İcra başçısının müavini dələduzluğa görə məhkəmədə dindirildi

“Məni buna Şahmar İbadov məcbur edib”

Source:
Şahmar İbadov
Şahmar İbadov


“Məni buna Şahmar İbadov məcbur edib”

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov dekabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, gözdən əlillər üçün tikilmiş binada mənzillərin verilməsilə bağlı 6.5 milyon manatlıq dələduzluq işi üzrə ifadə verib.

Bu cinayət işi üzrə həbs olunan üç nəfərdən biri, Yomətdin Şıxəliyev icra hakimiyyətinin hüquq şöbəsinin müdiri olub. Digər iki nəfər isə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, bu qurumun əməkdaşı Hikmət Şükürovdur.

İş üzrə 177 nəfər zərərçəkmiş var, onlara ümumilikdə 6.5 milyon manat ziyan dəyib. Bu məhkəmə prosesi 2018-ci ilin fevralından davam edir.

İttihamda yazılıb ki, Faiq Yusifov küçəsi 196 ünvanında inşa olunan binadan ev almaq vədi ilə adamlardan 50-60 min arası pul alınıb. Onlar icra hakimiyyətində mənzil növbəsinə götürülüb. 2015-ci ilin dekabrında bina istifadəyə veriləndə onlar aldadıldıqlarını başa düşüb, şikayət etməyə başlayıblar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə ittiham irəli sürülüb.

Yomətdin Şıxəliyev ifadəsində bildirib ki, işlərə onu gözdən əlilliyi olmayan, inşa edilən binada mənzil almaq üçün şərtlərə cavab verməyən adamların qeydiyyata salınması öz təşəbbüsü olmayıb, onu buna icra başçısının birinci müavini Şahmar İbadov məcbur edib, sənədləri də onun təzyiqi ilə imzalayıb.

Ş.İbadov həm də icra hakimiyyətində imtiyazlı ailələr üçün mənzil növbəsini müəyyənləşdirən komissiyanın sədri olub. Ş.İbadov məhkəmədə şahid qismində dindirilərkən bildirib ki, komissiyanın sədri olsa da, o, sənədləşmə məsələlərini həyata keçirməyib. Onun sözlərinə görə, sənədləşmə işinə hüquq şöbəsi baxıb.

Hakim icra başçısının müavininə deyib ki, mənzil üçün qeydiyyata götürülənlərin çoxu heç bir əlilliyi olmayan şəxslərdir. Əksəriyyətinin evi də var. Zərərçəkənlər məhkəmədə deyib ki, onlardan pul alınıb, qeydiyyata götürülüb.

İcra başçısının müavini isə bildirib ki, pul məsələsindən xəbərsizdir.

Əlilliyi olmayan şəxslərin hansı əsasla gözdən əlillər üçün tikilən binaya mənzil növbəsinə salınması barədə də hakimin sualına cavab verə bilməyən Ş.İbadov deyib ki, bunu hüquq şöbəsinin müdiri bilər.

Hüquq şöbəsinin sabiq müdiri, təqsirləndirilən Y.Şıxəliyev icra başçısının müavininin bütün məsuliyyəti onun üzərinə atmasından narazı qalıb. Deyib ki, Ş.İbadov elə danışır, sanki bütün işləri o görüb: “Halbuki, mən orada yalnız sənədləri aparıb-gətirən adam olmuşam”.

Y.Şıxəliyev bu hadisələrdən sonra səhhətində problem yarandığını da söyləyib.

Sabiq şöbə müdiri onu bu işlərə Ş.İbadovun məcbur etməsi barədə əvvəl verdiyi ifadəsini yenə təsdiqləyib. İcra başçısının müavini isə deyib ki, heç kimi heç nəyə məcbur etməyib.

Bu cinayət işi üzrə daha bir nəfər axtarışdadır. O, vətəndaşlarla icra hakimiyyəti və Gözdən Əlillər Cəmiyyəti arasında vasitəçilik etmiş makler Məzahir Nəsirovdur. Onun hazırda Almaniyada olduğu bildirilir.

Gözdən Əlillər Cəmiyyətinin sədri, təqsirləndirilən Səmyar Abdullayev də ifadəsində onu ittiham edib. Bildirib ki, pullar M.Nəsirova çatıb.

M.Nəsirov isə video-müraciət yayaraq, pulların Gözdən Əlillər Cəmiyyətinə, əsasən də Nərimanov Rayon İcra Hakimiyyətinə çatdığını bildirib: “İcra hakimiyyəti də öz növbəsində nazirliklə Bakı şəhər İcra Hakimiyyətinə verib. Hansına nə qədər verilib, özləri bilir. Mən də zərərçəkənlərə qoşuluram. Adamları bu günə qoymaq olmaz. İcra hakimiyyətinin başqa qazanc yeri yoxdur? Camaatı aldatmağın nə mənası var? Ya camaatın pulunu qaytarın, ya da evini verin. Mən adamların aldadıldığını biləndən sonra bir həftə ərzində bura qaçıb gəlib sığınacaq almışam”.

Ana səhifəXəbərlərİcra başçısının müavini dələduzluğa görə məhkəmədə dindirildi