İcra başçısı yaşla əlaqədar istefa verdiyini bildirib

Fazil Mustafa: “Gənc-yaşlı yox, faydalı və faydasız məsələsi qoyulmalıdır”

Source: Demokratik.az

Prezident İlham Əliyevin yaşı 70-i keçmiş məmurların könüllü istefaları barədə sözlərindən sonra yerli media bir sıra rayonlarda icra hakimiyyəti başçılarının vəzifələrini tərk edəcəkləri barədə məlumatlar yaydı.



Yenisabah.az

” saytı Xaçmaz rayonunun icra başçısı, 81 yaşlı Şəmsəddin Xanbabayevin istefa verdiyini bildirib. Sayt Ş.Xanbabayevin səsyazısını yayaraq, onun könüllü olaraq vəzifədən getməsini yazıb.

Şəmsəddin Xanbabayev ölkədə ciddi islahatlar getdiyini və prezidentin çağırışına səs verdiyini bildirib:

“Belə də olmalıdır. Hər halda bunlar ölkədəki vəziyyəti, gedən inkişafı başa düşməlidirlər. Şübhəsiz ki, gənc nəsil daha yaxşı, yeni ideyalarla işləyəcək. Ona görə də bu çoxdan lazım idi. Mən bunu çox yüksək qəbul edirəm”.

Şəmsəddin Xanbabayevin sözlərinə görə, artıq istefa ərizəsini təqdim edib. O, bundan sonra vaxtını nəvələrilə keçirəcəyini deyib.

Şəmsəddin Xanbabayev 2004-cü ilin oktyabrından bu vəzifəni tuturdu.

“Sonxeber.az” saytı Samux və Zaqatala rayonlarının icra hakimiyyətlərinin başçıları Alı Qocayev və Mübariz Əhmədzadənin 72 yaşda olduqlarını yazıb.

Azərbaycanda pensiya yaşı 65-dir. Bunu nəzərə alaraq yaşı 65-70 olan icra başçılarının siyahısını təqdim edirik:

– Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev (69),

– Hacıqabul rayonu İcra Hakimiyyətinin başçıs Əhməd Muxtarov (68),

– Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov (66),

– İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov (69),

– Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov (67),

– Masallı Rayon İcra Başçısı Hüseynov Rafil (66),

– Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev (65),

– Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov (65).

Bununla belə bu cür yanaşmanı sosializm yarışına bənzədənlər də var.

Deputat Fazil Mustafa Meydan TV-yə deyib ki, sosializmin içindən gələn cəmiyyət olduğumuza görə yarışın müəyyən prinsipləri də yaşamaqdadır.

“Əslində, insanlar özləri işləyə bilməyəndə bunu nəzərə alıb, dünyada sivil format olan istefa mədəniyyətini göstərməlidirlər”, – deputat deyib.

Fazil Mustafa başqa bir narahatlığını da bölüşüb:

“Yaşlı nəsli əvəz edən gənclərin də içindən keyfiyyətli kadrların seçilməsi bir qədər problemlidir. Ona görə bir qrup gənc sırasından seçilənlər də özlərini doğrultmurlar. Bu baxımdan gənc-yaşlı yox, faydalı və faydasız məsələsi qoyulmalıdır. İşləmək keyfiyyəti və peşəkarlığı olan kadrlara diqqət artırılmalıdır. Yaşlı insanların üzərinə bu formada gedilməsi doğru deyil. Yaşlı, keyfiyyətli kadrlar varsa, niyə də işləməsin? Müəllimlər var ki, 65 yaşından təqaüdə göndərilir. Əgər peşəkar müəllimdirsə, onun 5 il də çox işləməsinin nə ziyanı var? Ona görə bu məsələyə fərdi yanaşılmalıdır. Ümumi kampaniya keçirilməsi doğru deyil”, – Fazil Mustafa deyib

Ana səhifəSiyasətİcra başçısı yaşla əlaqədar istefa verdiyini bildirib