İcra başçısının qardaşının ölümündə öz oğlu şübhəli bilinir

Foto: Meydan.TV

18 yaşlı Azər Qaraşov təqsirləndirilən şəxs qismində cəlb olunub

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun ölümünün intihar və ya silahla ehtiyatsız davranış olmadığı, onun oğlu tərəfindən qətlə yetirilməsi haqda iddialar rəsmi şəkildə təsdiqlənib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Azər Qaraşovun oğlu Azay Qaraşov ov tüfəngiylə atasını qətlə yetirməsinə şübhələr yaranıb. Prosesin gedişində 18 yaşlı Azər Qaraşov təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb. Məhkəmənin qərarıyla onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Meydan TV-nin əldə etdiyi məlumata görə, hadisə yerində araşdırma aparan hüquq-mühafizə orqanları əməkdaşlarının diqqətini olayın baş verdiyi otaqda tavandakı güllə yeri çəkib.

“İntihar edən adam tavana güllə atmaz. Belə bir qənaət yaranır ki, bu otaqda adamlar əlbəyaxa olub, atılan güllələrdən biri tavana dəyib. Ona görə dindirmələr aparılıb. Azay Qaraşov iyulun 27-dən 28-nə keçən gecə saat 3-4 radələrində hadisəni törətdiyini etiraf edib”, – prokurorluqdakı mənbə bildirib.

Bu cinayət işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

Hadisə iyulun 26-da Kürdəmir rayonunun Pirəköcə kəndində Azər Qaraşovun yaşadığı evdə baş verib.

Hadisədən sonra mediada yayılan ilkin məlumatlarda Azər Qaraşovun özünə qəsd etdiyi iddia olunurdu. Lənkəran Rayon İcra Hakimiyyətindən isə bildirilmişdi ki, hadisə Azər Qaraşovun odlu silahla ehtiyatsız davranması nəticəsində baş verib.

Ana səhifəSosialİcra başçısının qardaşının ölümündə öz oğlu şübhəli bilinir