”Oğlumun maşınından silah və yaxud narkotik vasitə çıxa biləcəyini bildirdilər”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və onunla birlikdə təqsirlndirilən şəxslərin cinayət işi üzrə zərərçəkmişlər arasında Xəzər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini olmuş Ələkbər Heydərov da var.
Meydan TV-nin məlumatına görə, Ə. Heydərov istintaq zamanı ifadə verib. 2001-ci ildən 2013-cü ilədək Xəzər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsində işləyən Ə. Heydərovun sözlərinə görə, 2011-ci ilin may ayında MTN-ə çağrılıb:
“Orada bir otağa apardılar. Adını bilmədiyim 2-3 nəfər MTN əməkdaşı icra başçısının müavini olduğum müddətdə saxta sərəncam verdiyimi bildirdilər. Onlara sərəncam verməyə səlahiyyətimin olmadığını bildirdim. Dedim ki, həmin saxta sənədi təqdim etsinlər. Həmin şəxslər konkret olaraq kimin barəsində saxta sərəncam verdiyimi bildirməsələr də, ümumi şəkildə danışdılar. Daha sonra hansısa vətəndaşa məxsus torpaq sahəsini başqa şəxsə satmağımı, 1990-cı illərə aid bir neçə sərəncamın sürətini göstərdilər. Mənim də həmin sənədlərə adiyyatım olmadığını bildirdim, buna dair izahat yazdım”.
İcra başçısını müavini qeyd edib ki, onu sorğu-sual edən şəxslərin vəzifəsi və adlarını bilməyib:
“Söhbət zamanı Abşeron rayon İcra Hakimiyyəti başçısının müavinini də bir müddət əvvəl dəvət etdiklərini, onun da etdiyi cinayəti etiraf etmədiyini, və məsuliyyətdən azad edilmək üçün pul verməsinə dair razılaşdıqlarını, ancaq aradan çıxdıqdan sonra onları aldadaraq dediyi məbləğı gətirmədiyini, daha sonra həmin şəxsin narkotik vasitələrin qaçaqmalçılığı ilə həbs etdiklərini bildirdilər”.
Ələkbər Heydərov bildirib ki, sonra ona rəisin onu görmək istədilərini deyiblər:
“Məni həmin mərtəbədə başqa bir otağa apardılar. Otaqda polkovnik və ya polkovnik-leytenant rütbəli şəxsin oturduğunu, sonradan həmin şəxsin İlqar Əliyev olduğunu xatırlayıram. İlqar Əliyevin otağına daxil olandan sonra digər əməkdaşlar otaqdan çıxdılar. Əvvəlcə İlqar Əliyev bildirdi ki, MTN-ə sabiq nazir Eldar Mahmudova məruzə olunmaqla çağırılmışam. O, saxta sərəncam verməklə torpaq sahələri satdığımı bildirdi. Mən buna etiraz etdim, bu məsələyə adiyyatım olmadığını dedim. Həmin suallar üzrə bir neçə dəqiqə yenidən söhbət etdik”.
İcra başçısının müavini daha sonra göstərib ki, sonra İlqar Əliyev MTN-nin Antiterror Mərkəzinin səlahiyyətləri, oraya girənin onların icazəsi olmadan çıxa bilmədiyini, onun başqa vasitə ilə həbs olunacağı ilə hədə-qorxu gəlib: “Mənə cavan oğlumun olmasını dedi. Onun siqaret çəkib-çəkmədiyini, silahının olub-olmamasını soruşdu. Oğlumun maşınından silah və yaxud narkotik vasitə çıxa biləcəyini bildirdi, özümdən çox oğlumu nəzərə almağımı söylədi. İlqar Əliyevin bu sözündən həyacanlandım. Həqiqətən də onların istədikləri formada məni və ya ailə üzvlərimi şərləyə biləcəklərini düşündüm. Ancaq onların məhz məni çağırmalarının səbəbini, məndən konkret nəyin istənildiyini bilmədim”.
İcra başçısının müavininin sözlərinə görə, daha sonra İlqar Əliyev əli ilə 5 rəqəmini göstərib, 500.000 manat verməyini bildirib:
“Həmin məbləği düzəldə bilməyəcəyimi, imkanımın olmadığını dedim. Bu zaman İlqar Əliyev mənə hörmət etdiyini bildirdi. O, bir kağız parçasına 300.000 manat yazdı, yekun rəqəm olduğunu, həmin pulu növbəti gün gətirməyimi bildirdi. Söhbət zamanı İlqarın həmçinin həmin pulun hamısının ona çatmadığını, pulun böyük hissəsinin əsasən nazir və idarə rəisinə çatdığını, ona az miqdarda pul qalacağını bildirdi. Bir gün ərzində həmin məbləği düzəldə bilməyəcəyimi söylədim. Ondan mənə vaxt verməsini xahiş etdim. İlqar Əliyev pulu bir həftə sonra, saat 3-də gətirməyimi dedi, bu barədə də heç kəsə məlumat verməməyimi tapşırdı. Mən də İlqarla razılaşdıqdan sonra oradan çıxdım”.
Ələkbər Heydərovun sözlərinə görə, qardaşı Abasəli ilə məsləhətləşdikdən sonra MTN-nin çox təhlükəli qurum olduğunu, İlqar Əliyevin ziddyyətinə getsə, özünə və oğluna şər ataraq həbs edəcəklərini düşünüb:
“Buna görə də razılaşdığım məbləği toplamağa başladım. Qardaşım və oğlumun dostlarından borc almaqla 300.000 manatı topladım, bir həftə sonra MTN-nin əsas qapısına gəldim. Orada İlqar Əliyevin yanına gəldiyimi bildirdim. Bir nəfər adını bilmədiyim şəxs mənə yaxınlaşaraq İlqar Əliyevin xidməti otağına apardı. Otaqda özüm ilə gətirdiyim 300.000 manatı İlqar Əliyevin özünə verdim. Pulu verən zaman otaqda başqa şəxs olmayıb”.
Ələkbər Heydərov əlavə edib ki, oğlu Aydına borc pul vermiş dostunun kim olmasını özü ifadəsində dəqiq göstərə bilər. Onun sözlərinə görə, İlqar Əliyevin ona qarşı qanunsuz hərəkətlər etməklə, 300.000 manat alması barədə qorxusundan heç bir hüquq-mühafizə və başqa dövlət qurumuna şikayət etməyib:
“Həmin dövrdə MTN-dən şikayət etməyimin heç bir mənası yox idi. Çünki İlqar Əliyevə heç bir şeyi sübut edə bilməzdim”.
Təqsirləndirilən şəxs qismində ifadə verən Elçin Quliyev Ələkbər Heydərovu tanımadığını, onu MTN-ə çağırılımasını xatırlamadığını bildirib.
Antiterror Mərkəzinin rəis müavini olmuş və həbs edilmiş İlqar Əliyev isə həbs olunduqdan sonra intihar edib.