İcra başçısının istintaqı yekunlaşıb

Onların işinə Məhəmməd Bağırovun sədrliyilə, Dadaş İmanov və Nural Əliyevdən ibarət hakimlər heyəti baxacaq.

Source: google.az


Cinayət işi məhkəmə baxışına göndərilib

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışarkən öz kabinetində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Nizaməddin Quliyevin işi üzrə istintaq başa çatıb. Həm sabiq icra başçısı, həm də onunla birlikdə həbs olunan birinci müavini Ramiz Tatarovun işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Onların işinə Məhəmməd Bağırovun sədrliyilə, Dadaş İmanov və Nural Əliyevdən ibarət hakimlər heyəti baxacaq.

Ötən il dekabrın 20-dən DTX-nın istintaq təcridxanasında saxlanılan sabiq icra başçısı yanvarın 19-da birinci müavini ilə birlikdə məhkəmə qarşısına çıxarılacaq. Onlar külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə ittiham olunurlar.

66 yaşlı N.Quliyev Goranboy rayonunda anadan olub. O, 2009-2019-cu illərdə Goranboyun icra başçısı vəzifəsində çalışıb. 2019-cu ilin aprelində Goranboydan Ağstafaya eyni vəzifəyə göndərilib. Dekabr ayında isə iş yerində tutulub. DTX onun necə saxlandığını əks etdirən videogörüntülər yayıb.

Prezident İlham Əliyev 2014-cü ildə N.Quliyevi Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edib.

N.Quliyevin oğullarından biri Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində müstəntiq, digəri isə Nəsimanov Rayon Məhkəməsində hakim işləyirdi. Bu olaydan sonra müstəntiq oğlu işdən azad edildi. İdarə rəhbərliyi onun öz ərizəsilə işdən çıxması barədə açıqlama vermişdi.

Ramin Quliyevin adı Nərimanov Rayon Məhkəməsinin hakimləri siyahısında qalsa da, onun faktiki işləmədiyi, bir ildir ki, heç bir işə baxmadığı bildirilir.

İcra başçılarının həbs dalğası ötən ilin dekabrında N.Quliyevlə başladı. Ondan sonra Yevlax, Neftçala, Biləsuvar, İmişli, Kürdəmir və Cəlilabad rayonlarının icra başçıları da həbs olundu

Ana səhifəSiyasətİcra başçısının istintaqı yekunlaşıb