Fərid Qəribov

Mənbə: Meydan TV

Başlıq: Fərid Qəribov

İcra başçısının həbs etdirmək istədiyi hüquqşünas: Fikirləşdim ki, ay Allah, mən hara düşmüşəm?

Məqalə yeniləndi:  11 Avqust 2020

Hüquqşünas polis şöbəsində təhqir olunduğunu, telefonuna girib adından “Facebook”da paylaşım edildiyini deyir

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev onun var-dövləti, həyat tərzi, rayonda yeyintilər, əhalinin su problemi, torpaqların zəbt olunması və s. haqda sosial mediada yazan hüquqşünas Fərid Qəribovu həbs etdirmək istəyir. İcra başçısı F.Qəribovun cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırıb. Balakən Rayon Məhkəməsində hakim Zamin Talıbov bu işə baxacaq.

İcra başçısı iddia edir ki, Fərid Qəribov ona böhtan atıb, şərəf və ləyaqətini ləkələyib. Ona görə də Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edir.

Balakən şəhərinin sakini olan 1989-cu il təvəllüdlü Fərid Qəribov isə bildirir ki, o, icra başçısını nə təhqir edib, nə də böhtan atıb, onun Balakənin icra başçısı olduğu 9 il ərzindəki fəaliyyətini təhlil edib:

“Balakəndə başçının fəaliyyəti də, adamların acınacaqlı vəziyyəti də göz önündədir. Mənim məhkəmədə iddia qaldırmasından xəbərim yox idi. Ərizədən görünür ki, iyulun 27-də məhkəməyə şikayət olunub, mənə isə bunu avqustun 11-də xəbər verdilər”.

Fərid Qəribovun Meydan TV-yə bildirdiyinə görə, iyulun 24-də “Facebook” hesabında icra başçısı haqqında yazdığı fikirlərdən sonra həm özü, həm də ailə üzvləri müxtəlif formada təzyiqlərə məruz qalıb. Onun sözlərinə görə, özü Balakən Rayon Polis Şöbəsinə çağrılaraq, orada kobud rəftarla üzləşib, telefonuna müdaxilə edilib, atasını işdən çıxarıblar.

Fərid Qəribov istirahət mərkəzində işləyir. Onun sözlərinə görə, icra başçısı haqqında paylaşımından sonra iş yerinə mülki geyimli polislər gəlib, onu polis şöbəsinə aparıblar: “Mülki geyimlilərdən birini tanıyırdım deyə, çağırış vərəqəsi istəmədim, onlarla getdim. Dedilər ki, rəis məni görmək istəyir, sözü var. Düzü, heç ağlına gəlməzdi ki, icra başçısı haqda yazdıqlarıma görə ola bilər. Çünki icra başçısı vəzifəli şəxsdir, onun şikayətinə prokurorluq orqanları baxa bilər. Şöbədə növbətçi hissədə telefonumu aldılar, kod verdilər. Üçüncü mərtəbədə Orxan adlı baş leytenantın otağına apardılar. Dərhal kobudluğa başladı ki, “sən müxalifətçisən, beləsən, eləsən”. Başa salmır ki, söhbət nədən gedir. Özüm də anlamıram. Axı polis haqqında heç nə yazmamışdım. Sonra Anar adlı rəis müavininin otağına gətirdilər. Onun ifadə tərzini, davranışı görəndə fikirləşdim ki, ay Allah, mən hara düşmüşəm? Otağa daxil olmuşam, mənə deyir, düz dayan. Deyirəm, axı düz dayanmışam. Qayıtdı ki, “sənə deyirəm, düz dayan, düdük. Sən müxalifətçisən? Bezmişik belə işlərin əlindən”. Dedim ki, nə müxalifətçi? Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. İkincisi, müxalifətçi də olsam, insan deyilik? Məni niyə təhqir edirsiz? Neyləmişəm? Dedi ki, “icra başçısını təhqir eləmisən”. Dedim, təhqir yox, tənqid eləmişəm. Bir az orada gözlədib, sonra polis rəisinin otağına apardılar. Orada da dedi ki, “Orduxanlardan bezmişdik, indi sizinlə məşğul olmalıyıq?” Orada gördüm ki, icra başçısıyla mütəmadi əlaqədədilər”.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev

Mənbə: http://balaken-ih.gov.az/news/719.html

Fərid Qəribovun sözlərinə görə, onu yenə rəis müavininin kabinetinə qaytarıblar. Növbətçi hissədən telefonunu da alıb gətiriblər: “Mənim telefonumda kod yoxdur. Gördüm ki, telefonuma müdaxilə edirlər. Deyirəm, orada mənim şəxsi fotolarım, yazışmalarım, ailəmə aid məlumatlar var. Sizə kim ixtiyar verib mənim telefonuma girməyə? Telefonumda “Facebook” hesabıma daxil olub, hamısını sildilər. Yazdılar ki, guya başçı ilə görüşdük, başçı çox yaxşı adamdı. Mən polis şöbəsinin içində ola-ola yazıblar ki, başçı ilə görüşdüm. Çıxan kimi o statusu sildim”.

Fərid Qəribov bildirir ki, bunun ardınca da atasını 42 il çalışdığı işindən uzaqlaşdırıblar. Onun sözlərinə görə, atası Qarabağ müharibəsinin iştirakçısı olub. Nə bunu, nə pandemiya dövrünü, nə də təqaüdə çıxmasına cəmi 11 ay qalmasını nəzərə almadan, atasını ərizə yazmağa məcbur edib, işdən çıxarıblar: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çağırıb, işdən çıxarıblar. Atam orada Nərminə xanım var, ona deyib ki, 11 ayım qalıb, 42 il bu dövlətə xidmət eləmişəm. O da qayıdıb ki, “siz bilirsiz nələr eləyirsiz orada”. Atam Prezident Administrasiyasına, Əmək və əhalinin sosial müdafiə nazirinə və digər dövlət orqanlarına şikayət edib”.

Fərid Qəribov əlavə edib ki, rayonda icra başçısından narazılıqlar çoxdur. O da müxtəlif təzyiq vasitələri ilə onların narazılıqlarını boğmağa çalışır: “Məni müxalifətçi çıxara bilmədilər, çünki YAP-ın üzvüyəm. Bu hadisələr baş verəndə Prezidentin rayona səfəri ərəfəsi idi. Polislərə şəkillərimi paylamışdılar ki, harda görsələr, məni saxlasınlar”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Meydan TV-yə deyib ki, polis heç kimi təhqir etmir:

“Əgər vətəndaş icra başçısını tənqid edibsə, icra başçısı da hüquqi yolla cavabını verməlidir. Polis həmişə vətəndaşların hüququnu, asayişi qoruyur. Heç vaxt kimisə təhqir etmir”.

iddia ərizəsi

iddia ərizəsi

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  11 Avqust 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/2j4a24

Ən çox baxılan