”İcra deyir, 10 min manat ver, evini tik” (VİDEO)

Firdovsi Osmanov 5 nəfərlik ailə üzvü ilə bir evdə qalır. Evin mətbəxi də, tualeti də bir otağın içindədir. Yeni avtovağzalın yaxınlığında yaşayan sakin həyətində özünə yer eləyib, mətbəxi, tualeti bayıra çıxarmaq istəyir. Amma tikməyə icazə vermirlər. Hər dəfə qolunu çirmələyəndə Metropolitendən, İcra Hakimiyyətindən, 40-cı polis bölməsindən gəlirlər ki, bu evlər köçürüləcək, tikmək olmaz. Amma nə köçürürlər, nə də tikintiyə icazə verirlər.

Evlərin sənədi yoxdur.  Burada yaşayan Zərgül Əliyeva deyir ki, tikililərin hamısı su xəttinin üstündə yerləşir. Onun mağazası da su xəttinin üstünə düşüb. Xətdə baş verən nasazlığı aradan qaldırmaq üçün su idarəsi mağazanın divarını sökməyə qərar verib. Qadın bunun qarşılığında kompensasiya və ya sökülən divarın yenidən tikilməsini istəsə də, istəklərinin nəzərə alınmayacağını deyiblər.

Zərgül Əliyeva övladı üçün həyətində ev tikib. Təzəlikcə övladını evə yerləşdirib ki, icra hakimiyyətindən gəlib evi söküblər. ” Deyirəm, niyə uçurub dağıdırsan ? Deyir, gəl icazə al. Deyirəm, icazəni necə alım?! Burada yaşayan heç kimin sənədi yoxdur. Dörd mərtəbəli binalar qalxır burada. Deyir, burada hamı “hesabını” verir. Hər mərtəbəsinə 10 min manat verib tikir. Sən də gətir 10 min manat ver, tik.Bax, ona görə də qalmışam belə…”

Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayev bildirir ki, Xocahəsən qəsəbəsində depo tikilir. Depoya gedən yeraltı tunelin bir hissəsi Avtovağzal stansiyasının yanından keçir. Buna görə də tikinti ərazisinə düşən evlərin sahiblərinə kirayə ev tutmaq üçün kompensasiya verilir və tikinti bitəndə onlar evlərinə qaytarılır. O, ərazidəki evlərin köçürülməyəcəyini bildirir.

Binəqədi rayon İcra Hakimiyyəti suallarımıza cavab vermədi.

Sakinlər deyir ki, qəsəbənin yolunu, kanalizasiya, su xəttini özləri çəkiblər. Amma onların təmir etdiyi yolu hər dəfə söküb, təzədən yamayırlar.

Ana səhifəVideo”İcra deyir, 10 min manat ver, evini tik” (VİDEO)