Şəmkirli sakin: “Onu bu işə təyin edənlər ilk gündən hansı hoqqalardan çıxdığını əla bilirdilər”
Şəmkirdə sabiq icra başçısı Alimpaşa Məmmədova məxsus maral fermasının olduğu bildirilir.
Yerli media
yazır
ki, həmin fermanın hektarlarla ərazisi var. Fermadakı maralların sayı əvvəllər çox olub, ancaq hazırda 30-dan artıq deyil.
Xəbərdə bildirilir ki, hazırda maral ferması olan yer əvvəllər Şəmkirin Kür qəsəbəsində Camış ferması kimi tanınırmış. Alimpaşa Məmmədov icra başçısı gələndən sonra burada ferma yaradıb. Ərazidə marallar üçün müxtəlif uzunluqda iki tövlə tikdirib.
Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədov aprelin 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs edilib.
Aprelin 29-da onun həbsi ilə bağlı yayılan məlumatda
bildirilir
ki, Şəmkirin Çinarlı bələdiyyəsinin təsis etdiyi, 2 milyon 844 min manat əmlakı olan "Çinarlı Qəsəbə" MMC-nin payları onun oğlu Adil Adilzadəyə və tabeçiliyində fəaliyyət göstərən şəxslərə məxsus "Şəmkir Səbət Ticarət Mərkəzi" MMC-yə cəmi 40 manata satılıb.
Bu zaman keçmiş başçının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə şübhə yarandığı bildirilir: "…967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan "Abad Şəmkir" MMC-nin paylarını Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin edib xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməsinə şübhələr müəyyən edilib".
Açıqlamada rüşvətlə bağlı şübhələr olduğu da bildirilir. Deyilir ki, Alimpaşa Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlardan alınan vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb:
"Alimpaşa Məmmədov Azərbaycan Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib".
Nəticədə Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Adının açıqlanmasını istəməyən, sahibkarlıqla məşğul olan bir Şəmkir rayon sakini Meydan TV-yə deyib ki, az qala rayonun yarısı icra başçısının olub:
“Balıqyetişdirmə müəssisəsi, məşhur “Azforel” onun idi. Bunu bilməyən yoxdur. Sonra parnikləri vardı. Hətta öz parniklərinə şərait yaratmaq üçün qış aylarında kəndlərdə qazı zəiflədirdi. Bunu da hamı bilib. Ondan şikayətçi insanlar daim mediaya çıxıb, şikayətlər ediblər. Gəldiyi gündən hər şeyi olub, heç nə yeni deyil. İndi görünür kiminsə ayağını “tapdayıb”, ona görə də nəyi varsa yavaş-yavaş tökürlər ortaya. Onu bu işə təyin edənlər ilk gündən hansı hoqqalardan çıxdığını əla bilirdilər. Heç nə deməyək, bir dənə Alimpaşa Məmmədovun adını internetdə axtarış verəndə hər şey çıxır. Daha DTX-nın burada xüsusi əməliyyat aparmasına, vaxt sərf etməsinə ehtiyac yox idi”.
Alimpaşa Məmmədov 2014-cü ildən bu vəzifəni tuturdu. Daha əvvəl vergi orqanlarında müxtəlif vəzifələrdə çalışıb.