”İcra başçısı dedi ki, get dağın başında çadır qur, yaşa”

İsmayıllıda torpaq sürüşməsi nəticəsində 29 kənddə 184 ev qəzalı vəziyyətə düşüb

Source:


İsmayıllıda torpaq sürüşməsi nəticəsində 29 kənddə 184 ev qəzalı vəziyyətə düşüb

Son bir ayda İsmayıllıya yağıntının normadan artıq düşməsi səbəbindən rayonun Sədiyan və İstisu kəndlərində torpaq sürüşməsi yenidən aktivləşib.

Sədiyan kəndinin sakini Ağaəli Əliyev Meydan TV-yə bildirib ki, sürüşmə oktyabrın 17-si gecə saat 4-dən sonra başlayıb. Əvvəlcə həyətyanı sahəsində çat əmələ gəlib, axşamacan 1 metrədək sürüşmə olub:

“Növbəti günlər isə torpaq aralana-aralana getdi. Sürüşmə dağın döşündən başlayıb. Ən pis hissələri 300 metrlik ərazini əhatə edir. Həmin ərazi də mənim torpağıma düşür. Yaxşı ki, yağış kəsdi, sürüşmə dayandı. Yoxsa aşağıdakı 4-5 ev də təhlükəyə düşəcəkdi”.

Kasıba sevinmək də haramdı

Ağaəli Əliyev son 2 ilədək 4 övladı ilə kiçik, şəraitsiz daxmada yaşayırmış. Hazırda yaşadıqları evi yeni tikib, 1 il əvvəl köçüblər. Deyir, əvvəllər bu ərazidə sürüşmə olmayıb. Yoxsa illərlə qazandığını xərcləyib bu torpaqda ev tikməzdi:

“Atamdan qalan torpaqdı. İllərlə zülm çək, tik, suvaq vur, köç, sonra da evindən didərgin düş. Doğru deyirlər ki, kasıba sevinmək də haramdı. Min bir əziyyətlə tikdik. Axırı da belə oldu. Sürüşmənin səhərisi gün bələdiyyəyə müraciət etdim. Gəlib yoxladılar, dedilər:

“Lazımlı yerlərə xəbər verəcəyik”. İki gün gözlədim, heç kim gəlmədi. Ondan sonra icra hakimiyyətinə getdim. Girdim icra başçısının 1-ci müavini Rövşən Ağayevin qəbuluna. Vəziyyəti izah etdim. Yazılı müraciət etməyin lazım olduğunu dedi. Onu da etdim, bir gün sonra Fövqəladə Hallar Nazirliyinə də zəng edib məlumat verdim. Səhərisi gün Rövşən Ağayev və FHN-dən 1 nəfər gəldi. Baxdılar və getdilər. Sonra bizimlə maraqlanan olmadı”.

Gecələr uşaqları qohum-qonşu evinə göndərirdim

Ağaəli Əliyev deyir ki, bundan sonrakı 3 gün ərzində çatlar daha da böyüyüb, sürüşmə ərazisi genişlənib:

“Qorxudan gecələr uşaqları qohum-qonşu evinə göndərirdim. Tək qalırdım. Dözmədik, həyat yoldaşımla birgə bir dəfə də getdik icra hakimiyyətinə. Başçının qəbulunda olduq, dərdimizi danışdıq. Cavabı bu oldu: “Köç, başqa yerdə yaşa”. Dedim, imkanım yoxdu, hara gedim? Dedi: “Sizə çadır verək, get qur, yaşa içində”. Yoldaşım dözmədi, dedi: “Bütün həyətimiz sürüşmə zonasıdır. Çadırı harada quraq? İcra başçısı da cavab verdi ki, get dağın başında çadır qur, yaşa. Harda rahatdı orda, məni maraqlandırmır”. Kor-peşman evə qayıtdıq”.

Köç deyirlər, ancaq hara köçmək lazım olduğunu demirlər

Bir neçə gün sonra ailə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məktub alıb. Məktubda deyilir ki, yaşadıqları ev təhlükəlidir. Tövsiyə olunur ki, köçüb başqa yerdə yaşasınlar.

Ağaəli Əliyev isə deyir ki, elə hamı köç deyir, ancaq hara köçmək lazım olduğunu deyən yoxdur:

“Deyirlər, evinin sənədi yoxdur, sənə kömək edə bilmirik. Mən onlardan ev istəmirəm. Axı torpağın sənədi var. Heç olmasa, 3-4 sot torpaq versinlər, evi özüm tikim”.

Ağaəli Əliyev deyir ki, əvvəllər burada heç vaxt sürüşmə olmayıb. İllərlə yaşayış olub: “Bu il nəsə bir bəla idi başımıza gəldi. İndi də qorxu içindəyik. Hər yağış yağanda ürəyimiz əsir. Bütün günü torpaq daşıyıb həyətdəki çatları doldururam. Yardımçı tikililər, tövlə, hamısı çöküb”.

Tövləni tikmək üçün bankdan 910 manat kredit götürmüşəm

Əliyevlər ailəsi heyvan, arı saxlamaqla dolanır. Ağaəli Əliyev deyir ki, iş olanda fəhləlik də edir:

“Bir-iki mal-qaram var. Sosial yardım alıram. Arada da fəhləlik edirəm. Vəziyyətim əl vermir ki, gedib torpaq alım. İnanın, ev bir yana, tövləni tikmək üçün bankdan 910 manat kredit götürmüşəm. Hər ay 86 manat verirəm. Hələ 3 ayını ödəmişəm. Tövlə də çöküb. Dərdimizi kimə deyək?”

Birdəfəlik köçürülmə haqqında qərar qəbul edilməyib

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev Meydan TV-yə bildirib ki, həmin ailənin vəziyyətindən xəbərləri var. Onlara xəbərdarlıq edilib ki, sürüşmə prosesi dayanana kimi ailənin təhlükəsizliyinə görə ərazidən uzaqlaşsınlar:

“Amma onların həmin ərazidən birdəfəlik köçürülməsi haqqında qərar qəbul edilməyib. Ağaəli Əliyevə icra hakimiyyəti tərəfindən xəbərdarlıq edilmişdi ki, həmin ərazi sürüşmə zonasındadır, ev tikməsin. Ancaq o, kimsəni dinləmədi. Onu da deyim ki, sürüşmə zonası olsa da, evlərə heç bir xətər dəyməyib”.

Nazirlər Kabinetinin həmin ərazi ilə bağlı köçürülmə qərarı yoxdur

Rövşən Ağayev deyir ki, yenidən sürüşmə olub-olmaması barədə öncədən proqnoz vermək olmur. Odur ki, sürüşmə prosesi dayananadək onlara qohumlarının evlərində məskunlaşmaq tövsiyə olunur:

“Çünki Nazirlər Kabinetinin həmin ərazi ilə bağlı köçürülmə qərarı yoxdur. Gələcəkdə qərar olsa, həmin ailəni sürüşmə zonasında yaşayanlar kimi növbəyə alıb, torpaqla, evlə təmin etmək olar. Necə ki, əvvəlki illərdə sürüşmə zonasında yaşayan insanlar üçün ev tikintisi həyata keçirilirdi. Hələlik Ağaəli Əliyevin torpağı siyahıda yoxdur. Çünki ordakı sürüşmə hadisəsi izlənir”.

Qəzalı vəziyyətdə olan 184 ev var

Rövşən Ağayev onu da dedi ki, son illər İsmayıllıda torpaq sürüşməsi nəticəsində 29 kənddə 184 ev qəzalı vəziyyətə düşüb:

“Sürüşmə zonasında yerləşən 184 evdən 81-i tam qəzalı vəziyyətdədir, həmin evlərdən 7-si tamamilə dağılıb, 103 evin divarlarında isə iri çatlar əmələ gəldiyi üçün yaşayış üçün təhlükəlidir”.

Ölkə ərazisində torpaq sürüşməsi bu il oktyabrın ortalarındakı intensiv yağışlardan sonra daha da artıb.

Gədəbəydə, Şamaxıda, Lənkəran-Masallı zonasında, paytaxt Bakıda sürüşmələr çoxalıb.

Mütəxəssislər hesab edirlər ki, intensiv yağışlar torpaq sürüşməsini fəallaşdırsa da, meşələrdə ağacların kəsilməsi də sürüşməni sürətləndirən amillərdəndir.

Ana səhifəXəbərlər”İcra başçısı dedi ki, get dağın başında çadır qur, yaşa”