017-ci il martın 2-də çıxardığı qətnaməsi ilə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilib:

“Üstəlik, o, bu hərəkətlərinə görə 4 il müddətinə azadlıqdan məhrum edilib. Xəzər Rayon Məhkəməsinin 2018-ci il yanvarın 31-də çıxardığı hökmü ilə müddətdən əvvəl azadlığa buraxılıb. Müqabil Baxışov həbsdən azad olunandan sonra Laçın Rayon İcra Hakimiyyətinə müraciət edib. İşlə təmin olunmasını xahiş edib. Onun məhkum edildiyi və məhkəmə hökmündə 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunması nəzərə alınaraq, o, özünüməşğulluq proqramına cəlb olunub. Kiçik biznes qurmaq üçün ona 21 (iyirmi bir) baş xırdabuynuzlu heyvanlar verilib. Buna baxmayaraq, o, təhsil sahəsində işlə təmin olunmasını təkidlə tələb edib. Rayon İcra Hakimiyyəti başçısı, başçının müavinləri və aidiyyəti şöbə müdirləri tərəfindən dəfələrlə qəbul edilib. Onun təhsil sahəsində işlə təmin olunması məsələsinin müəllimlərin işə qəbulu qaydalarına əsasən, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müsabiqədə vasitəsilə mümkünlüyü dəfələrlə izah edilib. Lakin, o, bundan sonra Laçın rayonunun Ağcabədi rayonunun Taxta Körpü ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən birində direktor müavini vəzifəsinə təyin olunmasını təkidlə tələb edib”.

Sonda qeyd edilir ki, Müqabil Baxışov bununla bağlı da dəfələrlə Rayon İcra Hakimiyyətinə və Rayon Təhsil Şöbəsində qəbul edilmiş, pedaqoji işçilərin işə qəbulunun Təhsil Nazirliyi tərəfindən təşkil olunan müsabiqədə iştirak etməklə həyata keçirildiyi ona ətraflı izah olunub:

“Bununla əlaqədar bildiririk ki, Müqabil Baxışovun intihar etməsinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Laçın Rayon Təhsil Şöbəsinin müdiri ilə heç bir bağlığı yoxdur”.

Laçın rayonundan məcburi köçkün olan Müqabil Baxışovun intihar etdiyi bildirilir. Sosial şəbəkələrdə yaxınları onun Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin və Təhsil Şöbəsinin müdiri Nicat Həsənovanın təhdidləri ilə üzləşdikdən sonra özünü asdığını yazıblar.

Yaxınlarının sözlərinə görə, Müqabil Baxışov məktub yazaraq təhdidlərə məruz qaldığı üçün intihar edəcəyini bildirib. Həmçinin məktubunda onun intiharına səbəb olanların cəzalandırılmasını istəyib.

M.Baxışov sonuncu dəfə dekabrın 6-da səhər saatlarında özünün “Facebook” hesabından paylaşım edərək, Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Bayram oğlu Həsənovu tənqid edib.

Dekabrın 5-də isə canlı yayım edərək Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlidən danışıb. O, Aqil Nəzərlinin ali təhsil ala bilmədiyini, Təfəkkür Universitetindən saxta diplom aldığını iddia edib, bunu təsdiqləyən faktları sadaladığı üçün təhdidə məruz qaldığını deyib. M.Baxışov onu da deyib ki, Aqil Nəzərli sidik saxlaya bilməməsi səbəbi ilə hərbi xidmətdən yayınıb.

Ana səhifəXəbərlərİcra hakimiyyəti Müqabil Baxışovun intiharı ilə əlaqəsi olmadığını deyir