“İcra başçısı ilə təhsil şöbəsinin müdiri istintaqa mane olurlar”

“Qardaşımın yeddi mərasimindən sonra Bakıya gəldik, Prezident Adminstrasiyasında olduq, şikayətimizi bildirdik”.

Source: Meydan TV


“Keçmiş icra başçısı pul təklif etdi ki, şikayətçi olmayaq”

“Qardaşımı intihara sürüklədikləri bəs etmir, qanını batırmaq istəyirlər. Laçının icra başçısı Aqil Nəzərli ilə rayonun təhsil şöbəsinin müdiri Nicat Həsənov bizə təzyiq göstərir, hədə-qorxu gəlir. Müxtəlif yollarla istintaqa mane olmağa çalışırlar”.

Bu sözləri

Meydan TV

-yə 2019-cu il dekabrın 6-da intihar edən Laçın rayonundan olan məcburi köçkün Müqabil Baxışovun qardaşı Ünsiyyət Baxışov deyir.

Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yaşayan şikayətçi söyləyir ki, qardaşının ölümündən sonra Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb. Bir müddət sonra isə cinayət işi Ağcabədi Rayon Prokurorluğundan alınıb, hazırda Bakı Şəhər Ağır Cinayətlərdə aparılır:

“Qardaşımın yeddi mərasimindən sonra Bakıya gəldik, Prezident Adminstrasiyasında olduq, şikayətimizi bildirdik. Bundan sonra iş alınaraq, Bakı Şəhər Ağır Cinayətlərə həvalə olundu.

Təhsil şöbəsinin müdiri Nicat Həsənov dəvət olunub, izahat alınıb. Aqil Nəzərli isə dindirilməyə çağırılmayıb. Soruşanda deyirlər ki, onun toxunulmazlığı var. Əgər sən bir insanı ölüm həddinə çatdırmısansa, nə toxunulmazlıq? Biz bununla bağlı Baş Prokurorluqda, Prezident Adminstrasiyasında olmuşuq. Qanun hamı üçün eynidir, biz də bu dövlətin vətəndaşıyıq. Düşünürəm ki, bu ölkədə bütün insanların hüquqları bərabərdir.

Qardaşım ölümündən öncə dəfələrlə sosial şəbəkələrdə canlı yayım edib, Aqil Nəzərli ilə Nicat Həsənovun onun başına olmazın işlərini açdğını desə də, buna məhəl qoyan olmadı. İndi yeganə xahişimiz odur ki, Prezidentə səsimiz çatsın. Hazırda Laçın Rayon İcra başçısı Aqil Nəzərli və onun qardaşı Müqabil Nəzərli, Təhsil müdiri Nicat Həsənovla qardaşı maliyyə şöbəsinin müdiri Vüsal Həsənov tərəfindən təqib olunur, hədələrə məruz qalırıq”.

__nsiyy__t_bax____ov.jpg
Ünsiyyət Baxışov

“Qardaşım hələ 2012-ci ildə keçmiş Laçın Rayon İcra başçısı tərəfindən şərlənmişdi. Ağcabədi Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə 3 il vermişdilər. Qurtardıq, qoymadıq yatsın, cəzasını şərti çəkdi. Bunda sonra onu işdən azad etdilər. O vaxtdan iş tələb edirdi”, – Ünsiyyət Baxışov deyir.

Şikayətçi iddia edir ki, hazırkı icra başçısı da Müqabil Baxışova qarşı qərəzli mövqedə olub. Onun dəfələrlə icra hakimiyyətinə gedərək, iş istəməsi tələblərinə məhəl qoymayıb:

“İcra başçısı Aqil Nəzərli 2016-cı ildə vəzifəyə təyin olundu. O da həminki vəziyyət kimi qardaşımı şərlədi. Laçın Rayon Məhkəməsi 178.2.2-ci (dələduzluq) və 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələri ilə təqsirli bilinərək 4 il müddətində azadlıqdan məhrum etdi. Üstəlik, 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olundu. Bir il, bir ay yatandan sonra, Prezidentin fərmanına əsasən qardaşım həbsdən azadlığa buraxıldı. Bundan sonra nə qədər istəsə də, cəza çəkdiyi üçün ona iş vermədilər. İcra başçısı Aqil Nəzərlidən nə qədər xahiş etdik ki, qardaşıma iş verin, məhəl qoymadı. Düz, iki ilə yaxın bu durum davam etdi. Ölkə başçısına və aidiyyatı qurumlara dəfələrlə müraciət etdi, ancaq qardaşıma iş vermədilər”.

Şikayətçinin dediyinə görə, ötən il Təhsil naziri Ceyhun Bayramov rayonda olarkən mərhum Müqabil Baxışov onunla görüşüb. Nazirdən işlə təmin olunmasını istəyib:

“Görüşdən sonra rəsmiləşdirilmişdi ki, qısa müddətdə Ağcabədi rayonu, Taxta Körpü qəsəbə tam orta məktəbində təsərrüfat işləri üzrə müavin yerinə vakansiya olacaq, qardaşım həmin vəzifəyə təyin edilsin. Vakansiya olanda qardaşıma həmin işi vermədilər.

Son zamanlar iş istəyəndə ölümlə, ailə-uşağı ilə hədə-qorxu gəlirdilər. Aqil Nəzərli və Nicat Həsənov qardaşımı təhdid edirdilər ki, səni növbəti həbslər gözləyir.

2019-cu il noyabrın 6-da icra başçısının qəbulunda oldu, mən də orada idim. Aqil Nəzərli qardaşıma konkret olaraq dedi ki, mən başcı olduğum müddətdə sən işlə təmin olunmayacaqsan. Səbəbini soruşanda, bildirdi ki, haqqımda yuxarı orqanlara yazmısan ki, guya mənim diplomum saxtadır, hərbi xidmətdə olmamışam. Qardaşım da “iş vermirsən, çox sağ ol”,- deyib, qapıdan çıxdı. İcra Hakimiyyətinin həyətində üstünə benzin töküb, özünü yandırmaq istədi. Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının köməkliyi ilə intiharın qarşısı alındı. Bunu görən Aqil Nəzərli qardaşımı təkrar otağına dəvət etdi. Amma eyni sözləri yenə dedi ki, belə aqressiv olduğun müddət ərzində sənə iş verilməyəcək. Hətta dedi ki, təkrar ittihamlara əl atsa, onu təhqir etsə, yenə həbs olunacaq.

m__qabil_bax____ovun___l__m__nd__n___nc____yazd_______m__ktubu.jpg
Müqabil Baxışovun məktubu

Dekabrın 4-də qardaşım bir daha icra başçısının və təhsil müdirinin qəbulunda oldu, yenə nəticəsi olmadı. Dekabrın 5-də o, sosial şəbəkə vasitəsilə canlı yayım açaraq, ölkə prezidentinə müraciət etdi ki, işlə bağlı saysız-hesabsız müraciətlərimə baxılmır. Bildirdi ki, məni intihar həddinə çatdırıblar. Ardınca, yəni dekabrın 6-da intihar etdi. Məktub yazmışdı ki, intiharımın doğmalarımla heç bir əlaqəsi yoxdur. Aqil Nəzərli ilə Nicat Həsənovun əlindən intihar edirəm”.

Ünsiyyət Baxışov iddia edir ki, qardaşının ölümündən sonra Laçın rayonun keçmiş icra başçısı Ramiz Cəbrayılov onun ailəsi ilə telefon əlaqəsi quraraq, hazırkı icra başçısı Aqil Nəzərliyə qarşı ittihamlarını geri götürməyi tövsiyə edib:

“Ramiz Cəbrayılov qardaşımın 3 mərasimində atama zəng edib, danışdı. Telefonda nə dedisə atam onu təhqir etdi. Sonra telefonu alıb, mən danışığı davam etdirdim, soruşdum ki, kimsiniz? Dedi ki, Ramiz Cəbrayılovdur, mən telefonu bağladım. Təkrar yığdı, dedi ki, mənim əvəzimdən atan Baxışın və ananın əlindən öpərsən, adımdan başsağlığı verərsən. Çəkil kənara, sənə sözüm var. Dedi ki, Ünsiyyət, məndən olsa şikayət etməzsiniz, səni yaxşı oğlan bilirəm. Sənə də tövsiyəm budur ki, nə qədər pul lazımdırsa, verim, şikayət etməyin. Soruşdu ki, qardaşına görə nə qədər pul istəyirsiniz? 100 min manata yaxın pul təklif etdi ki, şikayətçi olmayaq. Ondan soruşdum ki, sən qardaşımın qanını batırmaq istəyirsən? Sonra ona olmazın sözlərini deyib telefonu bağladım. Aqil Nəzərli ilə Ramiz Cəbrayılovun yaxın qohumluq əlaqəsi var. Həmin telefon danışığı ilə bağlı Ağır Cinayətlərə məlumat vermişəm. Danışıqlar “Azercell” tərəfindən çıxarılıb”.

2007-2013-cü illərdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı olmuş Ramiz Cəbrayılov Meydan TV-yə açıqlamasında hazırkı icra başçısı ilə heç bir qohumluq əlaqəsinin olmadığını söyləyib. Qarşı tərəfin ittihamlarını böhtan adlandırıb:

“Nəinki Aqil Nəzərli, ümumiyyətlə, Taxta Körpü ərazisindən bir nəfər də olsun qohumum yoxdur. Ünsiyyət Baxışovun rəhmətlik qardaşı Müqabillə mən yaxşı olmuşam, ona hörmətim keçib. Ünsiyyət özü mənə zəng etmişdi. Qardaşının qırxının nə vaxt olacağını soruşdum, dedi ki, ayın 15-dədir. Başsağlığı verdim, dedim ki, çalışıb gələcəyəm. Başa düşmürəm, bu şər-böhtan nə ilə bağlıdır? Mənim ona heç 10 qəpik verməyə imkanım yoxdur. Hətta milyonum da olsa, ona 10 qəpik də vermərəm. Hələ o qədər də ağlımı itirməmişəm. Müasir Azərbaycanda yaşayırıq, istintaq orqanı deyiləm ki, kiməsə təsir göstərim. Ölənə Allah rəhmət etsin, mənim nə işimə qalıb? Ölüm işinə kiminsə şikayətçi olmasından asılı olmayaraq, istintaq sonadək getməlidir. Bu, küçə, yaxud ailə davası deyil ki, şikayəti geri götürəsən. Bu, ölüm işidir, kiminsə mövqeyindən asılı olmayaraq istintaq sonadək getməlidir. Onu məhkəməyə verərəm. Sübut etməlidir ki, mən ona pul təklif etmişəm. Ya səs yazısı ortaya qoymalıdır, ya da şahid göstərməlidir ki, 100 min manat pul təklif edilib”.

m__qabil_bax____ovun___l__m__nd__n___nc___o__luna_yazd_______m__ktubu.jpg
Müqabil Baxışovun məktubu

Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov Meydan TV-yə “Bu məsələnin təhsil şöbəsinə heç bir aidiyyatı yoxdur. Bizim tərəfimizdən də onlara qarşı heç bir təhdid olunmur”, – deyib.

Laçın Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Pərviz Sevdimalıyev Meydan TV-yə bildirib ki, şikayətçinin söylədikləri heç bir fakta əsaslanmır və tamamilə yalandır:

“Müqabil Baxışov həbsdən azad olunandan sonra Laçın Rayon İcra Hakimiyyətinə müraciət edərək işlə təmin olunmasını xahiş etmişdi. Mərhumun məhkəmə hökmündə 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilmişdi. Bu, nəzərə alınaraq o, Özünüməşğulluq Proqramına cəlb olunmuşdu. Kiçik biznesini qurmaq üçün Özünüməşğulluq Proqramı çərçivəsində ona dövlət tərəfindən 2018-ci ildə iyirmi bir baş xırdabuynuzlu heyvanlar verilmişdi. Bununla belə o, təhsil sahəsində işlə təmin olunmasını təkidlə tələb edirdi. Laçın rayonunun Ağcabədi rayonunun Taxta Körpü ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən birində direktor müavini vəzifəsinə təyin olunmasını istəyirdi. Biz ona dəfələrlə işə qəbulun Təhsil Nazirliyi tərəfindən təşkil olunan müsabiqədə iştirak etməklə həyata keçirildiyini ətraflı izah etmişdik. Müqabil Baxışovun intihar etməsinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Təhsil Şöbəsinin müdiri ilə heç bir əlaqəsi yoxdur”.

Müqabil Baxış 2008-ci ildən təhsil sahəsində fasilələrlə, tarix müəllimi, metodist kimi çalışıb. 2014-cü ildə yol verdiyi nöqsanlara görə işdən uzaqlaşdırılıb.

Ana səhifəBölgə“İcra başçısı ilə təhsil şöbəsinin müdiri istintaqa mane olurlar”