İcra başçısı jurnalist Əfqan Sadıqova qarşı şikayətini geri götürüb

Jurnalistin üzərindən ittihamların biri götürülüb

Source:
Baş redaktor Əfqan Sadıqov
Baş redaktor Əfqan Sadıqov


Jurnalistin üzərindən ittihamların biri götürülüb

Cəlilabad rayonunun keçmiş, Yasamal rayonunun hazırkı icra hakimiyyəti başçısı Əziz Əzizov azel.tv saytının təsisçisi və redaktoru, hazırda həbsdə olan Əfqan Sadıqova qarşı xüsusi ittiham qaydasında şikayətini geri götürüb.

Meydan TV-yə bu barədə Əfqan Sadıqovun vəkili Elçin Sadıqov bildirib.

Vəkilin sözlərinə görə mayın 11-də Cəlilabad Rayon Məhkəməsində icra başçısının jurnalistə qarşı şikayətinə baxılıb. Proses zamanı ittihamçı tərəfin nümayəndəsi xüsusi ittiham qaydasında şikayəti geri götürdüklərini bildirib.

E.Sadıqov söyləyib ki, Cəlilabad Rayon Məhkəməsi bunu nəzərə alaraq şikayətlə bağlı icraata xitam verilməsi haqda qərar qəbul edib.

“Azel.tv” saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı ilin noyabrın 22-də saxlanıb. Ona CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü.

İttiham Cəlilabad Rayon İcra Hakimiyyətinin xanım işçilərindən biri ilə bağlı idi. İddia edilirdi ki, ötən ilin avqustunda jurnalistlə həmin xanım arasında insident baş verib. Jurnalistin xanıma yönəlik xuliqanlıq əməlinə yol verdiyi, ona xəsarət yetirdiyi iddia olunur.

Məhkəmə prosesi zamanı jurnalist və onun müdafiəçiləri ittihamın qurama olduğunu açıqlamışdılar. Məhkəmə prosesi zamanı insidentin baş verdiyi icra hakimiyyəti binasındakı müşahidə kameralarının görüntüləri də istənilmişdi. Ancaq məhkəmə bunu təmin etməmişdi.

Cəlilabad Rayon Məhkəməsi ittihamı təsdiqləmiş, yanvarın 12-də Ə.Sadıqovu 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. Ə.Sadıqovun adı hüquq müdafiəçilərinin tərtib etdiyi “siyasi məhbus” siyahısına daxil edilib.

Ana səhifəXəbərlərİcra başçısı jurnalist Əfqan Sadıqova qarşı şikayətini geri götürüb