“İcra hakimiyyəti ilə zəlzələ bölgəsi üzrə qərargahın yollarında qalmışıq”

“Noyabrın 15-də gəlməli idilər, gözləyirəm, heç bir xəbər-ətər yoxdur”

Source: Specify Source


Ağsu sakini zəlzələdən zərər görmüş evini təmir etmədiklərini deyir

“1918-ci ilin martında ermənilər Ağsuda da qətliamlar törədib, evləri yandırıb, insanları öldürüblər. Bu da ermənilərin 101 il əvvəl yandırdığı evlərdəndir. Rəhmətlik qayınatam bu evdə 90 il yaşayıb. O, İkinci Dünya Müharibəsinin iştirakçısı olub, çoxlu sayda medalları vardı. Əlil idi, evi əməlli-başlı tikmək imkanı olmayıb. Sonra da oğlu, yəni mənim həyat yoldaşım, gənc yaşlarında avtomobil qəzası keçirdi, ayağına mil qoyuldu. Əlqərəz, vaxtında imkanımız olmadı ki, evi yenidən düz-əməlli inşa edək”.

Ağsu şəhəri, Heydər Əliyev küçəsi 73 ünvanında yaşayan Nəzakət Abdullayeva Faiq qızı Meydan TV-yə açıqlamasında belə deyir. Söyləyir ki, 2019-cu il fevralın əvvəlində baş verən zəlzələdə yaşadıqları evin divarlarında dərin çatlar yaranıb:

“Zəlzələdən sonra evin neçə yeri partladı. Kürsüsüz tikilidir, yağış yağanda, evin içinə həm damdan, həm də həyətdən su axır. Ağsu Rayon İcra Hakimiyyətinə, həmçinin Fövqəladə Hallar Nazirliyinin zəlzələ bölgəsi üzrə qərargahına müraciət etdik. Bir dəfə gəlib baxıblar, iki kisə sement, bir vedrə emulsiya qoyub getmişdilər. Bir müddətdən sonra gəlib, qoyduqlarını götürüb birdəfəlik getdilər. Ər-arvad köhnə damın altında yaşayırıq, şikayətimizə baxan, maraqlanan yoxdur. Bu ilin martından bu yana icra hakimiyyəti ilə zəlzələ bölgəsi üzrə qərargahın yollarında qalmışıq”.

image_from_ios (2).jpg
“Kürsüsüz tikilidir, yağış yağanda, evin içinə həm damdan, həm də həyətdən su axır”.

Şikayətçi söyləyir ki, ən son müraciəti zamanı evlərində yenidən baxış keçiriləcəyinə dair vəd verilib. Amma yenə də heç bir nəticəsi olmayıb:

“Yeni icra başçısı Vahid Tağıyevin qəbulunda olmuşam. O, mənə söz verdi, dedi ki, Fövqəladə Hallar Nazirliyinin zəlzələ bölgəsi üzrə qərargahına get, sənin evinə təkrar baxış keçirib, yenidən tikəcəklər. Getdim, qərargahda qeydiyyatımı apardılar. Qərargah rəisi Həsən Qasımzadənin yanında oldum, dərdimi dedim. O da cavabında bildirdi ki, arxayın olun, gəlib, evinizdə baxış keçirəcəyik. Noyabrın 15-də gəlməli idilər, gözləyirəm, heç bir xəbər-ətər yoxdur. İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Mirəli Qurbanov özü də demişdi ki, bu ev bərbad vəziyyətdədir.

Prezident İlham Əliyev indiyə kimi 7 milyon manat ayırıb, amma yeddi milyonluq ev tikməyiblər. Biz də Prezidentimizdən, Birinci-vitse prezidentdən xahiş edirik ki, evimizə baxış keçirilsin, ədaləti qərar verilsin, sökülüb yenisi tikilsin. Malikanəsi olan adamlara ikinci evi tikirlər, amma bizim evlərə baxan yoxdur”.

Ağsu Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Cavanşir Nəsibov Meydan TV-yə deyib ki, bu ilin əvvəlində baş verən zəlzələ zamanı Ağsuda qəza vəziyyətinə düşən ev olmayıb:

“Şamaxı isə seysmik ərazidir, bura ilə arasında kəskin fərq var. Orada ev dağılıbsa, Ağsuda uzaqbaşı divara çat düşə bilər. Ağsuda 16 minə qədər ev var. Hamı istəyir ki, ona havayı ev tikib versinlər. Prezident ayırdığı pulla demir ki, Ağsuda yaşayan 80 min əhalinin hamısı yeni mənzilə köçsün.

image_from_ios (4).jpg
“İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Mirəli Qurbanov özü də demişdi ki, bu ev bərbad vəziyyətdədir”

İcra Hakimiyyətinin əlavə fondu yoxdur ki, kiməsə ev tiksin. Əlimizdən gələni etməyə çalışırıq, amma camaat heç cür başa düşmək istəmir. Çalışırlar ki, nəsə qoparsınlar. Evinin divarı çatlayıb, deyirsən ki, yaxşı, al, bu 50-100 manatı çatı doldur. Deyir ki, yox, filankəsə mənzil tikmisiz, mənə də ev istəyirəm. Ağsuda çox vətəndaş bel, lom götürüb evini dağıtdı ki, guya zəlzələdə olub. Mən razıyam, 50-60 il öncə tikilən köhnə evlər var. Amma bunu zəlzələ ilə əlaqələndirmək düzgün deyil. Ümumiyyətlə, kərpic evlərə zəlzələ zamanı heç bir ziyan dəymir. Daş evdə çatlar yarana bilər, kərpicdə isə əksinə, birləşmə gedir”.

Ağsu Rayon İcra Hakimiyyətinin Memarlıq və inşaat şöbəsinin müdiri Mirəli Qurbanov bundan öncə Meydan TV-yə bildirmişdi ki, rayon üzrə ümumilikdə 2104 evin təmir, bərpa və tikintisi nəzərdə tutulub. İndiyədək 642 ev hazır olaraq təhvil verilib. Onun təxminlərinə görə, tikinti işləri gələn ilin sonlarına kimi davam etdiriləcək.

Ölkə başçısının sərəncamına əsasən, indiyədək dövlət büdcəsindən təbii fəlakətdən zərər görmüş rayonlara ümumilikdə 7 milyon manat ayrılıb.

image_from_ios (3).jpg
“Evinin divarı çatlayıb, deyirsən ki, yaxşı, al, bu 50-100 manatı çatı doldur”
Ana səhifəBölgə“İcra hakimiyyəti ilə zəlzələ bölgəsi üzrə qərargahın yollarında qalmışıq”