İcra başçısına qarşı bir milyonluq rüşvət iddiası

Əhliman Süleymanovun atası bəyan edir: “Əgər günahı oğlumun boynuna qoysalar, özümü Prezident Administrasiyasının qarşısında yandıracam”

Source:


Əhliman Süleymanovun atası bəyan edir: “Əgər günahı oğlumun boynuna qoysalar, özümü Prezident Administrasiyasının qarşısında yandıracam”

Aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun 1998-ci il təvəllüdlü oğlu İlham Əsgərlinin növbəti məhkəmə prosesi keçirilib.

“Azadlıq” qəzetinin prosesdə iştirak edən əməkdaşının məlumatına görə, söhbət ötən il sentyabrın 29-da baş vermiş və “Mc Donald’s”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümünə səbəb olmuş yol qəzası üzrə məhkəmə prosesindən gedir.

İlham Əsgərlinin idarə etdiyi “Mercedes S500” markalı avtomobil Zığ-aeroport yolunda Əhliman Süleymanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşub. Həmin vaxt İlham Əsgərlinin sürücüsü Pərvin Fətullayev də maşında olub. Qəza nəticəsində İlham Əsgərli özü və Pərvin Fətullayev xəsarət alıb, Sənan Mirzəyev isə dünyasını dəyişib. İlham Əsgərli ilə yanaşı, Əhliman Süleymanov da təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb. Onların hər ikisinin barəsində məhkəmə hökm verənə qədər ev dustaqlığı qətimkan tədbiri seçilib.

Prosesdə sənədlərin tədqiqi mərhələsi başlanıb.

İlham Əsgərlinin vəkili Bəylər Məmişov vəsatət qaldırıb ki, təkrar yol-nəqliyyat ekspertizası keçirilsin. Dövlət ittihamçısı bu vəsatəti müdafiə edib.

Baş verən hadisədə dünyasını dəyişən Sənan Mirzəyevin atası, “Mc Donald’s”ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyev buna sərt reaksiya verib:

“Qərar vermişdim ki, məhkəmə mütləq özümün iştirakımla keçirilsin. İndi görürəm ki, nə qədər düzgün qərar vermişəm. Mənim burda əsas sualım Asif müəllimədir (icra başçısı Asif Əsgərov – red.). Amma görünür, buralar onun səviyyəsinə uyğun deyil…

Kiminsə lotuluğu, avtoşluğu, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməsi mənim uşağımı əlimdən aldı. İlham Əsgərlinin vəkili deyir ki, jurnalistlərin məhkəmədən yazması müdafiə etdiyi ailənin nüfuzuna zərbə vurub. Bəs bunların mənim ailəmə vurduğu zərbə necə olsun? Əgər burda işə obyektiv baxılmasa, yerli və beynəlxalq medianı toplayıb mətbuat konfransı keçirəcəm və orda Asif müəllimin yanıma gələrək nə dediyini də açıqlayacam. Asif müəllim demişdi ki, bilsəydim proses cinayət işinə, ekspertizaya gedib çıxacaq, başqa cür hərəkət edərdim. Görünür, indi başqa cür hərəkət etmək istəyir. Mən təkrar ekspertizaya qəti etiraz edirəm”.

Digər təqsirləndirilən Əhliman Süleymanovun vəkili İlqar Musayev də vəsatətin rədd edilməsini istəyib. Bildirib ki, Maqsud Mirzəyevin fikirləri ilə birmənalı şəkildə razıdır. “Bura gətirdiyiniz yalançı şahidlərin ifadəsi kimi, bir dənə də yalançı rəy alınacaq. Ekspertiza keçirilməsi o demək olacaq ki, Əhliman qandallanıb dəmir barmaqlıqlar arxasına salınacaq”, – deyə o qeyd edib.

Etirazlara baxmayaraq, məhkəmə təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatəti təmin edib. Proses qeyri-müəyyən vaxta – təkrar ekspertiza rəyi hazır olana qədər təxirə salınıb.

Maqsud Mirzəyev qərara etiraz edib. O, üzünü dövlət ittihamçısına tutaraq: “Mən yaxşı bilirəm ki, Asif Əsgərov oğlunu məsuliyyətdən yayındırmaq üçün 1 milyon pul verib. İndi hər şey də ona uyğun gedir…” deyib və məhkəmə zalını tərk edib.

Əhliman Süleymanovun atası da qərara etirazını bildirib. O, bəyan edib ki, əgər icra başçısının oğlunu məsuliyyətdən yayındırmaq üçün günahı onun oğlunun boynuna qoysalar, özünü Prezident Administrasiyasının qarşısında yandıracaq.

Ötən proseslərdə Ilham Əsgərli ifadə verərək, deyib ki, qarşıda gedən “Howo”nu ötmək istəyərkən, yük maşını qəfildən sağa dönüb və bu səbəbdən hadisə baş verib. Onun sözlərinə görə, həmin yerdə dəmir maneələr götürülərək, qanunsuz dönmək üçün imkan yaradılıb və yük maşını da oradan dönmək istəyib.

Əhliman Süleymanov isə icra başçısının oğlunun dediklərini təkzib edib. Deyib ki, həmin vaxt şirkətə məxsus üç yük maşını bir-birinin ardınca hərəkət edib: “Mənim arxamca Nurlanın, onun arxasınca isə Ayazın sürdüyü maşın gəlirdi. Mənim qarşımda da bir ”ZIL” gedirdi. Mən yolun sağı ilə 50-60 km. sürətlə gedirdim. Qarşımdakı “ZIL”i keçmək üçün işıqları yandırıb, sola çıxırdım. Bu vaxt arxadan sürətlə gələn “Mercedes”in “marqat” eləyib, yol istədiyini gördüm. Yenidən “povarotnik”i sağa yandırdım ki, sağa çıxıb ona yol verim. Həmin vaxt avtomobil mənim maşınımın arxa sağ təkərinə çırpıldı. Mənim sağda guya, hansısa keçiddən dönmək istədiyim barədə deyilənlər doğru deyil”.

Əhliman Süleymanov onu da qeyd edib ki, “Mercedes” saatda təxminən 180-200-lə hərəkət edirmiş: “O qədər böyük sürət vardı ki, zərbədən mənim sürdüyüm 15 tonluq yük maşınını qaldırıb, yol kənarındakı dəmirləri sındırmaqla qumsallığa tulladı.

Məhkəmə iclasında şahid ifadələri də dinlənilib. Şahid ifadələrindən də məlum olub ki, Ilham Əsgərlinin idarə etdiyi avtomobil çox yüksək sürətlə hərəkət edirmiş. Həmçinin şahidlər Təcili Tibbi Yardımın hadisə yerinə gec gəldiyini bildiriblər.

“Mən gələndə yaralıları çıxarmışdılar. Biri lap ağır idi. Təcili Yardım gec gəldiyi üçün yaralıları özümüz maşına qoyaraq, xəstəxanaya aparmaq istəsək də, polislər icazə vermədi, dedilər ki, təcili yardımı gözləməliyik”, – deyə yük maşınlarının məxsus olduğu şirkətin rəhbəri, qəzadan dərhal sonra hadisə yerinə gəlmiş Nizami Aslanov məhkəmədə bildirib.

Hadisə baş verərkən Əhliman Süleymanovun idarə etdiyi avtomobilin arxasınca hərəkət edən iş yoldaşı Nurlan Məmmədov ifadəsində göstərib ki, qəza baş verərkən “Mercedes” saatda təxminən 180-200 km. sürətlə gedirdi: “Mən Əhlimanın arxasınca gedirdim. Aramızda təxminən 50 metr məsafə olardı. Əhlimanın qarşısında isə ”ZIL” gedirdi. Əhliman onu ötmək üçün işıqları yandırıb sola çıxdı. Bu zaman arxadan sürətlə gələn “Mercedes” “marqat” eləyib yol istədi. Həmin vaxt “Mercedes” məndən də təxminən 200 metr arxada olardı. Bunu görən Əhliman yenidən sağ yola qayıdıb ona yol vermək istədi. “Mercedes” o qədər sürətlə gəlirdi ki, məndən də 200 metr arxada olan maşın bir neçə saniyənin içində Əhlimana çatıb, sağ tərəfdən ötmək istəyəndə yük maşınının sağ arxa təkərinə çırpıldı. Təsəvvür edin, “Mercedes” yük maşınını bir tərəfi üstə hava qaldırıb, yol kənarındakı dəmirləri sındırmaqla qumsallığa atdı. Özü isə arxası dəmirə tərəf qalxıb qaldı. “Mercedes”in mühərrik hissəsində yanğın başladı. Mənim maşınımda su vardı, töküb birtəhər söndürdük. Sonra yaralıları çıxardıq. Sürücü tərəfdən qapı açılmadı. Sürücünün yanında əyləşmiş cavan uşağın vəziyyəti lap ağır idi. Birinci onu çıxartdıq, sonra arxadan bir dolu oğlanı çıxartdıq. Təcili yardım gec gəldi – təxminən 40 dəqiqəyə. Birinci gələn təcili yardım vəziyyəti ağır olanı apardı, ikinci gələn həmin o dolu oğlanı. Daha sonra qara rəngli bir avtomobil gəldi və sürücünü o apardı”.

Sözügedən qəzada oğlunu itirmiş Maqsud Mirzəyevlə şahid arasında bu yerdə belə bir sual cavab olub:


– Sürücünü aparan nə maşın idi?

– Deyəsən, “Hyundai” idi.


– Hökumət maşını idi? Seriyası “AA” idi?

– Bəli.

Maqsud Mirzəyev ötən məhkəmə iclaslarında da Asif Əsgərlinin yaxınlarının hadisədən sonra onun oğluna fərqli münasibət göstərməsindən gileylənmişdi. Onun sözlərinə görə, Ilham Əsgərli və sürücüsü əvvəlcə Kliniki Tibbi Mərkəzə (“Semaşko”), oradan da Istanbula aparılıb. Amma onun oğlu Sabunçu Xəstəxanasına aparılıb və orada da baxımsız, kimsəsiz vəziyyətdə qalıb. Hadisə zamanı Nyu-Yorkda olmuş Maqsud Mirzəyevi narazı salan da məhz budur.

Ana səhifəXəbərlərİcra başçısına qarşı bir milyonluq rüşvət iddiası