Alimpaşa Məmmədov DTX əməkdaşlarının nəzarəti altında məhkəməyə gətirilib
Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Aprelin 28-də Səbail Rayon Məhkəməsində onun haqqında qərar çıxarılıb.
Sabiq icra başçısı məhkəməyə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının nəzarəti altında gətirilib. Ona qarşı Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.
Alimpaşa Məmmədov aprelin 26-da DTX-nın Şəmkir Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində şübhəli şəxs qismində saxlanılaraq, Bakıya gətirilib. Bir gün sonra – aprelin 27-də prezident onun icra başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Aprelin 28-də isə ona bir neçə maddə ilə ittiham elan edilib və həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılıb .
Alimpaşa Məmmədov 2014-cü ilin oktyabrından həbs olunana qədər Şəmkirin icra başçısı vəzifəsində çalışıb. Bundan əvvəl isə o, vergi orqanlarında müxtəlif vəzifələrdə işləyib.
Alimpaşa Məmmədovla yanaşı, onun birinci müavini olmuş Vurğun Əkbərov, icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev və bir sıra başqa vəzifəlilərin də cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.
İcra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında Yevlax və Ağstafada başlayıb. Daha sonra Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad rayonlarında davam edib. Həbs olunan keçmiş icra başçılarından əksəriyyətinin işi üzrə istintaq yekunlaşıb. Onların işlərinə Gəncə, Şəki və Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır.